Tarixin ən dəhşətli nüvə qəzaları - Videolar


18:02     20 May 2016 fukusima.jpg

Nüvə enerjisi ən ucuz elektrik enerjisi hesab olunur. Lakin bu enerjinin əldə olunması ucuz olduğu qədər, həm də təhlükəlidir. Təhlükənin mənbəyi isə nüvə reaktorunda olan radioaktiv şüalardır. Dünyada heç bir dövlət baş verə biləcək təbii fəlakətlərdən siğortalanmayıb. Hətta Yaponiya kimi inkişaf etmiş dövlət də “Fukusima-1” atom elektrik stansiyasında baş verən qəza qarşısında aciz qalmışdı.


Lakin görünən odur ki, qonşuluğumuzda olan və zəif inkişaf etmiş Ermənistan Respublikası tarixdə baş vermiş nüvə faciələrindən xəbərdar deyil. Elə buna görədir ki, heç bir irad nəzərə alınmadan Metsamor atom elektrik stansiyası hələ də fəaliyyətini davam etdirir. Olası bir fəlakətlə bağlı Ermənistanı əvvəlcədən xəbərdar etmək üçün tarixdə baş vermiş ən dəhşətli nüvə faciələrini və baş vermə səbəblərini araşdırdıq.

Braziliya, Qoyaniya…



Bu faciə insan faktoru ilə əlaqədar baş verib. Radioterapiya İnstitutunun xlorid seziumla yoluxan qurğusu təsadüfən zibillik əraziyə atılır. Parıldayan maddə yaxınlıqda yaşayan şəxsin diqqətini çəkir. O, dostlarını və qohumlarını bu qəribə əşayaya baxmağa çağırır. Burada yüksək dozada radiasiya alan tanışlar heç nədər xəbərsiz halda bütün şəhərə yayılırlar və qarşılarına çıxanı yoluxdururlar. Ümumilikdə radiasiyaya yoluxanların sayı 250 nəfəri ötür.

29 sentyabr 1957-ci il, SSRİ, “Kıştımskaya” faciəsi…



«Mayak» kimyəvi kombinatının soyuducu sistemindəki nasazlıq partlayışla nəticələnir. Partlayışın ilk həftəsində 300 insan həyatını itirir. Sonralar 1957-1959-cu illər ərzində qəzanın fəsadlarını aradan aparma proseslərində iştirak etmiş 30 min hərbi qulluqçu şüalanmaya düçar olur. Bu hadisə SSRİ tərəfindən 1990-cı ilə kimi sirr olaraq saxlanılır. MAQATE bunu vaxtilə dünyada ikinci ən dəhşətli atom qəzası adlandırmışdı.

10 oktyabr 1957-ci il, İngiltərə, Vindskeyl yanğını…



10 oktyabr 1957-ci il tarixində İngiltərənin Vindskeyl nüvə reaktorunun birində yanğın baş verir. Reaktor pluton istehsalı üçün nəzərdə tutulmuşdu, lakin sonra hökumət ondan tritium istehsalı üçün istifadə etmək qərarına gəlir. Lakin tritium üçün reaktorun daha yüksək istiliyi lazım idi, halbuki, reaktor belə yüklənməyə hazır deyildi. Nəticədə böyük partlayış baş verir və yanğın 4 gün davam edir. Radioaktiv çöküntü İngiltərə və İrlandiyada böyük əraziləri çirkləndirdi. Zəhərli hava kütləsi külək vasitəsilə Belçika, Danimarka və Almaniyaya qədər geniş ərazilərə yayılır.

Qrelandiya…



1969-cu ilin yanvarın 21-də göyərtəsində 4 hidrogen bomba olan və ABŞ-a məxsus B-52 təyyarəsi havada alışır. Yerə çırpılan zamanı nüvə silahları partlayır və ətraf mühit radioaktiv maddələrlə çirklənir.

Yukka Flet meydanındakı faciə…



1970-ci ilin 18 dekabrında Las-Veqasla 1 saatlıq məsafədə yerləşən Yukka Flet meydanında yerin 300 metr dərinliyinə basdırılmış 10 kilotonluq bomba vaxtından əvvəl işə düşür. Üst təbəqəni radioaktiv tullantılardan qoruyan beton piltə çatlayır və orda olan 86 nəfər o qədər şüalanır ki, növbəti həftə hamısı vəfat edir.

Çernobıl, 26 aprel 1986-cı il…

Ukraynada Çernobıl nüvə zavodundakı qəza tarixdə ən dəhşətli nüvə fəlakəti olaraq qalır. Nəzarətsiz reaksiya dam örtüyünü uçurub və Ukrayna sərhədləri boyunca Rusiya, Belarus və şimali Avropaya radioaktiv material buludu yayılıb. Hadisə zamanı 7000-ə yaxın insan həlak oldu, 25000 insan güclü radiasiya nəticəsində ömürlük şikəst oldu, on minlərlə insan isə sonsuz qaldı. Bu faciədən sonra Çernobılda doğulan uşaların 90%-də əlillik yaranır. Hadisədən neçə illər keçsə də, radiasiyanın fəsadları hələ də Avropada dolanmaqdadır.



6 aprel 1993-cü il, Tomsk-7 partlayışı…

1993-cü il aprelin 6-da Rusiyada, Sibirdə Tomsk -7 kimyəvi kombinatında radioaktiv qarışıq olan aparatın partlaması nəticəsində bir hektar ərazi çirklənir. Hadisə nəticəsində, ətraf ərazilərdə yaşayan insanlarda uzun müddət müxtəlif xəstəliklər müşahidə olunur.

30 sentyabr 1999-cu il, Yaponiya, Tokaimura faciəsi…

Tokionun şimal-şərqində yerləşən Takaimura nüvə reaktorunda 30 sentyabr 1999-cu il tarixində qəza baş verir. Qəza nəticəsində ümumilikdə 56 nəfər radiasiyaya məruz qalır. Nüvə stansiyasının 2 işçisi isə həyatını itirir.

11 mart 2011-ci il, Fukusima faciəsi…

“Fukusima-1” atom elektrik stansiyasında baş verən qəza unikaldır. Bu təbii fəlakətin səbəb olduğu yeganə radiasiya fəlakətidir. Mütəxəssislərin fikrincə, bu faciə Çernobıl faciəsindən sonrakı ən dəhşətli faciədir. Bəzi hesablamalara görə, Fukusima atom elektrik stansiyasının vurduğu zərəri aradan qaldırmaq 25-30 il vaxt aparacaq. Bunun xərcləri isə yüzlərlə milyard dollardır.



Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 4682