`Ermənilər başıma yarım milyon dollar qoymuşdu` - Azərbaycanlı qadının dəhşət dolu həyatı


19:15     23 İyun 2016 esas%20senub.jpg

“Qorboçov yarım milyon azərbaycanlının ölüm əmrini imzalamışdı. Baş verən zəlzələ buna mane oldu ”


Femida.az-ın növbəti müsahibi 1988-ci ildə ailəsi ilə birlikdə Qərbi Azərbaycandan deportasiya olunan, başına müsibətlər gələn tədqiqatçı-yazar, idman ustası Sənubər Sarallıdır. (Abdullayeva)

Müsahibəni oxuculara təqdim edirik:

- İlk olaraq sizi tanıyaq...

- 1952-ci ilin 29 fevralında Pəmbək mahalının Qarakilsə (Kirovakan) rayonunun Saral kəndində anadan olmuşam. 1960-cı illərdə idman gimnastikası üzrə idman ustalığına namizəd seçildim və Ermənistan çempionu oldum. Daha sonra Kirovakan (Qarakilsə) şəhərindəki musiqi texnikumunun vokal sinfini bitirdim. Ermənistanda idman gimnastikası üzrə çoxnövçülük qrupunda çempion oldum. 1968-ci ildə Sankt-Peterburq şəhərində SSRİ xalqlarının 10-cu spartakadiyasının iştirakçısı oldum. Daha sonra qılıncoynatma üzrə idman ustalığına namizəd seçildim. 1975-1988-ci illərdə qılınc oynatma üzrə məşqçi və müəllim kimi fəaliyyət göstərmişəm. 1985-ci ildə SSRİ “Bilik” cəmiyyətinin üzvü oldum və müalicə idmanı üzrə Ermənistanda mühazirə oxumağa başladım.

- Sizi daha çox azərbaycanlıların Ermənistanda öldürülməsi ilə bağlı faktları araşdıran tədqiqatçı kimi tanıyırlar...

- Ermənistanda yaşayan Azərbaycanlıların öz ata-baba torpaqlarından deportasiya olunmasının canlı şahidi olmuşam. Mən Ermənistanda türk qızı kimi tanınırdım. 80-cı illərdə “Bilik” cəmiyyətinin Ermənistandakı şöbəsində erməni dilində mühazirələr oxuyurdum. Sumqayıt hadisələrindən sonra Ermənistanda yaşayan azərbaycanlılar kütləvi şəkildə Azərbaycana keçməyə başladılar. Mən isə 1988-ci ilin dekabrında anamı və bacımı Azərbaycana gətirə bildim. Onları Azərbaycana keçirsəm də, özüm 12 dəfə Qazaxdakı “Qırmızı körpü”dən Ermənistana keçdim və geri qayıtdım.

- Həmin dövrdə gənc bir qadının təkbaşına Ermənistana getməyi təhlükəli deyildimi?

- Hər dəfə Ermənistana keçəndə Qarabağ ermənilərinin ləhcəsində danışırdım. Mən erməni dilində sərbəst danışa bildiyim üçün azərbaycanlı olduğumu anlaya bilmirdilər. Elə bilirdilər ki, Bakı, ya da Qarabağ ermənisiyəm. Azərbaycandan Ermənistana keçərkən iki “boevik” postu, bu iki postun arasında isə polislərin dayandığı başqa bir erməni postu var idi. Azərbaycan tərəfdə isə yalnız polislərin dayandığı bir post var idi. Həmin postda isə Rusiya hərbçiləri dayanırdı. Mən anamı və bacımı Azərbaycana keçirərkən postda “Boevik”lərdən biri növbədə idi, o biriləri isə mürgüləyirdi. 1988-ci ilin dekabrın 5-də anam və bacımla qarın üstündə sürünə-sürünə dağlıq əraziləri keçəndən sonra Azərbaycan sərhəddinə çatdıq. Erməni postlarını bir təhər keçə bildik. Azərbaycan tərəfə keçən kimi anama dedim ki, mən evimizə qayıdacam. Anamla bacımı Qazaxdan Bakıya göndərdim. Özüm isə Qazaxda qaçqın düşərgəsində qaldım. Elə oldu ki, həmin vaxt Rusiya Təhlükəsizlik Xidmətinin əməkdaşları Ermənistanda azərbaycanlıların başına gətirilən faciələri və ölüm faktlarını qeyd edirdilər. Ancaq onlar azərbaycan dilini bilmirdilər. Ermənistanda yaşayan azərbaycanlılar isə rus dilini bilmirdilər. Mənim birinci katib Murad Aşurovla rus dilində danışdığımı görən Rusiyalı hərbçilər çox sevindi. Məndən xahiş etdilər ki, Ermənistanda öldürülən azərbaycanlıların siyahısını yazmaqda onlara köməklik edim. Onlara dedim ki, şərtim var. Biriniz mənimlə Ermənistana gedəcəksiniz. İzah etdim ki, evimdən heç nə götürməmişəm və buna görə də mütləq Ermənistana qayıtmalıyam. Heç ağlıma da gəlmirdi ki, öldürülən azərbaycanlıların siyahısı mənə sonradan lazım olacaq. Ermənistanda bütün vəzifəli şəxslər məni idmançı kimi tanıyırdı. Bir neçə dəfə Ermənistan bayrağı mənə görə qalxmışdı. Adi insanlar da məni tanıyırdı. Yəni Ermənistana getsəydim, küçədən keçən 5 yaşlı uşaq da məni tanıyardı. Rus zabitlərlə razılaşdım ki, bir nəfər mənimlə Ermənistana gedəcək və qayıdacaq. Ağlaya-ağlaya azərbaycanlıların başına gətirilən müsibətləri yazırdım. Sonra dedilər ki, siyahını ver bizə, qaralama olan kağızları isə cır ki, başqasının əlinə keçməsin. Mən isə qaralamada olan siyahını qoynumda gizlətdim. Çox qorxurdum. Çünki əgər Təhlükəsizlik Xidmətinin zabitləri bundan xəbər tutsaydılar, həyatım üçün təhlükə yarana bilərdi. Bununla da öldürülən 64 nəfərin siyahısı məndə qaldı. Həmin 64 nəfər azərbaycanlı bir gün ərzində Ermənistanda öldürülmüşdü. Bir neçə dəfə Moskvaya öldürülən azərbaycanlılarla bağlı ərizə yazdım. Yazdığım ərizələrin cavabları Ermənistandakı ünvanıma göndərilirdi. Cavabda bildirilirdi ki, məsələni yerində həll edin. Erməni xüsusi xidmət orqanları mənə gələn məktubları qəbul edirdi. Bundan xəbər tutan daşnaqlar mənim həmin faktları Moskva və dünya ictimaiyyətinə çatdıra biləcəyimdən qorxaraq başıma yarım milyon dollar pul qoydular.



- Bunu bilə-bilə yenə də Ermənistana gedib-gəlirdiniz?

- Bəli. Başıma yarım milyon dollar pul qoyduqlarını bilə-bilə yenə də Ermənistana gedib-gəlirdim. Həmin vaxt Azərbaycanda çox haqsızlıq gördüm. Bəzi məmurlarımız qaçqınların bu vəziyyətindən istifadə edərək varlandılar. Mənə isə deyirdilər ki, sizə yataqxanada ev veriləcək. Qaçqınlara ayrılan pullar mənimsənilirdi. Bakıya gələndən sonra il yarım evsiz-eşiksiz qaldım. Hətta o hədə çatdım ki, özümü dənizə atam. Bulvarda oturub fikirləşdim. Dedim, axı mən nə qədər Ermənistana gedib gələcəm. “Xutor”da kirayədə yaşayırdım. Sonra nəhayət ki, mən Kirovakandakı evimi Bakı ermənisi ilə dəyişə bildim. Sumqayıt hadisələrindən sonra daşnaqlar daha da qudurdular. Gəncləri Ermənistanda zorla terrorçu təşkilatlara üzv qəbul etdirirdilər. Hətta ailələri təhdid də edirdilər ki, əgər onların övladı daşnaqların sırasına qoşulmasa, öldürülə bilər. Hətta mənim bəzi tələbələrim də zorla erməni terrorçu təşkilatların üzv qəbul etdirildi.

- Qərbi Azərbaycanda ermənilərlə münasibətiniz necə idi?

- Ermənistandakı qonşularım çox yaxşı insanlar idi. Mən onları müalicə edirdim. Onların övladları mənim yanımda idmana gəlirdilər. “Boevik”lər gələndə qonşularım onların qarşısına çıxaraq məni müdafiə etmişdilər. Ermənilərin çoxu azərbaycanlıların deportasiyasını istəmirdilər. Qonşularım mənə yalvarırdı ki, heç bir yerə getməyim. Mən də şəhərin mərkəzində hərbçilər üçün tikilmiş binanın 4-cü mərtəbəsində yaşayırdım. Həmin vaxt zəlzələ nəticəsində bütün şəhər dağılsa da, mənim evimə heç bir zərər dəyməmişdi. Mən anamı və bacımı Azərbaycana gətirsəm də, tez-tez gizli yollarla Ermənistana, evimə qayıdırdım. Bu proses 12 dəfə davam etdi.

- Bəs necə edirdiniz ki, Ermənistanda sizi tanımırdılar?

- Mən 100 adamın həyatını yaşamışam. Tanımadığım azərbaycanlıları Qazax postundan Azərbaycana keçirirdim. Postda erməni polislərinə deyirdim ki, azərbaycanlıları ona görə sərhəddən keçirirəm ki, evimizi dəyişək. Başıma parik qoyurdum, eynək taxırdım, əlimə isə çəlik alırdım ki, qoca qadın kimi görünüm. Çünki zəlzələdən sonra “boeviklər” cavan qadın axtarırdılar. Çantamda isə həmişə bıçaq olardı. Əgər mənə erməni toxunsaydı, əvvəlcə onu öldürüb, sonra isə damarımı kəsəcəkdim. Bir dəfə Ermənistanda qadın rəfiqəmin evində idim. Binanın 4-cü mərtəbəsində idik. Viktoriya adlı rəfiqəm mənə dedi ki, “boevik”lər gəlib və məni axtarırlar. Mən təcili qaçmalı idim. Qapıdan çıxsaydım, məni girov götürə bilərdilər. Rəfiqəmin atası və qardaşı kravatı saxladı. 10 ədəd mələfəni bir-birinə bağladıq və dördüncü mərtəbədən aşağı sallandım. “Boevik”lər rəfiqəmin qapısına artıq çatmışdı. Mən də birinci mərtəbəyə qədər sallandım, ancaq mələfə yerə çatmadı. Yuxarıdan mənə deyirdilər ki, tullanım. Rəfiqəmin anası qapıda “boevik”lərin başını qatırdı və deyirdi ki, 2-3 dəqiqə gözləsinlər, əynini geyinib gəlir. Mən məcbur qalıb birinci mərtəbədən tullandım. Bu zaman digər rəfiqəm gəlib maşınla məni apardı. Sonra Azərbaycana qayıtdım. 15 gün sonra evimin sənədlərini toplamaq üçün yenidən Ermənistana gedəsi oldum. Artıq qayıda bilməməkdən qorxurdum. 1990-cı ilin 24 aprel günü idi. Gözümdə eynək var idi. Poçtda zəlzələ pulunu alarkən bir erməni məni tanıdı. Həmin erməni bacımla bir sinifdə oxumuşdu. Məni girov götürmək istədilər. Lakin oğlanlardan biri dedi ki, bu qıza yaxınlaşmaq olmaz. Mənim idmançı olduğumu bilirdi. Kirovakanda hamı məni tanınmış qılıncoynadan kimi tanıyırdı və bilirdilər ki, məni bir-iki nəfər tuta bilməz. Allaha yalvardım ki, sonuncu dəfə məni qorusun. O anda yadıma düşdü ki, poçtun ayaqyolusunda pəncərə sınıqdır. Pəncərini kardonla bağlamışdılar. Çantamdan bıçağı çıxardım və kardonu mismardan ayırdım. Əvvəlcə ayağımı, sonra isə bədənimi və çantamı pəncərədən keçirdim və tullandım. Taksilər sıra ilə düzülmüşdü. Həmin vaxt taksilər növbə ilə çıxırdılar. Yəni birinci sırada olan taksi çıxmamış ikinci və ya üçüncü taksi çıxa bilməzdi. Mən isə birinci taksidə oturmalıydım. Birinci taksi isə poçtun qapısının ağzında dayanmışdı. Həmin taksiyə minsəydim “boevik”lər məni görə bilərdilər. Ürəyim əsirdi. Bu zaman əlavə “boevik” dəstəsi gəldi. Çiyinlərində avtomatları var idi. “Hanı türk, hara getdi o?”, - deyə qışqırırdılar. Onlar poçta daxil olan kimi taksiyə oturdum. Əgər idmançı olmasaydım, girov düşə bilərdim. Ümumiyyətlə, sağ qalmağımın səbəblərini belə izah etmək olar: 1. Dil bilmək; 2. İdmançı olmaq; 3. Pulumun olmağı; 4. Həmin əraziləri yaxından tanımaq; 5. Vətən və xalq sevgisi.

Bu, sonuncu Ermənistan səfərim oldu. And içmişdim ki, bir daha ora getməyəcəyəm.

- 1980-ci illərin sonlarında Ermənistanda abi-hava necə idi?

- Bizi Ermənistandan qovmaq üçün çoxdan hazırlaşmışdılar. 1988-ci ilin noyabr ayında İrəvanda beynəlxalq millətlararası konfransda iştirak edirdim. Zalda türk olduğundan xəbərsiz idilər. Dedilər ki, türklər artıb. Səsimi çıxarmadım. Dedilər ki, bu türklərin sayı yarım milyonu ötüb. Yenə səs çıxarmadım. Deyəndə ki, Kirovakan ətrafındakı kəndlərdə türklərin sayı xeyli artıb, artıq özümü saxlaya bilmədim. Yerimdən qalxdım və dedim ki, kimi nəzərə alırsınız? Türkiyənin türklərini, yoxsa Azərbaycan türklərini? Zalda səs-küy yayıldı. Bildilər ki, zalda türk qızı var. Qorxu içində idim. Səhnənin qarşısında isə “boevik”lər və daşnaklar oturmuşdular. Mənə çıxış etmək təklif olundu. Onlara dedim ki, danışaram, amma 2-3 adamdan sonra. Çıxdım səhnəyə adımı, soyadımı dedim və gizlincə səhnədən ayaqyoluna tərəf getdim. Bunlar elə bildilər ki, mən çıxış etməyə hazırlaşıram. Lakin mən gizli yollarla konfrans zalından qaçdım. Bilirdim ki, mən o zaldan sağ çıxmayacağam. Bütün zal ermənilərdən ibarət idi. Yanımda oturan oğlan mənimlə vaxtilə bir yerdə işləmişdi. O, məni yaxşı tanıyırdı və istəmədi ki, məni girov götürsünlər. Mənə izah etdi ki, ayaqyolunun yanından qaça bilərəm. Yəni bizi Ermənistandan qovmaq üçün onlar əvvəlcədən hazırlıq görmüşdülər. Qərbi Azərbaycandan bir nəfər də sağ çıxmamalı idi. O əmri Qorboçov imzalamışdı. Lakin baş verən zəlzələ Qorboçovun bu planına mane oldu. Azərbaycan tütrkləri artıq şəhərdə rahat yaşaya bilmirdilər.

- Təqribən nə qədər azərbaycanlı deportasiya olundu?

- 80-ci illərin sonunda Ermənistanda yarım milyondan artıq azərbaycanlı yaşayırdı. Azərbaycanın tarixçiləri Ermənistanda yaşayan azərbaycanlıların sayını düzgün vermirlər. 1948-53-cü illərdə 400 min azərbaycanlıdan 53 mini Mil-Muğan düzünə köçürüldü. 53 min nəfərin bir hissəsi iqlim şəraitinə uyğunlaşa bilmədiyi üçün yenidən Ermənistana qayıdır. 1988-ci ildə deportasiya olunan azərbaycanlıların sayı isə 200 min olaraq göstərilir. Necə olur ki, 1988-ci ilə qədər azərbaycanlıların sayı artmadı?! Üstəlik, 1979-cu ilin statistik göstəricisinə görə, Ermənistanda 468 min azərbaycanlı yaşayırdı. Biz Ermənistandan qovulduqdan sonra sayımız endirildi.

- Nəyə görə say az göstərilib ki?

- Biz SSRİ rəhbərliyinə müraciət etmişdik ki, dağ rayonlarından qovulmuş azərbaycanlılar ya Qarabağda, ya da Ermənistan-Azərbaycan sərhədində yerlədirsinlər. Əgər sayımız yarım milyon göstərilsə idi, biz Ermənistan-Azərbaycan sərhəddində muxtariyyət əldə edə bilərdik. Bu prosesə mane olmaq üçün sayımızı 185 min göstərildi. Halbuki, sayımız yarım milyonu ötmüşdü. Qorboçov Vəzirova tapşırıq vermişdi ki, deportasiya olunan qaçqınların sayı az göstərilsin. Vəzirov və Müslüm Məmmədovun bu barədə telefonla danışığınının canlı şahidi Maksim Musayev olub.

- Bildiyimiz qədərilə Moskvada da fəaliyyətiniz olub...

- 1989-cu ilin yayında Qaçqınlar Cəmiyyətindən mənə təklif etdilər ki, Moskvaya gedim. Moskvada azərbaycanlıların başına gətirilən oyunlarla bağlı hakim dairələrə ərizə yazacaqdım. Gördüm ki, Azərbaycan səfirliyinin yanındakı Puşkin meydanında bir erməni akademik çıxış edir. O, deyirdi ki, gənc azərbaycanlı oğlan 72 yaşlı bir erməni qadını zorlayıb. Əsəbdən ölürdüm. Mən də danışmaq qərarına gəldim. Amma necə danışım ki, türk olduğum bilinməsin. Oğlana erməni dilində dedim ki, mən də danışacam. Mikrofonu qoluma sarıdım ki, əlimdən ala bilməsinlər. Çantamı da sol çiynimə qoydum ki, arxadan bıçaq və ya avtomatla atəş açılsa, ürəyimə dəyməsin. Mikrofonu əlimə alan kimi sual verdim ki, məndən əvvvəl danışan o yoldaş kim idi? Həmin erməni akademikin adı çəkildi. Onun adı Saruxanyan idi. Üzümü həmin akademikə tutub dedim: indi mən sənin ananı ağladacam. Adımı deyən kimi türk olduğumu bildilər. 15 dəqiqə ağlaya-ağlaya çıxış etdim. Bildirdim ki, Ermənistanda təkcə azərbaycanlıları yox, rusları və erməni olmayan digər millətləri də qırğına məruz qoyublar. Mikrofonu əlimdən almaq istədilər. Amma buna nail ola bilmədilər. Kürəyimə avtomat və bıçaq dirəndiyin hiss elədim. Dərhal idmançı kimi bir az qabağa gəlib yana çevrildim və insanlar kürəyimə dirənmiş bıçaq və avtomatı gördülər. Dedim ki, mən səhnədən heç bir yerə getməyəcəm. Polis tələb elədim. Çünki daşnaqlar məni əhatəyə almışdı. Polislər gəldi və yenə ermənilər məni öldürə bilmədilər. Getdik səfirliyə. Bu dəfə də Allah məni qorudu. Mixaylonun əsl komandiri olan Cavad Həkimli mənim həmin meydandakı çıxışımı gördü və mənə “2-ci Anjelika” ləqəbini verdi. Sonradan bildim ki, o, “Uzaq sahillərdə” filminin qəhrəmanı olan Mixaylonun (Mehdi Hüseynzadə) real həyatdakı komandiri olub.

- Necə oldu ki, tədqiqat işlərinə başladınız?

- Mənim məqsədim Ermənistanda qırğına məruz qalan azərbaycanlılarla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması idi. Bunun üçün öldürülən azərbaycanlıların siyahısını tutdum. Kim hansı şəraitdə kimi tərəfindən qətlə yetirilib. Bunun hamısını ümumiləşdirdim. Sonra keçdim qədim tarixi həqiqətlərə. Birdən özümə nifrət edirəm ki, nəyə görə axı mən bu qədər dərinliklərə getdim. Tarixçi deyiləm, amma tarixi araşdırdım. Müsiqi, kulinariya, dilimiz, torpağımız, coğrafi mövqeyimizi araşdırdım. “Oğurlanmış tarix. Soyqırım” adlı kitabımı 19 ildən sonra tamamlaya bildim. Kitab rus dilində çap olundu. 5 hissədən ibarət olan bu kitabda Qarabağ münaqişəsi ilə bağlı qaranlıq qalan məqamlara da aydınlıq gətirilib.

- Dağlıq Qarabağda yenidən ermənilərlə birlikdə yaşaya bilərikmi?

- Bəli, əlbəttə ki, yaşaya bilərik. Çünki başqa çarəmiz yoxdur. Amma nəzərə alınmalıdır ki, əgər Dağlıq Qarabağda ermənilərlə birlikdə yaşasaq, Qərbi Azərbaycanda da ermənilər bizimlə yaşamağa razılıq verməlidir. Yəni biz də dədə-baba torpaqlarımıza qayıtmalıyıq və bizə Ermənistan daxilində muxtariyyət verilməlidir.

- Bəs, ermənilərlə yenidən dost ola bilərik?

- Dost olsaq da, gərək çomağı yerə qoymayaq...

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 20200