Suriyada yaranan qarışıqlıq: YPG, PKK kimin müttəfiqidir?


13:53     29 Fevral 2016 ferzeliyev2.PNG

Suriyadakı alyanslar alqoritmasına nəzər yetirdikdə anlaşılmaz vəziyyətin yarandığını görərik. Belə ki, Suriyada geosiyasi gərginlik artıq o həddə çatıb ki, kim kimin müttəfiqidir deyə ayırd etmək çox cətin məsələyə çevrilib. Türkiyə kimi 1-2 aktoru çıxmaqla Suriyada fəaliyyət göstərən digər aktorların içində olduqları ittifaq şəbəkəsi artıq çıxılmaz bir yola girib.


Təbii ki, belə bir situasiyadan ən çox YPG kimi terror mərkəzləri istifadə edir. Belə bir siyasi mənzərənin mövcudluğu onların işinə yarayır. Obrazlı şəkildə vurğulasaq, fırıldaqçı ideologiyaya malik olan “YPG-nin əsas müttəfiqi kimdir?” sualına cavab vermək də demək olar ki, çətindir.

Suriyadakı ittifaqları determinasiya etdikdə görərik ki, ABŞ həm bəzi suriyalı muxalifləri, həm də bu muxaliflərə hücum edən və torpaqlarına nəzarət etməyə çalışan YPG-ni dəstəkləyir. Əsəd rejiminin devrilməyini istəyən, rejimin legitimliyini mühakimə edən ABŞ Əsədin “bizim parçamız” dediyi YPG-ni bütün cinayətlərinə, törətdikləri qətillərə baxmayaraq dəstəkləməyə davam edir. Bundan əlavə, İŞİD-ə qarşı olduğunu söyləyir, amma İŞİD-lə mübarizə aparan Suriyalı müxliflərlə döyüşən YPG-yə verdiyi dəstək sayəsində onların İŞİD-lə mübarizəsinə zərbə vurmuş olur.

Rusiya Əsəd rejimini dəstəkləyir amma belə desək ABŞ-la da “al gülüm, ver gülüm” əlaqəsini qoruyub saxlayır. Rusiya İŞİD-lə mübarizə aparmaq adı ilə Suriyaya daxil oldu lakin Əsəd rejimnə qarşı olan muxaliflərə hava zərbələri endirməkdə davam edir. Bundan başqa YPG-yə tonlarla silah verir və İŞİD-lə mübarizə aparan müxaliflərə qarşı döyüşmək üçün YPG-yə birbaşa dəstək vermiş olur.

Əsəd rejimi Suriya inqilabının əvvəlindən başlayaraq YPG-yə yol açır və silah da daxil olmaqla hər cür dəstəyi verir. ABŞ-ın dəstəklədiyi YPG-ni dəstəkləmələ, İŞİD-lə mübarizə bəhanəsi ilə sanki ABŞ-la müttəfiq olmağa can atırmış kimi bir mövqe sərgiləyir.

Bu qarışıqlıqdan istifadə edən YPG demək olar ki, ABŞ-la Türkiyə arasında müəyyən mənada böhranın formalaşması üçün zəmin yaradıb. Ən azından Suriyada baş verən proseslər və gərginliyin kulminasiya həddinə çatması bizə bunu deməyə əsas verir.

Uzun sözün qısası, YPG kimin müttəfiqidir? ABŞ kimin müttəfiqidir? Türkiyə kimin müttəfiqidir? Suriyadakı geosiyasi gərginlik fonunda bu suallara cavab vermək heç də asan məsələ deyil.

Cəbrayıl Fərzəliyev

Açar sözlər:

Oxunub: 2086