`Taksi məni Nərimanovdan “Tarqovu“ya 50 manata apardı` - Əcnəbi futbolçu


04:15     23 Avqust 2016 bamba1.jpg

Yevlaxın “Karvan” klubunun sabiq hücumçusu Yakuba Bamba futbol11.az-a müsahibə verib.



Femida.az həmin müsahibəni təqdim edir:

- Yevlax istidi, yoxsa Kot d`İvuar?

- Yevlax daha çox istidi. Məhz istiliyinə görə Kot d`İvuarın şəhərinə oxşayır (gülür).

- Azərbaycan üçün darıxmışdın?

- Bəli, özü də çox...

- Niyə darıxmışdın ki?

- Hər şey üçün darıxmışam. Hava limanına enəndə havasından hiss elədim ki, artıq Azərbaycandayam.

- Buradan ayrılmaq sənin üçün çox çətin oldu?

- Əlbəttə. Ən çox insanlar üçün darıxmışam. Onları heç vaxt yaddan çıxarmamışam. Buranın insanları çox mehribandılar. İsveçrəyə yollanıb müqavilə bağlayanda ancaq məşqə, oradan da evə gədirdim. Oradakı həyatım Azərbaycandakı kimi maraqlı deyildi.

- Bəs, Yunis Hüseynov?

- Oooo, onu yaddan çıxarmaq olar? Azərbaycanda ilk baş məşqçim olub.

- Yunis Hüseynovla ilk tanışlığınız yadına gəlir?

- Bakıya gəldim, müqavilə imzaladıqdan sonra Yevlaxa yollandım. Səhər yuxudan oyananda yanıma Yunis Hüseynov gəldi. Mənə dedilər ki, sən həqiqətən də burada oynamaq istəyirsən? Bacarıb-bacara bilməyəcəyimi soruşdular. Mən də "problem yoxdu" dedim. Bax, Hüseynovla ilk tanışlığımız həmin vaxt olub.

- Səhəri gün də Tovuza yollanmışdın...

- Birinci qolumuz da elə orda vurmuşdum.

- Komanda yoldaşlarını da tanımağa imkanın olmamışdı?

- Yox, Bəşir Müqədidən başqa heç kimi tanımırdım. Onun da rəngi bir az qara idi.

- Elə buna görə qol vuranda qaçıb dördüncü hakimi qucaqlamışdın?

- Düzü, bunu xatırlamıram. Gör neçə il keçib. Amma Sahil Kərimovu qucaqladığım yadıma gəlir.

- "Karvan"la bağlı hansı gülməli hadisə yadında qalıb?

- Bu, fiziki hazırlıq üzrə məşqçi Zakir Mahmudovla bağlı olub. O danışanda heç kim qulaq asmırdı. Gəlib məşqin vaxtını deyirdi. Uşaqlar da məzələnirdi. Tez-tez gəlib məşqin vaxtını xatırladırdı. Gedirdi, gəlirdi, gedirdi, gəlirdi. Bu da bizə gülməli gəlirdi.

- "Karvan"da oynadığın vaxtlarda ölkə futbolunda yaxşı pullar var idi. Maraqlıdı, ilinə nə qədər qazanırdın?

- Klub prezidenti Cavanşir Şirəliyev o vaxt demişdi ki, illər keçsə də, burada qazandığın maaşı heç harada deməyim. İndi mən desəm, gedib qulağına çatacaq. Belədə, verdiyim sözü tutmamış olacağam.

- Yaxşı, o vaxt 1 ayda qazandığın pullarla indi nələr etmək olardı?

- Çox şey etmək olar. Amma mən o vaxt qazandığın pulları yığıb ölkəmə göndərirdim.

- Həmin vaxt qazandığın pulların indiki həyatında bir önəmi var?

- Əlbəttə. "Karvan"da qazandığım məbləğdən hələ də qalıb. Düzdü, xərcləsəm də, bir az ehtiyat üçün saxlamışam. Az-az istifadə edirəm. Həmin məbləğ Parisdəki bank hesabımda qalıb.

- Deyəsən, məşqdən sonra bazaya avtobusla yox, qaçaraq gedirdin?

- Doğrudur. Çünki fiziki hazırlığımı yüksək səviyyədə saxlamağa məcbur idim. Çox qol vurmaq üçün buna ehtiyacım var idi. Komanda yoldaşlarım buna görə mənimlə zarafatlaşırdı. O vaxt "Şəfa"da məşq edirdik. Fiziki hazırlıq məşqçimiz dedi ki, Bamba, gəl kölgədə hazırlaş. Mən də deyirdim ki, oyun kölgədə yox, günün altında olacaq. Ümumiyyətlə, işimə peşəkar yanaşırdım. Yadıma gəlir ki, sol cinahda oynamağı xoşlamırdım. Mənimki ancaq hücumun mərkəzində oynamaq idi. Topu endirirdim önümə, vururdum qol olurdu (gülür).

- Ən yaxşı qolunu necə, xatırlayırsan?

- Bəs nə? "Xəzər Lənkəran"a vurduğum möhtəşəm qol yadımdan heç vaxt çıxmayacaq.

- Bəs, Zaur Ramazanov?

- O, Azərbaycanın bir nömrəli hücumçusu idi. Düzdü, dəli idi, amma yaxşı futbolçu kimi yadımda qalıb. Hücumda bir-birimizi çox yaxşı başa düşdürdük. Onunla əla tandem idik.

- "Karvan"da oynayanda xanımınla tanış olmuşdun?

- Artıq 17 yaşında oğlum var.

- Parisdən sonra Yevlaxda yaşamaq necə hiss idi?

- Ay qaqaş....(gülür). Mənim üçün şəhərlərin fərqi yoxdu. Əsas odur ki, getdiyim yerin insanları yaxşı olsun. Əgər məni Fransada istəmirlərsə, niyə orada yaşamağa özümü məcbur etməliyəm ki? Ancaq Yevlaxda insanlar məni mehriban qarşıladı. Artıq bu şəhərdə Eyfel qülləsinin də olmaması vecimə belə deyildi.

- Kababın dadı damağından getməyib?

- Nə danışırsan? Elə dünən hindquşu kababı yemişəm (gülür). Şorba da içmişəm. İki gündü darıxdığım bütün yeməkləri yemişəm.

- "Karvan"da hansı yeməyi xoşlamırdın?

- Yumurtadan heç də xoşum gəlmirdi. Qayqanağı yağlı yemək olduğu üçün xoşlamırdım. Amma sonra ona da öyrəşdim.

- Komandada neçə nəfər siqarət çəkirdi?

- Əvvəl oyunçular çox çəkirdi. Amma onların adını deyə bilmərəm. Desəm, sonra "Tarqovu"da məni görüb döyərlər (gülür). 4-5 nəfər siqaret çəkirdi. Onsuz da indi bütün dünyada futbolçular siqaret də çəkir, araq da içir. Yəqin ki, bu da stress atmaq üçün idi.

- Bəs, sən niyə çəkmirdin?

- Siqaretin iyini xoşlamıram. Onun iyi gələndə başım fırlanır. Stressə düşən kimi mahnıya qulaq asırdım.

- Hansı mahnıları xoşlayırdın?

- Meyxanaya qulaq asırdım. Bir də "Vağzalı"nı xoşlayıram. Nədənsə "Vağzalı" səslənəndə tüklərim biz-biz olurdu. Özümü Afrikada hiss edirdim. Toylarınız isə möhtəşəmdi. Televizorda baxıram ki, kimsə mahnı oxuyur, amma oynamırlar. Amma toyda... “Rakada, çıkada...”

- Meyxanaya həvəs haradan yaranmışdı?

- Bu "xəstəlik" mənə Mahir Şükürov və Kamran Ağayevdən keçmişdi. (Bamba bu məqamda xatırladığı meyxanın sözlərini deyə bilməsə də, ritmini səsləndirir. Düzdü, hansı meyxanadan söhbətin getdiyini anlamaq bir qədər çətin oldu - red)

- Azərbaycandan gedəndə özünlə nə aparmışdın?

- Bir neçə suvenir və paltar aldım. Üzərimdə olan şalvarın kəmərini də buradan aldığımdı. 6 ildi hələ də istifadə edirəm. Çox keyfiyyətlidi.

- Səni heç burada aldadıblar?

- Hə, yadıma gəlir. Taksi məni bir dəfə Nərimanovdan "Tarqovu"ya 50 manata aparmışdı. Qiyməti mənə deyəndə elə bildim ki, yol həqiqətən də uzaqdı. Mən də "problem yoxdu" demişdim. Sonra komanda yoldaşlarımdan öyrəndim ki, əslində o yolun qiyməti 3-4 manatdı.

- İndi nə işlə məşğulsan?

- Afrikada və Parisdə menecerlik fəaliyyətinə başlamışam. Azərbaycana da transferlər etmək istəyirəm. Təbii ki, ən yaxşı futbolçuları. AFFA-ya da getmişdim. Yavaş-yavaş komandaları tanıyacam. Futbolçu karyeramı başa vurduqdan sonra elə menecerliyə başladım. Artıq 6 ildi ki, bu işlə məşğulam.

- Neçə uşağınız var?

- İki oğlum var, bir də qızım. Oğlum İdris futbolla məşğuldu. Fransanın ikinci liqasında çıxış edən "Paris" klubunda top qovur. Əla oyunçudu.

- Ata kimi yox, menecer kimi oğlunun transfer qiymətinin neçə olduğunu düşünürsən?

- Fikrimcə, 500 min dollara Azərbaycan klublarına trasnfer edə bilərəm. Təbii ki, kimsə onun xidmətində maraqlı olsa. Hücumameyilli yarımmüdafiəçidi.

- Devalvasiyadan xəbərin var?

- Bəli. Bu, indi dünyanın hər yerində var. Amma ataya da pul lazımdı (gülür). İndi fikir verirəm ki, həyat çox bahalıdı.

- Yevlaxa getməyəcəksən?

- Bu barədə fikirləşirəm. Amma "Karvan"ın dağılmasını ürəyimi ağrıdır. Yevlax mənim şəhərimdi. Bura gələndə Yakuba Bamba yox, Yaqub Babayev oluram.

- Bir ara "Xəzər Lənkəran"da da oynamışdın...

- Hə, o komandadan problemlə ayrıldığımı xatırlayıram. Sonra "Karvan"a qayıdıb futbolçu karyeramı başa vurdum.

- Problem nədən ibarət idi?

- Maaşımın yarısını kəsdilər, vermədilər. Problem də buna görə oldu. Hardasa 70 min dollar idi.

- Nə yaxşı, FİFA-ya şikayət etmədin?

- Müraciət etdim. Bunun nəticəsində də "Xəzər Lənkəran"dan 10 min dollar aldım. Sonra isə savaşmaq istəmədim.

- Xəbərin varmı ki, elə bu problemlərə görə "Xəzər Lənkəran" dağıldı?

- Düzü, bundan xəbərim yox idi. İndi sizdən eşidirəm. Deməli, tək aldadılan mən olmamışam.

- Son söz olaraq nə demək istəyirsən?

- Mənə göstərdiyiniz qonaqpərvəliyə görə sizə dərin minnətdarlığımı bildirirəm. Çox ölkələrdə olmuşam. Amma Azərbaycana gələndə özümü daha rahat hiss edirəm.

Açar sözlər:

Oxunub: 15086


Oxşar xəbərlər