Kipr danışıqları davam edəcək


22:27     13 Yanvar 2017 kipr%20danisiqlari.jpg

Kiprin birləşməsi barədə gözlənilən sazişə hələ ki, nail olunmayıb, lakin danışıqlar davam edəcək. Kipr probleminin həlli üzrə Cenevrədə keçirilən beynəlxalq konfrans bu əhval-ruhiyyədə başa çatıb.


Femida.az Euronews-a istinadən xəbər verir ki, konfrans iştirakçıları spesifik məsələləri və alətləri müəyyən edəcək işçi qrup yaratmaq barədə razılığa gəliblər. Yanvarın 18-də işə başlayacaq qrup təkliflərini təqdim etdikdən sonra siyasi səviyyədə konfrans keçiriləcək.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Afinanın diskussiyanı davam etdirməyə hazır olmadığını bildirib: “Həll olunmamış məsələlər çoxdur. Onlar hələ ki, danışıqları davam etdirməyə hazır olmadıqlarını və bu məsələni öz aralarında təkrar müzakirə etmək istədiklərini bildiriblər. Biz də, yeni vaxt təyin etməyə razılaşdıq”.

Açıq qalan məsələlərin həllini tapmaq üçün ikitərəfli danışıqlar davam edəcək. BMT-nin baş katibi Antoniu Quterriş artıq gələn görüşdə məsələnin həll olunması üçün tərəflərin bütün səylərini ortaya qoyacaqlarına ümid etdiyini deyib.

Xatırladaq ki, Kiprin birləşdirilməsi üzrə beynəlxalq konfrans BMT-nin himayəsi altında qarant ölkələrin - Türkiyə, Yunanıstan və Böyük Britaniyanın xarici işlər nazirləri səviyyəsində keçirilib. Konfransdan əvvəl Kiprin türk və yunan icmalarının liderləri Mustafa Akıncı və Nikos Anastasiadis ikigünlük danışıqlar aparıblar.

Femida.az

Açar sözlər:

Oxunub: 885