Məktəb direktorunun saytı xəbər oğurluğu edir - Bakıda şok olay


17:34     26 İyul 2016 direktor0.jpg

Ölkəmizdəki son döyüşlərdə vətənimiz şəhidlər verdi. Jurnalistlərimiz və yazıçılarımız, şairlərimiz də qələmi ilə onların şəhidlik məqamlarını yazmaqla doğmaların, qohumların, vətəndaşlarımızın ağrılarını bir azca da olsa məlhəm olmağa çalışdılar.


Lakin bəzi saytlar o şəhidlərin qapılarını açan, onları yada salıb, yazı hazırlayan jurnalist və publisistlərimizin əməklərini boşa çıxarmaqdan belə çəkinmirlər. Plagiat saytların müxbiri olan özünü Vətən fədaisi kimi təqdim edən Leyla Həsənova adlı birisi məşhur jurnalist Aida Eyvazlının “Vətəni qibləgah edən şəhidlər” sislsilə yazılarını , gənc jurnalist , Femida.az saytının əməkdaşı Miri Məcidlinin yazılarını özlərinin saytlarında yerləşdirərək, yazıların altından da çox böyük cəsarətlə öz imzasını yazır. Təhsil Nazirliyinin loqosunu saytda yerləşdirib, yanında da Azərbaycan gerbini vuran belə redaktorlar bilməlidirlər ki, hər bir plagiatın üstü açılır. Çox çəkmir. Həmin yazıların “müəllifi” Leyla Həsənova adlı plagiat “müxbir-redaktor” bunun müqabilində özünün müəyyən marağını güdür. Hətta yazının onun olması iddiasını da irəli sürür. Özünü şəhid ailəsinin qızı kimi təqdim edən Leyla Həsənova əslində heç bir şəhid ailəsinin qızı deyil. Leyla Həsənova saytlara onun adından yerləşdirilən yazılardan xəbərinin olmadığını və həmin saytla heç bir əlaqəsinin olmadığını desə də, qarşı tərəf tam onun əksini bildirdi.

Yazıların yayımlandığı “AzTehsil.com” saytının təsisçisi və baş redaktoru Xəzər rayon 230 saylı məktəbinin direktoru Elşən Qafarovdur. Əməkdaşlarımız direktorla əlaqə saxlayıb, məsələni həll etməyə çalışsa da o səhvlərini etiraf etmək əvəzinə təhqirlə və hədə-qorxuya danışıb. O qeyd edib ki, Leyla Həsənova onun rəhbərlik etdiyi saytın Şəhidlər bölməsinin əməkdaşıdır. Yazıları da sayta o yerləşdirib.

Xatırladaq ki, bir müddət əvvəl Elşən Qafarovun adı mətbuatda şagirdlərlə kobud davranması ilə hallanmışdır. Hətta həmin vaxt məsələyə polis də müdaxilə etmişdi.

Hər iki müəllif məsələ ilə bağlı məhkəməyə müraciət edəcək. Hətta yazı müəllifləri saytı işlədən Elşən Qafarovdan yazılarını saytdan birdəfəlik olaraq çıxarılmasını tələb etsələr də, onların razılığı olmadan yazıların sayta yerləşdirilməsini qanuna zidd hərəkət olduğunu xatırlatsalar da, o müəlliflərə “çox heyif ki,sizin kimilər Şəhidlərin adı üstündə oyun çıxarırsınız”- deyə cavab veriib. Yazarların qanuni tələblərinə cavab olaraq, onların zəhməti olan şəhidlərin ömür yolu haqqındakı yazıları saytından çıxarmayacağıını deyib. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 165-ci maddəsində göstərilir ki, müəllif hüquqlarını pozan hər bir kəsi ağır cəza gözləyir. Yəqin ki, Təhsil Nazirliyi və Mətbuat Şurası da bu məsələ ilə bağlı öz fikrini deyəcək.










Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 9126