Dələduzluqda təqsirləndirilən şəxsin məhkəməsi olub


16:51     11 Avqust 2017 1398947325_mehkeme.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Samir Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


Femida.az-ın xəbərinə görə, hakim Şəkər Məmmədovanın sədrlik etdiyi iclasda məhkəmə istintaqının təzələnməsi barədə qərar qəbul edilib. Proses avqustun 16-da davam edəcək.

Qeyd edək ki, prokuror S. Nəbiyevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, 2015-ci ildə S. Nəbiyev Əlikram Camalova birgə biznes qurmaq təklif edərək, ondan icarəyə götürüb işlətdiyi Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən “Brend Elektrik” elektrik avadanlıqları satışı mağazasına investisiya qoymasını istəyib. Əvəzində isə qazancın yarısını Ə. Camalova verəcəyini vəd edib. Ə. Camalov razılaşıb və Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən ofisdə S.Nəbiyevə 2015-ci il noyabrın 3-də 18 min manat, 2016-cı il fevralın 1-də isə 3 min 993 manat pul verib. S. Nəbiyev isə vəsaiti mənimsəyərək Ə. Camalova pulu qaytarmayıb. Bundan sonra Ə. Camalov polisə müraciət edib. Təqsirləndirilən S.Nəbiyevə Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə cinayət işi açılıb və onun barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.


Zərərçəkmiş Əlikram Camalov kəndli fermer təsərrüfatının təsisçisi və müdafiə sənayesi naziri Yavər Camalovun qardaşıdır.

Femida.az

Açar sözlər:

Oxunub: 751