Cüdoçumuz Meksikada bayrağımızı qaldırdı


14:47     28 May 2016 g.jpg

Meksikanın Qvadalaxara şəhərində cüdo üzrə “World Masters” turnirinə start verilib.



Femida.az xəbər verir ki, Rio-2016-ya son lisenziya xalı verən yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu alınıb. Mübarizəyə qoşulan hər 2 cüdoçumuz çıxışını mükafatla başa vurub.

Belə ki, 60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Orxan Səfərov turnirə 1/4 final mərhələsindən başlayıb. O, startda türkiyəli Bəkir Özlüyə ipponla qalib gəlib. “Böyük Dəbilqə”nin qızıl medalçısı yarımfinalda da inamlı təsir bağışlayıb. Fransa cüdoçusu Valid Hyarı məğlub edən Səfərov finalda bu ölkənin digər idmançısı – Vinsent Limar ilə qarşılaşıb. Həlledici qarşılaşmada da qələbə seriyasını davam etdirən Orxan çempion adına yiyələnib.

66 kq çəki dərəcəsində mübarizə aparan Nicat Şıxəlizadə 1/8 finalda italiyalı Fabio Basileni məğlub edib. Lakin zədədən yeni qayıdan idmançımız bu uğurunu 1/4 finalda davam etdirə bilməyib. O, Monqolustan təmsilçisi Tumurxuleq Davadorjla dueldən məğlub ayrılıb. Buna baxmayaraq, Şıxəlizadə təsəlliverici görüşlərdə özünü doğruldub. Yaponiyalı Tomofumu Takayo üzərində qələbə qazanan Nicat bürünc medal uğrunda qarşılaşmada portuqaliyalı Sergiu Oleynikə də şans verməyib.

Qeyd edək ki, 51 ölkədən 235 idmançının (117 kişi, 118 qadın) mübarizə apardığı “World Masters” turnirində Azərbaycan millisi 7 cüdoçu ilə təmsil olunur.

Açar sözlər:

Oxunub: 3804