Ata, məni niyə sevmədin?


13:49     30 İyun 2016 gunay%20ardarda1.jpg

"Atam məni sevmədi, sevmədi,

Çirkinəm, sevmədi..."


Bu, yazı yox, heç vaxt doğulmayan, atasız, amma analı qızların ağısıdır. Doğulmayan hər qız uşağı ağısı oxunmayan bir atadır.

Ata, məni niyə sevmədin? Bilirəm, çirkinəm. Hələ bir ovuc qan laxtasıyam. Qan laxtası halından çıxa da bilərdim. Böyüyə bilərdim. Sonra doğula bilərdim. Anamın bətnindən işıqlı dünyaya gələ bilərdim. Mənim də saçlarım olardı, kirpiyim, qaşım olardı. Mən də gülərdim. Gecəni, gündüzü, ayı, günəşi, dənizi görərdim. Mənim də əllərim olardı. Sən əlimdən tutardın, bəlkə də. Yanağımdan öpərdin. Qardaşımı qucaqladığın kimi məni də bağrına basardın. Mənimlə də qürurlanardın. Amma doğulmadım. Bircə əmrinlə əvvəl ayaqlarımı, əllərimi, sonra başımı kiçik-kiçik doğradılar. Hissələrə ayırdılar. Anamın keyimiş bədənindən zorla dartıb çıxardılar. Məni zibil parçası kimi dəmir qablara atdılar. Sən haqlısan, çirkinəm. Qan laxtasıyam. Hər yerimdə ağrılar var. Səssiz-sədasız qanayıram.

Mən doğulsaydım, yaxşı qız olardım. Səni incitməzdim, heç incitməzdim. Evimizin bir küncündə böyüyərdim. Səndən oyuncaqlar da istəməzdim, şirniyyat da. Ancaq doğulmadım, doğula bilmədim.

Çirkinəm. Amma pislik etməzdim. Sən deyən pis yollara düşməzdim. "Duz yükü" olub kürəyinə çatılmazdım. Murdarlanıb ailəmizə, nəslimizə ləkə gətirməzdim. Axşam dərsdən gələndə qonşu oğlan tərəfindən zorlanmazdım. Ali təhsil almaq istəyib şəhərdə pozulmazdım. Boşanıb biabır etməzdim səni kişilərin içində. Ərim məni döysə də, səs çıxarmadan göz yumardım hər şeyə. Göyərmiş üz-gözümü görəndə sən də, mən də yanağıma qapı çırpılmadığını bilsək də, səs eləməzdik. Amma kaş ki doğulardım. Çirkin olsam da...

Sən mənə inanmadın. Fikirləşdin ki, qonşu Əhməd mən evdən çıxıb dərsə gedəndə arxamca ağzının suyunu axıda-axıda baxacaq. Necə ki sən onun qızına baxırsan. Elə fikirləşdin ki, mən də bibim kimi oxumaq istəyib adınızı batıraram. Xalam kimi boşanıb papağınızı yerə soxaram. Fikirləşdin ki, məni də zorlayıb, ləkələyərlər. Necə ki sən zorlamışdın rus qızını. Fikirləşdin ki, mən də boşanaram ərimdən hər gün döyüldüyüm üçün. Necə ki birinci arvadın sənin yumruqlarından canını götürüb, qaçıb. Fikirləşdin ki, mən də qız doğaram anam kimi. Mənim də ərim "məndən qız olmaz, kimdən döllədin" deyər sənin kimi.

Mən doğulmadım. İki qardaşım oldu. Sən onlarla qürur duydun. Böyüdülər, evləndilər. Sonra səni qocalar evinə atdılar. Fikirləşdilər ki, onların arvadı, qızı sənin söyüşlərini eşitməsələr, yaxşıdır. Kaş ki doğulardım. Səni qocalar evinin bir küncündən xilas edərdim. Bağrımın başında saxlayardım səni. Uşaq da doğmazdım. Səni böyüdərdim uşaq kimi. Kaş ki tibb bacılarının yox, mənim qollarımda can verəydin. Sənə ağı deyəydim. Deyəydim ki, atam məni sevmədi, sevmədi... Çirkinəm, sevmədi...

Günay Arda

Açar sözlər:

Oxunub: 4137