Tikinti sahəsində fırıldaqçılıq ARAŞDIRMA


15:10     21 May 2015 94d1000ca1ae.jpg

Fırıldaqçı tikinti sahiblərini qanunla çox ağır cəzalar gözləyir.


Son vaxtlar ev almaq istəyən vətəndaşların aldadılması az qala adi hala çevrilib. Bu barədə dəfələrlə mətbuatda narazı insanların çıxışlarına, etiraz aksiyalarına rast gəlmişik.İnsanların daha çox şikayətçi olduğu məsələ tikilməkdə olan bir mənzilin eyni zamanda bir neçə nəfərə satılmasıdır.Belə fırıldaqçı şirkətlərə qarşı hətta dövlət səviyyəsində tədbirlər görülməsinə baxmayaraq, bu cür hallar hələ də davam etməkdədir. Məlumat üçün qeyd edək ki, cinayət qanunvericliyində belə əməlin adı dələduzluq adlandırılır və belə əməlləri törədənlər üçün ağır cinayət məsuliyyəti nəzərdə tutulub.

Qanunun bu qədər sərt olmasına baxmayaraq fırıldaqçı tikinti şirkətlərinin sayı durmadan artır. Rəsmi məlumata görə, hazırda 10-dan artıq tikinti şirkətinin rəhbərliyi barəsində dələduzluq əməllərinə görə cinayət işi açılıb. Qeyd edim ki, belə fırıldaqçılıq qalmaqalında adı hallanan tanınmış şirkətlərdən biri “MURAY” MMC oldu. Törətdikləri cinayətə görə şirkətin 6 rəhbər işçisi 10 ildən 15 ilədək azadlıqdan məhrum edildi. Xatırladaq ki, sözügedən şirkət vətəndaşlardan qabaqcadan pul yığsa da, bir mənzili bir neçə nəfərə satmaqla, yaxud vəd edilən mənzilləri tikməməklə onları aldatmışdı. Məsələ təkcə bu şirkətlə bitmədi. Bu hadisə unudulmamış paytaxtda vətəndaşları aldadan daha bir tikinti şirkətinın cinayət əməlləri ifşa olundu. «G. E. N» MMC adlı tikinti şirkəti «Uğurlar», «Elgün E» və «GEN Holdinq» kimi məhdud məsuliyyətli cəmiyyətlər təsis edərək mütəşəkkil dəstə yaradaraq, 373 vətəndaşı aldatmaqla onların 8 milyon 59 min 138 manat məbləğində pullarını dələduzluq yolu ilə ələ keçiriblər. Dələduzluqla məşğul olan tikinti şirkətlərinin sırasında “FUAD LTD” MMC, “Xəzərə mənzərə” MTK kimi çoxlu sayda şirkətlərin adı keçir. Problem ondadır ki, vətəndaşları aldatmış tikinti şirkətlərinin sahiblərinin həbs olunması mənzilə görə pul ödəyənlər üçün ciddi heç nəyi dəyişmir. Onlar onsuz da mənzilə sahib olmurlar. Çünki nə bina inşa edilib, nə də onların pullarını geri qaytaracaq kimsə var.

Bəs vətəndaşlar növbəti dəfə belə fırıldaqçı şirkətlərin qurbanı olmamaq üçün nə etməli?

Ekspertlərin fikirincə, problemin kökündə müqavilə dayanır. Belə ki, tikinti şirkətləri ilə bağlanan müqavilələr notarial qaydada təsdiq edilməlidir. Nə qədər ki, notarial qaydada təsdiq olunmur, bu tip problemlər davam edəcək. Şirkətlərlə imzalanan müqavilələr əslində rəsmi sənəd hesab edilir və tikinti şirkətlərinin möhürü və rəsmi imzası ilə təsdiq olunur. Eyni halda həmin sənəddən məhkəmə predmeti kimi də istifadə edilə bilər.Tikinti şirkətlərinin rəhbərlərinin vətəndaşlara etdiyi bu fırıldaqçılığa görə hansı maddə ilə məsuliyyətə cəlb oluna bilərlər?

Mövzu ilə bağlı sualları hüquqşünas Məhhərəməli Həmidov belə cavablandırdı: ” Əgər bu cür hallar baş verirsə, bu ümumi olaraq Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə məsuliyyətə cəlb oluna bilər. Şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə Cinayət Məcəlləsinin 178.2.3 maddəsinə əsasən üç min manatdan , beş min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bəzən də bu cür dələduzluqla məşğul olan cinayətkara Cinayət Məcəlləsinin 178-ci maddəsindən elavə həmin məcəllənin 308 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320-ci maddələrilə (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) də ittiham elan edilir. Mütəxəssislərin fikirlərindən aydın olur ki, bu cür fırıldaqçıların qurbanı olmamaq üçün ilk növbətə bağlanan müqavilənin şərtlərinə diqqət yetirmək lazımdır. Belə olan halda baş verə biləcək hər hansı qanun pozuntusu zamanı məhkəməyə müraciət etmək olar.
Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 4240