Talışdan separatçı çıxmaz


16:57     27 Aprel 2016 12274469_1526916387628288_1115055753544224092_n.jpg

Son günlər “separatçı talış” deyimi ölkə mediasını əməlli-başlı zəbt edib. İrəvandan yayımlandığı açıq-aydın bilinən Talışıstan TV-də səslənən fikirlər bu cür deyimlərin yaranmasına rəvac verir. Amma nə Talışıstan TV-nin, nə də Ermənistan tərəfindən maliyyələşən digər media qurumlarının Azərbaycan ərazisində yaşayan talış etnosu ilə yaxından-uzaqdan heç bir bağlılığı yoxdur.


Talışıstan TV-nin əsas simalarından olan Zabil Məhərrəmov adlı şəxs öz çıxışlarında bildirir ki, guya o, talışların dilindən çıxış edir. Lakin onun pul aldığı Vazgenlərə xidmət etdiyi heç kəsə sirr deyil. Bunu Azərbaycanda yaşayan talışlar da çox gözəl bilir. Maraqlısı ondan ibarətdir ki, Zabil Məhərrəmovun yaxın qohumları indinin özündə də heç bir məhdudiyyət qoyulmadan Masallı rayonunda şad-firavan həyat sürürlər. Aldığımız məlumata görə, hətta onların bəziləri Zabildən üz döndəriblər.

Azərbaycan hər birimizin vətənidir

Ölkəmizdə yüz mindən artıq talış etnosuna məxsus insan yaşayır. Tarixin heç bir dövründə həmin etnosla yerli türklər arasında hər hansı bir etnik qarşıdurma yaşanmayıb. Bu vaxta qədər talışlara qarşı heç bir ayrıseçkilik tətbiq olunmayıb. Onlar yerli türklər kimi Azərbaycanı öz dövləti hesab edir. Azərbaycan bütün etnosları ilə bir dövlətə çevrilib. Bu dövlət həm türkün, həm də talışın, ləzginin, tatın, udinlərin, avarların, saxurların və digər azsaylı etnosların dövlətidir. Tarixə nəzər salsaq, görərik ki, bu azsaylı etnosların hər biri Azərbaycanın bütövlüyü uğrunda əllərindən gələni ediblər. Dağlıq Qarabağ münaqişəsi zamanı şəhid olan talış qardaşlarımızı da unutmamışıq. Lənkəran batalyonun Qarabağdakı nümunəvi fəaliyyəti yaddaşlardan silinməyib. Yəni bu dövlət təkcə türkün yox, həmçinin siz talışların və digər azsaylı etnosların dövlətidir. Bu dövlətin müstəqilliyi və ərazi bütövlüyü uğrunda yerli etnoslarla birgə minlərlə şəhid vermişik və verməyə də davam edirik. Odur ki, birlikdə yaratdığımız dövlətə gəlin, sahib çıxaq.

Vaxtilə Əlikram Hümbətov erməni havadarlarının dəstəyi ilə `Talış-Muğan Respublikası`nı qondardı, amma məqsədinə nail ola bilmədi. Talışlar Əlikramın yox, Ulu Öndərin ardınca getdi. Çünki talışların zehnində separatçı niyyət olmayıb, olmayacaq. Bu yerli etnos Azərbaycanı özünün dövləti hesab edir. Talışıstan tv kimi media qurumu da nə vaxtsa ardıcılları olmadığına görə iflasa uğrayacaq. Bu labüddür.

P.S. Talışdan separatçı düzəltmək planınız qursağınızda qalacaq. Onlar Azərbaycanı ən az yerli türklər qədər çox sevirlər. Azərbaycan uğrunda şəhid olmağı şərəf hesab edən bir etnos heç vaxt separatçı fikirlər arxasında qaçmaz. Buna görə də nə qədər ki, tezdir öz mənfur niyyətlərinizdən əl çəkin.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 5263