Lavrovun səfəri Azərbaycana nə vəd edir? - ANALİZ


17:31     01 Sentyabr 2015 3499.jpg

"Azərbaycanın mövqeyi Rusiya üçün çox vacibdir"


Bu gün Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovun ölkəmizə səfəri başlayır. Maraqlısı ondan ibarətdir ki, bu səfərin baş verəcəyi ilə bağlı əvvəlcədən müzakirələr aparılmamışdı. Yəni bir növ gözlənilməz səfər də hesab edə bilərik. Görəsən, neftin qiymətinin kəskin şəkildə aşağı endiyi, dövlətlərarası beynəlxalq münasibətlərin gərginləşdiyi bir şəraitdə dünyanın güc mərkəzlərindən biri hesab edilən Rusiya Federasiyasının Xarici İşlər Nazirinin ölkəmizə gözlənilməz səfərinin pərdə arxasında hansı səbəblər dayanır?

Femida.az sualı cavablandırmaq üçün Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, YAP-ın Beynəlxalq Əlaqələr Komissiyasının katibi, siyasi elmlər doktoru, professor Elman Nəsirovun fikirlərini öyrənib. Elman Nəsirovun fikrincə, Rusiya tərəfinin səfərin təşkil olunmasında əsas məqsədi Azərbaycanın dəstəyini qazanmaqdır:

"Məsələ burasındadır ki, bu səfərin baş verməsi ilə bağlı əvvəlcədən heç bir məlumat verilməmişdi. Bu səfərin indiki vaxta düşməsini şərtləndirən bir sıra amillər var. Bu amillə sırasında yaxın vaxtlarda BMT Baş Məclisinin sessiyasının keçirilməsi xüssusi olaraq vurğulanmalıdır. Həmin sessiya çərçivəsində Rusiya Prezidenti Vladimir Putinin də iştirakı və çox kəskin bəyanatlarla çıxış edəcəyi istisna edilmir. Eyni zamanda Azərbaycanın da prezident səviyyəsində həmin sessiyada iştirak edəcəyi gözlənir. Yəni səfər çərçivəsində Rusiyanın əsas məqsədi mövqelərin müəyyənləşdirilməsidir.

Putinin BMT Baş Məclisində iştirakı zamanı Qərbin yeritdiyi siyasəti kəskin şəkildə tənqid edəcəyi Rus mətbuatında geniş yer alıb. Azərbaycanın həmin prosesdə Rusiyanın yanında olub-olmayacağı isə Rusiya üçün çox böyük əhəmiyyət kəsb edir. Heç şübhəsiz Rusiya bu proseslərdə Azərbaycanı öz müttəfiqi kimi yanında görmək istəyir. Azərbaycan regionda lider dövlətdir . Bu baxımdan hesab edirəm ki, Azərbaycanın mövqeyini öyrənmədən hərəkət etmək Rusiya üçün gözlənilməz nəticələrə gətirib çıxara bilər. Heç şübhəsiz ki, bütün bunlarla yanaşı danışıqlar prosesində çox geniş spektra malik digər məsələlər də müzakirə ediləcək. Bilindiyi kimi Rusiyaya qarşı tətbiq edilən sanksiyaların nəticəsində ölkə iqtisadiyyatına çox böyük zərər dəyib. Xüsusilə, ölkənin maliyyə sektorunda ciddi problemlər yaşanmaqdadır.

Bu nöqteyi nəzərdən istisna edilmir ki, ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsi, iki ölkə arasında iqisadi əməkdaşlığın dəyərləndirilməsi ilə bağlı müzakirələr aparılacaq. Bu hər iki tərəfin mənafelərinə uyğundur. Heç şübhəsiz danışıqların gedişatında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələrin də aparılacağı gözlənilir. İyul ayının 17-də Azərbaycan Xarici İşlər Naziri Elmar Məmmədyarovla Sergey Lavrovun Moskvada görüşü oldu. Həmin görüş zamanı Lavrov bəyan etdi ki, bu münaqişənin həlli prosesinin intensivləşdirilməsinin vaxtı gəlib çatıb. Yəni həmin bəyanat indiki görüşdə Dağlıq Qarabağla bağlı geniş spektorda müzakirələrin aparılacağını öncədən xəbər verir. Bununla bərabər beynəlxalq terrorizmə, o cümlədən İŞİD-ə qarşı mübarizə məsələlərinin müzakirəsi gözlənilir".

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 1418