Uşaqlarınız sizi məhkəməyə verə bilər - Valideynlərin nəzərinə!


17:12     31 Dekabr 2017 valideyn7.jpg


Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir. Bu dəfə təqdim edəcəyimiz mövzu uşaqların hüquqları ilə bağlıdır. Mövzunu vəkil Asif Abdullayev şərh edir:




“ Əksər ailələrdə uşaqların fikirləri ciddi qarşılanmasa da, qanunvericilik uşaqlara öz fikirlərini bildirmək hüququ verib. Ailə məcəlləsinin 52-ci maddəsinə əsasən, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir.


Uşağın maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır.

Hətta bəzi məsələlərin həllində, mütləq uşağın fikirinə uyğun qərar qəbul edilir. Misal üçün, uşağın adının və soyadının dəyişdirilməsi, valideyninin valideynlik hüququnun bərpa edilməsi, övladlığa götürülməsi zamanı və digər hallarda 10 yaşına çatmış uşağın fikiri mütləq nəzərə alınmalıdır.
Hər bir uşağın vicdan, fikir və söz azadlığı vardır. Valideynlər, digər şəxslər və dövlət orqanları uşağın vicdan, fikir və söz azadlığına hörmətlə yanaşmalıdırlar.

Uşaqlar hətta dərsdən kənar istirahət vaxtlarının necə keçirəcəyini də müstəqil müəyyən etmək hüququna malikdirlər. Uşaq hüquqları haqqında qanuna əsasən, hər bir uşağın istirahət və asudə vaxtdan istifadə etmək hüququ vardır. Uşaq öz maraqlarına və qabiliyyətinə uyğun olaraq məktəbdənkənar istirahət və məşğuliyyət növü seçməkdə müstəqildir.

Hər bir uşağın şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Təhsil müəssisələrində, məktəbəqədər və məktəbdənkənar müəssisələrdə intizam qaydaları ədalət prinsipinə əsaslanmalı, tərbiyəedici və qarşılıqlı hörmət ruhunda olmalıdır.

Uşaqları təhqir etmək qadağandır. Bəzi ailələrdə xəta törətmiş və ya dəcəllik edən uşağın təhqir edilməsi və alçaldılması adi haldır. Təbii ki, bu cür hallar uşağa psixoloji cəhətdən mənfi təsir etməyə bilməz. Uşaq hüquqları haqqında qanunun 27-ci maddəsinə əsasən, uşaqların təhqir edilməsi, şəxsiyyətlərinin alçaldılması yolverilməzdir.

Qanunvericilik uşaqlara hətta öz hüquqlarının müdafiəsi üçün məhkəməyə və aidiyyatı orqana müraciət etmək hüququ da verib. Ailə məcəlləsinin 51-ci maddəsinə əsasən, uşaq öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi hüququna malikdir. Uşağın valideynləri (onları əvəz edən şəxslər) tərəfindən sui-istifadə etmə hallarından müdafiə olunmaq hüququ da vardır.

Uşağın hüquqları və qanuni mənafeləri pozulduqda, o cümlədən valideynləri (onlardan biri) uşağın təhsili, tərbiyəsi üzrə vəzifələrini yerinə yetirmədikdə və ya valideynlik hüquqlarından sui-istifadə etdikdə, uşaq öz hüquqlarını qorumaq üçün qəyyumluq və himayə orqanına, 14 yaşına çatdıqda isə məhkəməyə müraciət etmək hüququna malikdir.

Uşaq hüquqlarının pozulmasını aşkar edən hər bir şəxs bu barədə aidiyyatı üzrə məlumat verməlidir. Belə ki, uşağın həyat və sağlamlığının təhlükədə olması, onun həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb olunması, hüquqlarının və qanuni mənafelərinin pozulması barədə məlumatı olan vəzifəli şəxslər və digər vətəndaşlar bu barədə uşağın faktiki olduğu yerin müvafiq icra hakimiyyəti orqanına məlumat verməyə borcludurlar. Müvafiq icra hakimiyyəti orqanı bu cür məlumat aldıqda uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün zəruri tədbirlər görməyə borcludur. Uşaq hüquqlarının həyata keçirilməsinə müvafiq icra hakimiyyəti orqanları nəzarət edirlər.

Qanunvericilikdə həmçinin uşaqların əsas vəzifələri də müəyyən edilmişdir. Cəmiyyətdə davranış qaydalarına əməl etmək, Azərbaycan Respublikasının dövlət rəmzlərinə bələd olmaq, biliklərə yiyələnmək, özünü faydalı fəaliyyətə hazırlamaq, valideynlərə, digər vətəndaşların hüquq və mənafelərinə, öz xalqının və başqa xalqların ən ənələrinə və mədəni sərvətlərinə hörmətlə yanaşmaq, tarix və mədəniyyət abidələrini, ətraf mühiti qorumaq və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək uşağın borcudur.
Bu vəzifələrin uşaq tərəfindən dərk edilməsinə və icrasına valideynlərin, müvafiq orqanların və təhsil müəssisələrinin uşaqlar arasında izahat və təbliğat aparmaları yolu ilə nail olunur.


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 3497


Oxşar xəbərlər