XX əsrin mirası: dondurulmuş münaqişələr


16:35     30 Aprel 2016 munaqishe_F424AE07-D8AA-4974-BA7B-DD1222ACF798mu.jpg


Dünyada xeyli sayda münaqişə ocaqları mövcuddur. Xüsusilə dondurulmuş və hələ də nizamlanmamış münaqişələr çoxluq təşkil edir. Məsələn, Balkan yarımadası, Yaxın Şərq regionu, Dnestryanı və Kosovadakı münaqişə ocaqları, Rusiya və Yaponiya arasında hələ də mövcud olan Kuril adaları problemi, Hindistan və Pakistan arasında Kəşmir problemi, o cümlədən Cənubi Qafqaz regionunda mövcud olan Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya kimi münaqişələri aid edə bilərik.

Balkan yarımadası ...

Balkan yarımadası hər zaman dünyadakı müharibələrin çoxunun ilk başlanğıc yeri, ya da səbəbi olub. Kosova şəhəri Balkan yarımadasında mövcud olan münaqişə ocaqlarındandır. Kosovo cənub-şərqi Avropada yerləşən, Çernoqoriya, Serbiya, Makedoniya və Albaniya ilə sərhədlərə malik olan bölgədir. 2.5 milyonluq əhalisinin 90%-i Kosovo albanları, 5%-i serblər və qalan hissəsini isə türk, makedon və başqa millətlər təşkil edir. Kosovoda iki rəsmi dil var. Albanca və serbcə. Hətta 1989-a kimi rəsmi dil olan türkcə Kosovonun bəzi bölgələrində hələ də işlədilir.
SSR-in parçalanmasından sonra 1992-ci ildən etibarən Yuqoslaviya Federativ Sosialist Respublikası da parçalanmağa başladı. Əvvəlcə Sloveniya, Xorvatiya, Makedoniya, Bosniya-Hersoqoviniya Yuqoslaviya Federativ Sosialist Respublikasından ayrıldı. Bütün bu zaman ərzində Kosovo Yuqoslaviyanın tərkibində idi. Yuqoslaviyanın 1992-ci ildən parçalanmağa başladığı andan Kosovo da sakit dayanmamışdı. Hər müstəqilliyə can atışında bu qalxınma serb ordusu tərəfindən boğulurdu.



XX əsrin sonlarında Kosovo probleminin həllinə dair verilən təkiliflər əsasən aşağıdakı 3 variantı əhatə edirdi. a) Serbiya daxilində geniş muxtariyyətin verilməsi; b) ölkənin serb və alban hissələrinə bölünməsi c) Kosovonun Serbiyadan ayrılması. Serbiya xarici siyasət və təhlükəsizlik məsələlərində səlahiyyətləri Kosovoya güzəştə getmək istəmirdi. Kosova isə artıq heç bir növ muxtariyyət yox, müstəqillik tələb edirdi.

Kosovada albanlarla serb polisi arasında ciddi toqquşma baş verir. Müharibənin başlanmasına əsas səbəb kimi serblər və albanlar arasında olan etnik qarşıdurmalar göstərildi. 24 mart 1999-cu ildə NATO-nun baş katibi Xavyer Solana Yuqoslaviyaya qarşı müharibəyə başlamaq əmrini verir.Yuqoslaviyanın Belqrad,Priştina,Podqoritsa,Novi-Sad və digər şəhərləri şiddətli bombardmanlara məruz qalır.

Uzun mübarizələrdən sonra Kosova Serbiyadan öz müstəqilliyini 2008-ci ilin fevralın 17-də elan edib. Hazırda Kosovonun müstəqilliyini 111 ölkə tanıyıb. Azərbaycan Kosovanı bir müstəqil dövlət kimi tanımır. Hazırda münaqişə həll olunmuş kimi görünsə də, regionda Kosova ilə Serbiya arasında gərginlik qalmaqdadır.

Kəşmir problemi ...



1947-ci ilin avqustunda yaradılan müstəqil Hindistan dövləti Kəşmiri öz ərazisinə qatmağa çalışır. Hal-hazırda Kəşmirin şimal-qərbi Pakistanın, qalan hissəsi isə Hindistanın (1949) nəzarəti altındadır. 1956-cı ildə Kəşmir “Hindistan İttifaqının tərkib hissəsi” elan edildi. Hindistanla Pakistan arasında bir neçə dəfə hərbi münaqişə baş versə də bu problem hələ də öz həllini tapmamışdır. Hazırda münaqişə dondurulmuş vəziyyətdə qalmaqdadır.

Tirol münaqişəsi ....



Cənubi Tirol Avropanın ən gözəl bölgələrindəndir. Doğrudur, Tirolun bir hissəsi Avstriyada, digər hissəsi 100 ilə yaxındır İtaliyada yerləşir və Cənubi Tirol adını daşıyır. Əsrlər boyunca Tirol Avstriyanın Habsburqları və Bavariyanın Vittelsbaxları arasında nifaq predmeti olub, amma XIX əsrin əvvəllərində Tirol tamamilə Avstriya imperiyasının tərkibinə daxil oldu. Birinci Dünya Müharibəsindən sonra Sen-Jermen sülh müqaviləsinin şərtlərinə görə Cənubi Tirol Avstriyadan İtaliyaya keçib. On illər boyunca Avstriya itirilmiş regionu özünə qaytarmaq cəhdləri edib, lakin nəticəsi olmur. 1992-ci ildə Avstriya hakimiyyəti BMT-yə İtaliya ilə Cənubi Tirol məsələsində fikir ayrılıqlarına son qoyulduğunu elan edib. 2001-ci ildə o, İtaliyanın ayrıca regionu oldu. Hazırda Cənubi Tirol əhalisinin sayı 500 min nəfər təşkil edir. Əhalinin 70%-i üçün doğma dil alman dili, 25%-i üçün italyan dili, daha 5%-i üçün ladin dilidir. Cənubi Tirolda dil qrupları üçün bərabər hüquqlar təmin edilib. 70 yerli parlamentdə iki dildən istifadə olunur. Təkcə yerli parlamentdə deyil, küçələrin adları, lövhələr də iki dildədir, baxmayaraq ki, küçədə müstəsna olaraq alman dili eşidilir. Hazırda münaqişə öz həllini tapıb.

Dnestryanı münaqişələr ...

Moldovanın Dnestr çayı sahili boyu yerləşən beş rayonunda separatçılıq hərəkatı ötən əsrin 80-ci illərinin sonlarında başlayıb. Həmin hərəkatın alovlanmasında qığılcım rolunu Moldova parlamentinin 1989-cu ildə moldovan dilini dövlət dili elan etməsi, kiril əlifbasının latın əlifbası ilə əvəz olunması barədə qərarı oynayıb. Dnestryanı rayonların benderlərdən və ruslardan ibarət əhalisi bunu Moldova millətçilərinin digər millətləri əzmək cəhdi kimi qəbul edərək separatçılıq hərəkatını alovlandırıb. 1990-cı il sentyabrın 2-də həmin rayonlar SSRİ-nin tərkibində “Dnestryanı Moldova Respublikası” yaratdıqlarını elan ediblər. 1990-cı ilin dekabrında isə referendum keçirilərək, “DMR” “müstəqil dövlət” elan olunub. Rəsmi nəticələrə görə, seçki hüququ olan əhalinin 97,7%-i “müstəqilliyin” lehinə səs verib. Moldova bu qərarı tanımayıb, münaqişə dərinləşib və 1992-ci ildə hərbi fazaya keçib. Həmin il bir neçə ay davam edən silahlı münaqişə iyul ayında Moldovanın Dnestr çayının sol sahillərinə nəzarəti itirməsi ilə yekunlaşıb. Bu münaqişədə separatçılara bölgədəki rus qoşunları fəal dəstək verib.

Sülhyaratma əməliyyatlarına birgə sülhyaratma qüvvələri cəlb olunub. Qüvvələr nisbəti isə belə müəyyənləşdirilib: Moldovadan 300, Dnestryanıdan 300, Rusiyadan isə 500 hərbçi. O vaxtdan problemin həlli istiqamətində danışıqlar başlayıb. Danışıqlar prosesi əvvəlcə tərəflərin öz arasında aparılsa da, sonradan format genişlənib və “5+2" formatına (Moldova, Dnestryanı bölgə, ATƏT, Rusiya və Ukrayna, həmçinin ABŞ və Avropa İttifaqından müşahidəçilər) keçib.
Hazırda Moldova ilə “Dnestryanı Moldova Respublikası” arasında normal münasibətlər, gediş-gəliş mövcuddur, insanlar bir-birinə nifrət eləmirlər, 18 ilə yaxındır, təmas xəttində heç bir tərəfdən itki olmayıb, hətta nə səngər, nə də silahlı əsgər var. Bu münaqişədə din, millət, etnik mənsubiyyət, ərazi iddiası faktoru heç bir rol oynamır. Demək olar ki, həm Moldova, həm də Dnestryanının əhali kontingenti də eynidir. Bütün bunlara görə, problem çox sadə görünür. Amma məsələ həll olunmur və yaxın vaxtlarda həll olunacağı də gözlənilmir.

Kuril problemi ...

1855-ci ildə ələ Yaponiya Kuril adalarını ələ keçirsə də,2-ci Dünya Müharibəsinin sonunda Sovet İttifaqı ada üzərində nəzarətə sahib olmuşdur. Baxmayaraq ki,bu ada təbii cəhətdən bir o qədər zəngin deyil, amma Yaponiya tərəfi ada üzərindəki suverenlik məsələsində inadla öz mövqeyini bildirirdi.Ada əhalisi arasında keçirilən ictimai sorğu nəticəsində isə belə bir maraqlı nəticə olmuşdur ki, hətta adada yaşayan rusların çoxu belə Yapon hakimiyyətinə keçməyə razı olduqlarını bildirmişdilər. 2-ci Dünya müharibəsindən sonra adadakı mövcud həyat standartları bir o qədər yaxşı deyil və onun bərpa olunacağına da bir o qədər ümid yoxdur. Məsələni çətinləşdirən digər amil isə adadakı 100 vulkandan 35-nin fəaliyyətdə olmasıdır.



2000-ci ildə 3 günlük Yaponiya ziyarəti edən Vladimir Putin belə bir bəyanat vermişdir: ”Hökumətdən adanın Yaponiyaya veriləcəyinə dair bir söz belə eşitmisinizmi? Biz sadəcə görüşmələr edirik”.

Keçmiş Rusiya prezidentlərindən Yeltsinin 1997-ci ildə imzaladığı bir müqavilədə adaların Yaponiyaya geri qaytarılması məsələsi əks olunmuşdur. Bildirilir ki, 1996-1997-ci illərdə Yaponiya baş naziri Hoşimotonun etdiyi Moskva ziyarəti ərzində Yeltsin ada qarşılığında Yaponiya tərəfindən 30 milyard dollar istəmişdir. Lakin Yaponiya tərəfi bu pul miqdarının çox olduğunu bildirmişdir. 2012-ci ildə Rusiya və Yaponiyada hakimiyyət dəyişiklikləri baş verir. Bu sonraki Rus-Yapon münasibətlərinin inkişafına çox böyük töhvə vermiş olur. Lakin Adalarla bağlı hər hansısa bir irəliləyişə nail olunmur.

Cənubi Qafqaz münaqişələri:



Dağlıq Qarabağ münaqişəsi ...


1921-ci il, 5 iyul tarixdə Rusiya Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu qərar qəbul etdi: “Müsəlmanlar və ermənilər arasında sülhün, aşağı və yuxarı Qarabağ arasında iqtisadi əlaqələrin, Azərbaycanla davamlı münasibətlərin qorunub saxlanılması zərurəti əsas götürülərək, Dağlıq Qarabağ Azərbaycan SSR-in tərkibində saxlanılsın və ona geniş regional muxtariyyət verilsin”. 1923-cü il, 7 iyun tarixdə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin “İnzibati mərkəzi Xankəndi olmaqla, Dağlıq Qarabağda muxtar vilayətin yaradılması” haqqında fərmanı qəbul edildi. Bunun əvəzində Ermənistanda yığcam halda yaşayan üç yüz min azərbaycanlıya isə Sovet hökuməti və Ermənistan SSR tərəfindən hətta mədəni muxtariyyət belə verilmədi. 1987-ci il, 18 noyabr tarixində Kremlin müşaviri A.Aqanbekyanın Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi barədə bəyanatı. Bu bəyanat milli ədavət hissinin daha da alovlanmasında və münaqişənin kəskinləşməsində həlledici rol oynadı. Noyabr-dekabr – İrəvanda Azərbaycan SSR-in Dağlıq Qarabağ vilayətinin Ermənistan SSR-ə birləşdirilməsi şüarları ilə nümayişlər keçirildi.



1988-ci ilin əvvəllərindən başlayaraq Ermənistan SSR-də yaşayan azərbaycanlıların kütləvi surətdə qovulması başladı. Azərbaycan hakimiyyət orqanlarının qərarı ilə qaçqınlar Bakı və Sumqayıtda yerləşdirildi. Fevral ayında təcavüzün ilk qurbanları: iki Azərbaycan vətəndaşı Əsgəranda (Dağlıq Qarabağ) öldürüldü. 1988-ci ilin 27-29 noyabrında Ermənistan SSR-in Guqark, Spitak və Stepanavan şəhərlərində azərbaycanlılara qarşı törədilən cinayət əməlləri nəticəsində 33 nəfər öldürüldü. Dekabr ayında Ermənistan SSR-də 220.000 – dən çox azərbaycanlı öz evlərindən zorla çıxarıldı. 1 dekabrda isə Ermənistan SSR Ali Soveti Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi barədə qərar qəbul etdi. Bununla da, beynəlxalq hüququn əsas norma və prinsiplərini pozaraq, Ermənistan qonşu dövlətin ərazi bütövlüyünə qarşı iddialarını rəsmən elan etdi və başlandı. Nəticədə böyük dövlətlərin Ermənistana hərbi cəhətdən dəstək verdikləri bu qeyri-bərabər müharibədə Azərbaycan torpaqlarının 20 faizi işğal edildi. Ermənistanın işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxmasına dair BMT-nin 822, 853, 874, 884 saylı qətnamələrinə baxmayaraq nəticə hələ də yoxdur. Aprel əməliyyatlarında Azərbaycan ordusunun fəaliyəti onu göstərdi ki, münaqişə dondurulmayıb və hər an alovlana bilər.

Abxaziya münaqişəsi ...

Abxaziya Gürcüstanın şimal-qərbində yerləşən separatçı bölgədir. 1992-ci ildən etibarən gürcü-abxaz münaqişəsi nəticəsində Gürcüstanın nəzarətindən çıxmışdır. Abxaziya Rusiya, Nikaraqua. Venesuella, Nauru və Vanutu istisna olmaqla, bütün başqa dünya dövlətləri tərəfindən Gürcüstanın bir əyaləti kimi tanınır. Abxaziyanın və Cənubi Osetiyanın əraziləri hüquqi cəhətdən Gürcüstanın tərkibində olsada, hökumət tərəfindən nəzarət edilmir. Bu bölgələr həmçinin ABŞ prezidentinin administrasiyası və Avropa komissiyası tərəfindən Rusiya tərəfindən işğal edilmiş Gürcüstanın əraziləri kimi qiymətləndirilir. Şimalda Rusiya ilə (Krasnodar vilayəti və Qaraçay-Çərkəz Respublikası ilə) cənub-şərqdə və cənubda Gürcüstanın digər regionları olan Sameqrelo və Zemo Svaneti ilə həmsərhəddir. Münaqişə öz həllini tapmayıb və dondurulmuş vəziyyətdə qalmaqdadır.

Cənubi Osetiya ...

Cənubi Osetiya Cənubi Qafqazda yerləşən BMT, Avropa İttifaqı, ABŞ tərəfindən və eyni zamanda beynəlxalq razılaşmalara əsasən Gürcüstanın ərazisi kimi tanınan mübahisəli bölgədir. 2008-ci il 26 avqust tarixində Rusiya Federasiyası, sentyabrın 3-də isə Nikaraqua tərəfindən müstəqil dövlət kimi tanınmışdır. 2009-cu il 10 sentyabr tarixindən Venesuela tərəfindən müstəqil dövlət kimi tanınır. Cənubi Osetiya Rusiya, Nikaraqua və Venesuela istisna olmaqla, bütün başqa dünya dövlətləri tərəfindən Gürcüstanın əyaləti kimi tanınır. Paytaxtı Sxinvali şəhəridir.



Cənubi Osetiya müstəqilliyini 1990-cı ildən elan edib. Gürcüstan höküməti isə osetinlərin müstəqillik istəyinə onların muxtariyyat hüququnu ləğv etməklə və osetinlərin yaşadıqları əraziyə ordu yeritməklə cavab verib. Bu Cənubi Osetiya müharibəsinə səbəb oldu. Müharibə nəticəsində Cənubi Osetiya de-fakto müstəqillik əldə etsə də, onun müstəqilliyi heç bir dövlət tərəfindən tanınmırdı.

2008-ci il 8 avqustda gürcü qoşunları öz ərazi bütövlüyünü bərpa etmək üçün separatçı Cənubi Osetiyanın paytaxtı Sxinvali şəhərinə hücum etdi. Qısa müddət ərzində Sxinvali şəhərini ələ keçirən Gürcü ordusu tezliklə kapitulyasiya haqqında müqavilənin imzalanacağına ümid etdiyi vaxt Rusiya tərəfi Gürcüstanı işğalçılıqda günahlandıraraq tezliklə Sxinvali şəhərini tərk etməsi haqqında ultimatum göndərdi. Bunun ardınca Rusiya öz vətəndaşlarını qorumaq adı ilə Gürcüstana hücum edəcəyini bildirdi. Gürcüstan Rusiyanın xəbərdarlıqlarına məhəl qoymayaraq Sxinvali şəhərini tərk etməyəcəyini bəyan etdi. Nəticədə elə həmin gün rus qoşunları Şimali və Cənubi Osetiyanı birləşdirən Rogun keçidi vasitəsilə öz vətəndaşlarını və sərhəddə yerləşdirilən rus sülhməramlılarını qorumaq adı ilə Cənubi Osetiyaya daxil oldu. Tezliklə Sxinvali şəhərini işğal edən ruslar Gürcüstanın dərinliklərinə doğru irəlilədilər. İşğal zamanı Rusiya tərəfdən 150 tank və zirehli texnika iştirak etmiş, Gürcüstan ərazilərini bombalamaq üçün Pskov şəhərinin diviziyası cəlb edilmişdir. Rus-Osetin qoşunları Sxinvali şəhərini azad etməklə yetinməyərək, hücumu davam etdirərək Gürcüstanın Qori şəhərini işğal etdilər. Gürcüstanın paytaxtı olan Tiflis şəhərinin 40 kilometrliyində yerləşən Qori şəhəri çox strateji bir yerdə yerləşir. Qori şəhərinin işğal edilməsi ilə Gürcüstan faktiki olaraq iki hissəyə bölündü. Belə olduqda, işğal altında olan Gürcüstanın şimal hissəsi Gürcüstan dövlətinin nəzarəti altından çıxdı. Rus dəniz qüvvələri də işğalı davam etdirərək Gürcüstanın Poti limanını və Kadori ərazilərini tutdu.

Beynəlxalq aləm Rusiyanın bu işğalçı hərəkatını birmənalı olaraq pislədi və Qərbin səyi ilə Rusiya prezidenti 12 avqust 2008-ci ildə işğalı dayandıraraq danışıqlara başlamağa qərar verdi. Uzun diplomatik danışıqlardan sonra Gürcüstan prezidenti Mixail Saakaşvili 15 avqust 2008-ci ildə atəşkəs müqaviləsini imzalamağa qərar verdi. Münaqişə ocağı oluduğu kimi qalmaqdadır və hər an alovlana bilər.

Ceyhun Əhmədli

Açar sözlər:

Oxunub: 7697