Şəhid anasını susuz qoyan `Azərsu` niyə susur?- Foto


16:43     24 İyun 2016 87529.jpg

Mətbuatda aprel döyüşlərində şəhid olan əsgər Əlizaman İslamovun tək yaşayan anasının suyunun kəsilməsi ilə bağlı məlumatlar yayılıb.


Femida.az məsələni araşdırmaq üçün şəhid ailəsi və aidiyyatı qurumlarla əlaqə saxlayıb. Şəhidin anası Hürnisə xanımın saytımıza verdiyi açıqlamaya görə onun yaşadığı yer Sabunçu rayonu II Zabrat, Gədəbəylilər deyilən ərazidir. Həmin ərazinin suyu kəsildiyi üçün artıq bir müddətdir susuz qalıb. Buna görə də suyu qonşulardan və aşağı məhlələrdən daşımağa məcbur olur. Bu isə tənha qadının əlavə əziyyət çəkməsinə səbəb olur.
Bizimlə söhbəti zamanı Hürnisə xanım onu da qeyd etdi ki, həyat yoldaşı ilə ayrılıb. Hətta oğlunun dəfnində belə onun atasının qohumları iştirak etməyiblər. Şəhidin dəfni üçün nəzərdə tutulmuş ərazidə dəfnə belə icazə verməyiblər.

Hürnisə xanım daha bir problemdən danışıb. O şəhid üçün veriləcək medalın hələ də ala bilməməsindən gileylənib.

“Mənimlə maraqlanan yoxdur. Oğlum vətən uğurunda şəhid olub. Amma mən üç aydır ki, dövlət tərəfindən Əlizamana veriləcək medalını, nə də başqa köməkliyi görmüşəm. Mənim tək uşağım şəhid olub və mən tək qalmışam. Gəlsinlər mənə yiyə dursunlar. Heç kim mənimlə maraqlanmır.
Komissarlıqdan mənə bildirirlər ki, atası imzalamasa, şəhidi təltif edə bilmərik. Gərək atasının imzası ola. Atası da imzalamaqdan boyun qaçırır. İndi də kimsə onu başa salıb və atası iddia edir ki, şəhid olduğu üçün dövlət tərəfindən verilən pul mənə çatmalıdı. Bu axı haqsızlıqdı. Mən uşaq böyütmüşəm atası isə, pul istəyir. Mən neçə dəfə Mehriban xanım Əliyevanın qəbuluna düşmək istəmişəm, amma bu mümkün olmadı. Xahiş edirəm məni qəbul eləsinlər. Mənim onlara sözüm var.”

Femida.az şəhid ailəsinin suyunun kəsilməsi ilə bağlı Azərsu Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti ilə əlaqə saxlamaq istəsə də dəfələrlə edilən zənglərə və yazılı sorğumuza cavab verən olmadı. Sanki, bu qurumun mətbuat xidməti mövcud deyil.

Şəhid anasının yaşadığı ərazi Sabunçu rayonu ərazisində yerləşdiyi üçün Sabunçu Sukanal Departamenti ilə əlaqə saxladıq. Bu idarədə də eyni mənzərə ilə rastlaşdıq. Çağrı mərkəzi adlandırılan şöbənin adı olsa da özləri fəaliyyət göstərmirlər. Edilən zənglərə isə cavab verən belə yoxdur.
Yalnız qaynar xəttə müraciət etdikdən sonra bizə cavab verən oldu.

Mühəndislərin bizə verdiyi məlumata görə həmin ərazidə olublar və şəhid anasının problemi ilə maraqlanıblar. Əməkdaşların bildirdiklərinə görə şəhid anasının suyu kəsilməyib. Sadəcə olaraq suyun təyziqi az olduğu üçün həmin ərazilərə su çatmır. Həmçinin sukanal departamentinin əməkdaşının bildirdiyinə görə şəhid ailəsini hər gün maşınla onları su ilə təmin edə bilərlər.

Xatırladaq ki, qurumların mətbuat xidmətləri jurnalistlərin sorğularına cavab vermək məcburiyyətindədir. Bu onların birbaşa vəzifə borclarındandır. Qaydalara əsasən sorğusuna cavab ala bilməyən vətəndaş müvafiq qurumu məhkəməyə verə bilər.

Femida.az məsələni diqqətdə saxlayacaq.



Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 10199