300 müəllimin sıfır bal toplamasına nazirlikdən reaksiya


19:15     28 Dekabr 2016 muellm345.jpg

Təhsil Nazirliyi diaqnostik qiymətləndirmədə 0 (sıfır) nəticə göstərən 300 müəllim haqqında yayılan xəbərlərə aydınlıq gətirib.


Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Femida.az-ın sorğusuna cavab olaraq bildirilib ki, cənub bölgəsində diaqnostik qiymətləndirmədən keçən müəllimlər arasında 0 (sıfır) nəticə göstərən müəllim yoxdur.

“Hörmətli media nümayəndələri, artıq iki gündür ki, bir çox media orqanlarında diaqnostik qiymətləndirmədə sıfır bal toplayan müəllimlər haqqında qeyd və şərhlərə rast gəlinir. Əsas istinadı hansısa “facebook postu” olan bu “məlumatların” heç bir rəsmi istinad mənbəyi yoxdur, deməli, həm də həqiqəti əks etdirmir. Məlumat üçün deyək ki, 2016-cı ilin son iki ayı ərzində ölkənin 26 bölgəsində 35 mindən artıq müəllim diaqnostik qiymətləndirməyə cəlb olunub”.

Məlumatda qeyd olunub ki, diaqnostik qiymətləndirmənin sonuncu mərhələsi Azərbaycanın cənub bölgəsinin müəllimlərini əhatə edib. Lənkəran, Masallı, Lerik, Astara, Yardımlı rayonlarının 7163 müəllimindən 1152 nəfəri 80 %-dən yuxarı nəticə qazanıb:

“Bu müəllimlər arasında 0 bal alan yoxdur. Eyni zamanda bu il diaqnostik qiymətləndirmədə iştirak edən 35 min müəllimdən heç birinin nəticəsi sıfır bal olmayıb”.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumatda bu il cənub bölgəsində (Lerik, Yardımlı, Astara, Masallı, Lənkəran) baş tutan müəllimlərin diaqnostik imtahanında 300 müəllimin özlərinin tədris etdiyi fəndən sıfır qiyməti aldığı iddia olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 1298