“Mental dəyərlərimiz qadın hüquqlarına ziddir” – Hüquqşünasla müsahibə


20:04     07 Mart 2016 ruslan%20esas9.jpg

Femida.az “De-yure” layihəsini davam etdirir.


Növbəti müsahibimiz tanınmış vəkil, qadın hüquqları müdafiəçisi Ruslan Vəliyevdir.
Müsahibəni oxuculara təqdim edirik:

- Yaxşı vəkil nəyi bacarmalıdır?

- Vətəndaşlar arasında güclü, zəif vəkil anlayışları mövcuddur. Düşünürəm ki, bu anlayış kökündən yanlışdır. Vəkilin güclü və zəif olması onun udduğu proseslərlə bağlı yox, məhkəməyə qədərki prosesdə sənədlərin, sübutların toplanmasında özünü göstərməlidir. Peşəkar vəkil ilk növbədə məhkəməyə qədər lazımi sübutları toplamalıdır. Vəkil əvvəlcədən fikirləşməlidir ki, hansı sübutları toplamaq məhkəməni udmağa şərait yarada bilər. Bir sözlə, yaxşı vəkil olmaq üçün lazımi sübutları toplamaq ən mühüm göstəricidir.



- Vətəndaşlar ən çox hansı məsələ ilə bağlı vəkillərə müraciət edir?

- Vətəndaşların ən çox müraciət etdiyi sahələr məişət məsələləri ilə bağlı olur. Bura əsasən, mənzil mübahisələri, əmlak bölgüsü, nikah pozulandan sonra əmlakın tərəflər arasında müəyyən olunması, vərəsəlik məsələləri, vergi mübahisələri və s. daxildir. Bir sözlə, əsas müraciətlər məişət zəminində baş verən mübahisələrlə bağlı olur.

- Ən aktual problemlərdən biri mənzilin eyni anda bir neçə şəxsə satılması ilə bağlıdır. Problem nədən qaynaqlanır?

- Problem ondan qaynaqlanır ki, Mənzil Tikinti Korporativlərinin mənzillərlə bağlı verdiyi sənədlər adi MTK səviyyəsində olur. Daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd Dövlət Reyestr Xidmətindən verilmiş çıxarışdır. Yəni bütün daşınmaz əmlaklar burada dövlət qeydiyyatından keçməlidir. MTK-lar isə adi kağız parçası üzərində müqaviləni təsdiqləyir. Bu məqamda MTK sədri müqaviləni bir neçə şəxslə bağlaya bilər. Nəticədə isə mənzil eyni anda bir neçə nəfərə satılır. Hətta birdən elə olur ki, MTK rəhbəri bilməzlikdən evi bir neçə nəfərə satır. Bununla da tərəflər arasında ciddi mübahisə yaranır”.



- Problemi necə həll etmək olar?

- Belə bir təklif irəli sürüldü ki, Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində MTK-larla bağlı vahid reyestr xidməti yaradılsın. Bütün MTK-lar satdıqları mənzilləri həmin reyestrdə qeydiyyatdan keçirməli idilər. Vətəndaşlar da mənzil alarkən alacaqları mənzilin başqasına satılıb-satılmaması ilə bağlı həmin reyestr xidmətindən məlumat ala bilərdilər. Lakin təəssüf ki, problem hələ də həll olunmamış qalır.

- Vətəndaşlar ictimai asayişin qorunmasında iştirak edə biləcəklər. Sizcə, bu nə dərəcədə effektli olacaq?

- Vətəndaşların ictimai asayişin təmin olunmasında iştirakı əvvəllər Azərbaycanda tətbiq olunub. Burada vətəndaşların ictimai asayişin qorunmasında birbaşa iştirakı nəzərdə tutulur. Vətəndaş ictimai asayişin təmin olunmasında iştirak etməklə bir növ öz kosntitusion vəzifələrini icra edir. Lakin bunun üçün hansısa qərarın qəbul edilməsi kifayət etmir. Bu sahədə ciddi uğur əldə etmək üçün cəmiyyətdə maarifləndirmə tədbirləri aparmaq lazımdır. Faktiki olaraq polisin insanlarla ünsiyyəti başqa mərhələyə keçir. Vətəndaş əgər ictimai asayişin pozuntusu halını gördükdə və müdaxilə etdikdə əmin olmalıdır ki, o hüquq-mühafizə orqanlaı tərəfindən hər hansı təzyiqə məruz qalmayacaq. Vətəndaş bundan əmin olmalıdır.

- Mülki polis yaradılır deyə bilərikmi?

- Düşünürəm ki, Prezidentin verdiyi fərman mülki polisin yaradılması istiqamətində atılmış bir addımdır.

- Dünyanın hansı ölkələrində bu təcrübədən istifadə edilir?

- Əsasən, skandinaviya ölkələrində və Qərbi Avropada mülki polislərdən geniş istifadə edilir.

- Uzun müddətdir ki, qadın hüquqlarının müdafiəsi ilə məşğulsunuz. Lakin görünən odur ki, bu sahədə hələ də ciddi problemlər qalmaqdadır...

- Elə problemlər var ki, burada əsasən mental məsələlər ön plana keçir. Hazırda qadınların çoxusu məişət zorakılığına məruz qaldıqda bunu normal qəbul edirlər. Həmin qadınlar düşünürlər ki, döyülməlidir, əzilməlidir və s. Bizim milli mentalitetimiz bunu tələb edir ki, qadın dözməlidir. Amma nədənsə mental dəyərlərdən düzgün istiqamətdə yararlanmırıq. Mən həmişə demişəm ki, qanunlar mental dəyərlərdən üstün tutulmalıdır. Hüququn əsas mənbələrindən biri adətdir. Təbii ki, belə olan hallarda mənfi adətlər kənarda qalır. Mənfi adətlər insanların şüurunda qalır və stereotiplər yaradır. Zorakılığa məruz qalan qadınlar hüquq mühafizə orqanlarına müraciət etməkdən çəkinirlər. Kişilər bir çox hallarda qadının polisə müraciət etməsini özləri üçün təhqir hesab edirlər. Hazırda demokratik bir ölkədə yaşayırıq və qadınlara qarşı məişət zorakılığını pisləyirik. Bununla bağlı beynəlxalq konvensiyalara qoşulmuşuq və öz daxili qanunvericiliyimizi beynəlxalq hüquqdan gələn öhdəliklərə uyğun olaraq formalaşdırmışıq.



- Fahişəliklə insan alverinin fərqi nədir?

- İnsan alveri geniş bir anlayışdır. Burada əsas fərqləndirici cəhət şəxsin istismarıdır. İnsan alveri ilə fahişəliyin ümumi nöqtələri mövcuddur. İnsan alverində istismar var, amma fahişəlikdə istismar yoxdur. İnsan alverində şəxs istismar olunur. Şəxs iradəsinə zidd olaraq istismar edilir. Nəticədə, bu istismardan müəyyən gəlir əldə edilir. Fahişəliklə məşğul olmaq cinayət məcəlləsindən çıxarılıb. Bu əməl ilə məşğul olanlar yalnız inzibati məsuliyyətə cəlb oluna bilərlər. Lakin kimsə fahişəliyə cəlb olunursa, bu artıq cinayətdir. Yəni fahişəliklə məşğul olmaq cinayət hesab edilmir, lakin kimisə fahişəliyə cəlb edənlər faktiki olaraq, cinayət törətmiş hesab edilir.

- Şəxs öz daxili orqanını satışa çıxarırsa, bunu insan alveri hesab etmək olar?

- Azərbaycanda orqanların satışına icazə yoxdur. İnsan orqanları alğı-satqı predmeti ola bilməz. Əgər kimsə öz daxili orqanını satışa çıxarırsa, bu artıq cinayətdir. Bunu hər kəs bilməlidir. Könüllü şəkildə orqanları bağışlamağa icazə verilir. Amma burada da ola bilsin bağışlama əqdi altında hansısa alğı-satqı predmeti söhbət getsin. Bu zaman hüquq-mühafizə orqanları məsələni məsələni diqqətdə saxlayır və müvafiq tədbirlər görərək orqan ticarətinin qarşısını alır.



- Boşanmış qadın qaynatanın və yaxud da qaynananın mənzilindən istifadə etmək hüququna sahib olur?

- Qanunvericiliyə əsasən, boşanmış qadının ərindən nikah müddətində əldə olunmuş istənilən əmlakın yarısını tələb etmək hüququ var. İstifadə hüququ ilə bağlı qanuna müəyyən dəyişiklik edilib. Əvvəlki məcəlləyə əsasən, qadının qaynatanın, qaynananın mənzilindən qarşılıqla razılaşma əsasında istifadə etmək hüququ var idi. Bu razılaşma notarial qaydada təsdiq olunmalı və dövlət reyestrində qeydiyyatdan keçirilməli idi. İndiki halda isə boşanmış qadının qaynata və qaynananın evindən istifadə etmək hüququ yaranmır. Bir sözlə, boşanmış qadının qaynatasının(qaynanasının) evindən istifadə etmək hüququna yiyələnmir.

- Sizcə, bu dəyişikliyi nə dərəcədə ədalətli qərar hesab etmək olar?

- Qanunvericilikdə qadının yalnız ərindən hansısa mülkiyyəti tələb etmək hüququ təsbit olunub. Qadın ərə gedəndə fikirləşməməlidir ki, o qaynata, və yaxud da qaynanasının evində qalacaq. Qadın ərə getdiyi insandan nəyisə tələb edə bilər. Qaynana və qaynata heç bir halda öz övladlarına cavabdeh sayılmırlar.

- Gənc vəkillərə nələri tövsiyə edərdiniz?

- Gənc vəkillərə ilk növbədə tövsiyəm ondan ibarətdir ki, onlar vəkil etikasına riayət etsinlər və vətəndaşlarla vicdanlılıq prinsipi əsasında münasibət qursunlar. Ən əsası da öz şəxsi maraqlarını vətəndaşın maraqlarından üstün tutmasınlar. Hər bir vəkil öz üzərində daima işləməlidir və özünü təkmilləşdirməyə çalışmalıdır. Vəkillər daima oxumalı, öyrənməli və qanunvericiliyə edilmiş dəyişiklikləri həmişə diqqətdə saxlamalıdırlar. Vəkillik peşəsinə xələl gətirən heç bir addım atmasınlar.

Ceyhun Əhmədli

Açar sözlər:

Oxunub: 10175


Oxşar xəbərlər