Azərbaycanda 1 ton narkotik müsadirə olunub


22:08     26 İyul 2016 2015-04-29-15-07-19narkotik.jpg

Bu ilin 6 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 1743 fakt aşkarlanıb ki, onlardan 457-i satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 1164-ü satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 106-sı qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 16-ı isə digərləri təşkil edib.


Femida.az-ın xəbərinə görə, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 6 ayı ərzində ölkə üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizənin nəticələrinə dair məlumatda bildirilib ki, faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 629 kq 621,527 qr müxtəlif növ narkotik vasitə və o cümlədən 7631 ədəd çətənə kolu müsadirə olunub.

Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 395 kq 757,789 qr marixuana (24%), 175 kq 328,749 qr tiryək (10,9%), 1 ton 024 kq 637,156 qr heroin (63%), 17 kq 485,739 qr həşiş (1,1%), 16 kq 045,932 qr digərləri (1%) və 366,162 qr psixotrop maddələr (11848 ədəd həb) təşkil edib. Həmçinin “Xaş-Xaş 2016” şərti adı altında həyata keçirilən tədbirlər nəticəsində qəsdən əkilib-becərilən və yabanı halda bitmiş 101 ton 459 kq 875,78 qr narkotik tərkibli bitkilər yaşıl kütlə halında aşkar olunaraq məhv edilib.

Cinayət məsuliyyətinə 1154 nəfər cəlb edilib ki, onlardan 1-i 18 yaşadək, 80-i 18-25 yaşadək, 206-ı 26-29 yaşadək, 867-i 30 yaşdan yuxarı, 8-i fəhlə, 5-i maddi məsul şəxs, 1023-ü işləməyənlər, 1141-i kişilər, 13-ü qadınlar, 11 nəfəri isə xarici ölkə vətəndaşları olub ki, onlardan da ümumilikdə 515 kq-dan artıq narkotik vasitə və psixotrop maddələr götürülüb. Əcnəbilərdən 6-ı İran İslam Respublikası, 2-i Gürcüstan, 1-i Hindistan,1-i Belarusiya, 1-i isə Türkmənistan Respublikasının vətəndaşı olub.

Açar sözlər:

Oxunub: 1500