Komitə sədri vətəndaşları dinləyib


03:59     25 İyun 2016 kerem%20hesenov.jpg

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Siyəzəndə Sumqayıt şəhəri, Siyəzən, Abşeron və Xızı rayonlarından olan vətəndaşları qəbul edib. Femida.az-ın Şimal bürosunun verdiyi məlumata görə, müxtəlif sosial təbəqədən və yaş həddindən olan vətəndaşlar öz müraciətlərini komitə sədrinə çatdırıblar.

Əksəriyyəti daşınmaz əmlakın qeydiyyatı sahəsinə aid olan müraciətlər fərdi həyət evi, mənzillər, sovet dövründə kolxoz və ya sovxozlar tərəfindən verilmiş həyətyanı torpaq sahələrinə çıxarış, texniki pasport və digər sənədlərin alınması ilə bağlı olub. Vətəndaşların bir qismi pay torpaqlarının, kənd təsərrüfatı təyinatlı torpaqların dövlət reyestrində qeydiyyatı, belə torpaqlarda sərhədlərin dəqiqləşdirilməsi üçün müraciətlərini bildiriblər. Həmçinin, vətəndaşlar işlə təmin olunma və digər məsələlərlə bağlı köməklik göstərilməsi barədə xahişlərini də çatdırıblar.Qəbulda səsləndirilən bir sıra müraciətlər komitə sədri tərəfindən verilən göstərişlər nəticəsində dərhal həllini tapıb. Müraciətlər və suallarla bağlı vətəndaşlara mövcud qanunvericiliyin tələbləri və zəruri prosedurlar izah olunub. Araşdırılması vacib olan müraciətlər isə qeydiyyata alınıb. Komitə sədri qəbulda diqqətə çatdırıb ki, vətəndaşların sorğularını və təkliflərini nəzərə alaraq geniş hüquqi məsləhət xidmətləri göstərilir. İstənilən vətəndaş hər hansı hüquqi əməliyyat aparmazdan əvvəl Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarəsində təmənnasız olaraq hüquqi yardımdan faydalana bilər. Komitənin hüquqşünasları və ekspertləri vətəndaşın qeydiyyatla bağlı istənilən sualını, o cümlədən yeni əmlakların qeydiyyata alınması, hüquqi sənədlərin tələblərə uyğunluğu ilə bağlı məsələlər barədə müraciətini cavablandırır və ona hüquqi istiqamət verir.

Açar sözlər:

Oxunub: 843