Seçiciləri ilə feysbukda danışan deputatlar - SORĞU


20:30     11 Fevral 2016 millet%20v7.jpg

“Feysbuk vasitəsilə seçicilərimin suallarını cavablandırıram”.


Milli Məclisə seçkilərin keçirilməsindən 3 ay keçib.

Görəsən, millət vəkilləri bu üç ay ərzində seçiciləri ilə görüş keçiribmi?

Femida.az bu sualla millət vəkillərinə müraciət edib.

60 saylı Salyan-Neftçala seçki dairəsindən millət vəkili seçilmiş Fəzail Ağamalı seçiciləri ilə sonuncu dəfə dünən görüşdüyünü bildirdi:

“Yanvar ayında unun qiymətinin qalxması ilə bağlı üç gün ərzində Salyan və Neftçala rayonlarında oldum və seçicilərimlə görüşlər keçirdim. Seçkilərdən bu günə qədər seçicilərimin yaşadığı kəndlərin demək olar ki, hamısında olmuşam. Onların problemləri ilə yaxından maraqlanıram. Seçicilərim əsasən yol problemlərinin həll olunmasını istəyir. Mən bu problemlərlə bağlı “Azəryolsevris”lə əlaqə saxladım. Onlar mənə söz verdilər ki, mart ayından etibarən yolların düzəldilməsinə başlanacaq. Seçicilərimlə sonuncu görüşü dünən keçirmişəm. Ümumiyyətlə, bu vaxta qədər üç dəfə Salyan və Neftçala rayonlarında seçicilərimlə görüş keçirmişəm. Bir sözlə, sistemli olaraq seçicilərimlə təmasdayam”.

İlk dəfə millət vəkili seçilmiş Elman Nəsirov son bir həftə ərzində iki dəfə seçiciləri ilə görüşdüyünü vurğuladı:

“Millət vəkili öz seçicilərinin problemləri ilə mütəmadi olaraq maraqlanmalı və onların problemlərinin həlli üçün var gücü ilə çalışmalıdır. Mən öz seçicilərimlə sıx ünsiyyət qura bilmişəm. Tez-tez onlarla Yeni Azərbaycan Partiyasının qərargahında görüşürəm. Mənim telefonlarım da daima açıqdır. Seçicilərimlə həm rayonda, həm də Milli Məclisdə görüşlərim olur. Son bir həftə ərzində iki dəfə Göyçay və Ağdaş rayonlarında seçicilərimlə görüş keçirmişəm. Görüşlər zamanı sonlarla sıx təmasım olur. Onların problemləri, şikayət və təklifləri ilə dərindən maraqlanıram. Çox şadam ki, seçicilərimlə görüş zamanı onlar artıq fərqi hiss etdiklərini vurğulayırlar. Mən seçicilərimdən, seçicilərim də məndən razıdır. Bu mənim üçün ən vacib məsələdir”.

Millət vəkili Vahid Əhmədov hər ay seçiciləri ilə görüşdüyünü dedi:

“11 ildir ki, millət vəkiliyəm. Mən ayda bir və ya iki dəfə seçicilərimlə görüş keçirirəm. Dekabr və yanvar aylarında görüşlərim olub. Gələn həftə də seçicilərimlə görüşüm gözlənilir”.

Millət vəkili Tahir Rzayev insanları kütləvi şəkildə yığıb onlara görüş keçirməyin tərəfdarı olmadığını bildirdi:

“Mütəmadi olaraq seçicilərimlə görüş keçirirəm. Mən seçicilərimləri kütləvi şəkildə bir yerə toplayıb onlarla görüş keçirmirəm. Düşünürəm ki, bu, effektiv ola bilməz. Ay ərzində iki, ya da üç dəfə rayonda oluram. Müxtəlif tədbirlərə gedirəm. Həmin tədbirlərdə seçicilərim də iştirak edir və mən onların problemləri ilə maraqlanıram. Mən tez-tez köməkçimdən sorusuram, kim hansı müraciəti göndərib. Sonra həmin müraciətləri sistemləşdirib müraciət ünvanlayan şəxslərlə şəxsən görüşürəm”.

Millət vəkili Musa Quliyev feysbuk vasitəsilə seçicilərinin problemləri ilə maraqlandığını qeyd etdi:

“Hər ay seçicilərimlə görüşmək üçün rayona gedirəm. Lakin seçicilərlə görüşün yeni formaları yaranıb. Feysbuk vasitəsilə onlara lazım olan köməyimi göstərirəm. Elektron poçt ünvanıma suallar gəlir. Bütün müraciətləri vaxtında cavablandırmağa çalışıram. Köməkçim rayonda olur və seçicilərimlə daima sıx ünsiyyətdədir”.

83 saylı Ağcabədi – Füzuli seçki dairəsindən millət vəkili seçilmiş Aqil Abbas seçkilərin keçirilməsindən bu günə qədər 20 dəfə seçiciləri ilə görüş keçirdiyini bildirdi:

“Üç ay ərzində seçicilərimlə 20 dəfə görüşmüşəm. Qəbul isə daha çox olub. Həm Füzulidə, həm Ağcabədidə, həm də Bakıda tez-tez çicilərimi qəbul edirəm”.

Ceyhun Əhmədli

Açar sözlər:

Oxunub: 4465