Ərdoğanın “düşmən istehsalı” nə vaxt dayanacaq?


15:17     07 İyun 2016 ceyhun0.jpg

Daima düşmən axtarışında olmaq etdiyin səhvləri pərdələməkdən başqa bir işə yaramır. Kimlərinsə ünvanına yerli-yersiz ifadələr səsləndirmək, nədəsə ittiham etmək sonda döyüş meydanında təklənməklə nəticələnir.


Bu praktika ilə gündəlik həyatda da qarşılaşmaq mümkündür. Özündən güclü şəxslərin ünvanına tənqidi fikirlər söyləmək hər bir insana kütlə daxilində xal qazandıra bilər. Düşmənlərinin sayı durmadan artan Türkyədə bu missiyanı hazırkı prezident Rəcəb Tayyip Ərdoğan çox “uğurla” icra edir.

Ərdoğan Atatürkdən sonra Türkiyənin yetişdirdiyi ən nüfuzlu siyasətçidir. Liderlik keyfiyyətlərinə görə onu dünyanın ən nüfuzlu siyasi xadimləri arasında göstərmək olar. 13 ildir, sükanı heç kəsə təhvil verməməsi də onun siyasi gücündən və kütlə daxilindəki nüfuzundan xəbər verir. Ərdoğanın demokratik seçkilər yolu ilə hakimiyyətdə qalması da heç kəsdə şübhə doğurmamalıdır.

Təəssüf ki, Ərdoğan bu müsbət keyfiyyətləri ilə yanaşı xarici siyasətdə uğursuz həmlələri ilə də yadda qalır. Bu uğursuzluğun kökündə isə gələcəyə hesablanmamış çıxışlar, yerli-yersiz siyasi gedişlər dayanır. “Gələcəyə hesablanmamış” deyərkən söhbət Türkiyənin gələcək taleyindən gedir. Yəni Ərdoğan kütlə qarşısında ittihamlar üzərində qurulmuş nitq söyləyərkən bir növ özünün daxildəki mövqeyini möhkəmləndirir. Çünki sadə kütlə həmişə pafoslu çıxışlar edən siyasətçilərin arxasınca gedir. Ərdoğanın 2009-cu ildə keçirilən Davos İqtisadi Forumundakı “one minute” həmləsi də Türkiyənin beynəlxalq imicinə nə qədər mənfi təsir etdisə, (İsraillə müasibətlər korlandı, Fransa ilə diplomatik gərginlik və s.) Ərdoğanın kütlə arasındakı nüfuzunu bir o qədər yüksəltdi. Təkcə Türkiyə daxilində deyil, bütün Ərəb dünyasında ona qurtarıcı kimi baxmağa başladılar.



Ərdoğanı “düşmənə doymayan lider” kimi də xarakterizə etmək olar. Onun kütlə qarşısında olan çıxışlarına nəzər salsaz, sadə bir nüansı dərhal his edərsiniz. Çıxış başdan ayağa qərb dövlətlərinin tənqidi üzərində qurulub. Yaşanan uğursuzluqların ardınca Ərdoğanın özünəməxsus çıxışları da səngimək bilmir. Ərdoğan etdiyi yalnış siyasi gedişlərin onun kütlə arasındakı nüfuzuna xələl gətirməməsi üçün düşmən yaratma siyasətindən məharətlə istifadə edir. O, qərbin inkişaf etmiş dövlətləri olan Almaniya, Fransa, İngiltərə kimi dövlətləri ilə dost olmaq yerinə həmin dövlətləri özündən uzaqlaşdırır. Və bu uzaqlaşma istənilən halda böyük Türkiyənin zərərinə işləyir. Almaniya Bundestaqının qondarma “erməni soyqırımı” layihəsini tanıması da Ərdoğanın düşünülməmiş taktiki gedişlərinin məntiqi nəticəsi kimi dəyərləndirilə bilər.

Lakin Ərdoğan yenə boş durmur. O, bu dəfə də İngiltərəni Avstraliyada soyqırımı törətməkdə ittiham edir. Ərdoğandan soruşmaq lazımdır: Avstraliyanın problemindən sənə nə?! Avstraliya İngiltərə ilə dostluq etməkdən çox məmnundur. İki ölkə arasında möhkəm, sarsılmaz əlaqələr mövcuddur. Yəni Ərdoğanın İngiltərəni Avstraliyada soyqırım törətməkdə günahlandırması ən sonda Türkiyənin zərərinə olacaq. Buna görə də yaxın zamanlarda Böyük Britaniya parlamenti qondarma “erməni soyqırımı” layihəsini tanısa, təəccüblənməyin.

Bu məqamda bir sual meydana çıxır: Ərdoğanın “düşmən istehsalı” nə zaman dayanacaq?

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 5383