Kitab qəbiristanlığı


20:08     21 Aprel 2016 FB1786F7-5B98-4C96-A8DA-10C7D2BB100F_w640_r1_s7.jpg

"Həyətimizdəki tut ağacının başında gizlənib bu qorxunc tarixi ənənəyə çevrilmiş kitab soyqırımı törəninə baxıram. Kitabları mollasız, yasinsiz və sakitcəsi torpağa gömürlər."

"Bu eybəcər saqqallı milçəklər “Farenheyt 451” romanındakı mexaniki köpəyin işini görürdülər. Evləri ayaqdan başa gəzir, təftiş edir və axtarırdılar..."


Don Kixotun oxuduğu pəhləvanlıq haqda yazılmış kitabları keşiş və onun köməkçisi yandırmışdı. Onlar bu işi görməklə qəhrəmanımızın ruhi sayruluğunua (xəstəliyinə - Dədə Qorqud kitabı) çarə qılmaq fikrindəymişlər sanki. Ədəbiyyatın əbədi personajlarından birini bizim əlimizdən almaqmı istəyirmişlər? Yox, yox, bu, olası iş deyildi.

Şanlı cəngavərimiz mülkünün bir qismini satıb, pulunu pəhləvanlıq haqda yazılmış kitabları almağa xərcləmişdi. Kitab yandıranların bu xəyanəti baş tutmadı. Onlar gecikmişdilər. Əfsanəvi cəngavərimiz artıq öz yolunu seçmişdi.

Pəhləvanlıq haqda yazılmış kitablar olmasaydı, bizim nə Don Kixotumuz var idi, nə də Servantesimiz.

Buna görə roman sənətinin yaranmasında Servanteslə yanaşı yandırılmış kitabların da rolu var. Ulu Tanrı onlara rəhmət eləsin.

Ancaq yandırılmış kitabların rəvayəti yarımçıq qalıb.

Yazıçı və şairlər qələmin zorlanmış, yandırılmış və basdırılmış həyat yoldaşının uşaqlarıdırlar. Uşaqlar yeni Analar yaratmasaydı, bizim kökümüz kəsilmişdi. Uşaqlar bir növ zina ilə məşğul imişlar, ilkin əcdadlarımız kimi.

Kitablar və kitabxana bəşər yaddaşını özündə daşıyır. Yaddaşını yandıran və torpağa basdıran dövlətlər və şəxslər necə də Çingiz Aytmatovun “manqurtuna” oxşayırlar. Senzuranın da belə bir funksiyası var. Kitabı basdırmaq, yandırmaq və əsərlərə senzura tətbiq etmək bəşəri “manqurt”laşdırma və yaddaşsızlaşdırmağa doğru aparır.

Helene Cixou demişkən, “kitabxana gizli sirlərin gözətçisidir”. Gözətçisini və sirrini yandıran və basdıranlar sivilizasiyanın ən böyük düşmənidirlər.

İran İslam İnqilabında yalnız insanlar öldürülmədi. Bu yayğınlaşmış yanlış düşüncəyə qarşı çıxmaq lazımdır. İnqilab sonrası basdırılmış kitabların səsini-hənirtisini təndirlərdən və baxçalardan eşitmək olar. Təndirdə yandırılan və bağça torpağında basdırlan kitablardan nə çiçək qoxusu gələr, nə çörək dadı.

Ölkəni bürümüş zəhərli göbələklərin quluna çevrilmiş eybəcər saqqallı milçəklər şəhərdən-kəndə, xiyabndan-küçəyə, dükandan-evə, otaqdan-otağa və kəndlərin kərməliyində eşənəklənib ağnamaqdan tutmuş, ayaqyolu gözündə yeməklərini bulub səma rəqsi edənə qədər geniş bir coğrafiyada kitab edamı və kitab repressiyası ilə uğraşırdılar.

Bu eybəcər saqqallı milçəklər “Farenheyt 451” romanındakı mexaniki köpəyin işini görürdülər. Evləri ayaqdan başa gəzir, təftiş edir və axtarırdılar. Bağçaları bel və belçələrlə qazır və təndirlərin içinə girib Ray Bradbury`nin proqramlaşdırılmış mexaniki köpəyi kimi eşənəklənir və kitab qoxusunun izinə düşürdülər.

Bu, İran mədəniyyətinin torpaq altında basdırılmış tarixidir. İnqilab sonrası siyasi-ictimai qüvvələrin arasında yaranmış çəkişmələr və qanlı-qadalı hadisələrdə insanın canı ilə yanaşı sözün canına da qıydılar.

Bu kitabların böyük əksəriyyəti solçular, xalq mücahidləri və başqa siyasi ictimai qüvvələrə aid idi. “Sözün can” olmasını bilməyənlər, sözə və kitaba qıyanlar, Heinrich Heine demişkən, “insanları da yandıracaqlar”.

Pəhləvi rejimi dönəmi Güney Azərbaycanda qalaq-qalaq yandırılan Ana Dili kitabları (Milli Hökumətin çökməsindən sonra), Əhməd Kəsrəvi və onun fikirdaşları tərəfindən yandırılan Hafiz, Sədi və başqa divan şairlərinin əsərləri elə bir geniş qəbiristandır ki, bunun həqiqi simasını arxeloqlar üzə çıxara bilər. Əlbəttə, yalnız kitab qəbristanlığındakı gorları qazmaqla bu işi yerinə yetirmək olar.

Ancaq İslam İnqilabından sonrakı kitab repressiyası daha geniş vüsət almışdı. Bunlar, bir neçə il üçün universitetləri bağlayıb Şiə qanunlarına uyğun elm, mədəniyyət və ədəbiyyat dərslikləri hazırlamağa çalışırdılar. Buna “mədəniyyət inqilabı” deyirdilər. İdeoloji inqilabların bir çoxunda isə kütləvi edamlar və repressiyalarla yanaşı kitab soyqırımı və “mədəniyyət inqilabı”na da tanıq oluruq.

Təəssüflə, doğma vətənimiz olan Quzey Azərbaycanda da belə repressiyalar və senzuralara şahid olmuşuq. Yalnız Sovet dövrü deyil, son zamanlar Azərbaycanın bir çox şəhərində Əkrəm Əylislinin “Daş Yuxular” romanını yandıranlar həmin ənənənin davamçısıdırlar.

Kitab soyqırımı ilə məşğul olanlar eybəcər saqqallı milçəklər, mexaniki köpək və qullaşmış yığın sürüsündən başqa bir şey deyillər.

Bu ənənənin, qanunlaşmağa doğru gedən bu qorxunc qaydanın mənfi cəhətlərini fərdi əxlağımızda da görürük. Fərqli düşünənlər və məsələlərə bizim kimi yanaşmayanların başına olmazın işgəncələri və əzabları gətirmişik və gətiririk də.

Əynimdəki köynəyim, ayaqqabım və şalvarım gödəlib, kiçilib, çox balacalaşmışam. Kiçicik əllərimi üzümə çəkirəm, tüksüz, sütül və sarışın bir uşağam. Nənəm yuxuma gəlmiş. Bayatılar və ağılar bulağı olan dili, dumduru sularını içimə axıdır. Gənclik çirkinlikləri, kirləri və şəhvət paxırları içimdən silinir, bulaqlaşıram.

Oğlunun kitablarını bibimgilin təndirində yandırmasından danışır. Kitabların yarısını öz evimizdə basdırdığını və qalanını qızıgilin təndirində yandırdığını deyir. Özü də kədər torpağında bəslənmiş dili ilə.

Uşağam, kitabın nə olduğunu bilmirəm. Hələ məktəbə də getməmişəm. Özümdən yekə olan beli götürüb bağçanı qazıram. Ay nənə, kitablar hardadır? Onları hansı bağçada basdırmışdın - deyirəm. Rəhmətlik nənəm gülümsəyir.

Onlar ara-sıra yuxuma gəlirlər. Həyətimizdəki tut ağacının başında gizlənib bu qorxunc tarixi ənənəyə çevrilmiş kitab soyqırımı törəninə baxıram. Kitabları mollasız, yasinsiz və sakitcəsi torpağa gömürlər. Göz yaşlarını belə, onlardan əsirgəyirlər.

Köpəyin hörməsi ilə yuxudan dik atılıram. Qarşımda mexaniki köpəyi görürəm. Qəzəbli və kinli baxışını gözlərimə dikib, nifrətlə mırıldayır. Gecədən köksüm üstə qalmış Dədə Qorqud kitabına baxır.

Elşən Böyükvənd
Femida.az

Açar sözlər:

Oxunub: 2249