Bir kişi neçə dəfə arvad ala bilər?- Hüquqi şərh


20:55     23 Sentyabr 2017 14111670_294699197559757_894989919_n.jpg

Bir müddətdir ki, gündəm bir neçə dəfə nikaha girmiş kişinin növbəti dəfə qız qarıtması ilə məşğuldur. Bu, yeganə fakt deyil. Vətəndaşın ard-arda bir neçə şəxslə nikaha girməsi və boşanması faktlarına da rast gəlinir. Femida.az bir şəxsin neçə dəfə nikaha girə bilməsi barədə kiçik araşdırma aparıb.


Ümumiyyətlə, qanunda nikahın sayına qadağa nəzərdə tutulubmu? Yaxud, bir şəxs istədiyi qədər nikaha daxil ola və boşana bilər.

Mövzu ilə bağlı suallara hüquqşünas Məhərrəməli Həmidov aydınlıq gətirib.



Onun sözlərinə görə, qanunvericilkdə nəzərdə tutulmuş şərtlərə əməl etməklə, hər bir şəxs say məhdudiyyəti olmadan nigaha daxil ola bilər. Sadəcə, nikahın pozulması haqqında şəhadətnaməni alana qədər yenidən nikaha daxil ola bilməz.

“İstər bir neçə dəfə nikaha daxil olan şəxslərə, istər nigahın pozulmasını tələb edən şəxslərə, hansısa məsuliyyət nəzərdə tutulmayıbdır. Lakin, buna baxmayaraq, nigahın bağlanmasına mane olan hallar da vardır. Məsələn, yaxın qohumlar nəvələr, doğma və ögey qardaş və bacılar, övladlığa götürənlər və övladlığa götürülənlər, ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər, ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər arasında nigahın bağlanmasına yol verilmir.

Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında nikah yaşı kişilər üçün 18 yaş, qadınlar üçün 17 yaş müəyyən olunur.
İstər müvafiq icra hakimiyyəti orqanı, istər məhkəmə tərəfindən nigahı pozulmuş şəxs yenidən nigah daxil olarsa, bu, onun növbəti nigahı sayılır. Lakin, nigah etibarsız sayılarsa və nigahı etibarsız sayılmış şəxs növbəti nigaha daxil olarsa, bu onun ilk nigahı kimi qeydə alınacaq. Nikah məhkəmə qaydasında etibarsız sayılır. Qanunvericilikdə nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır.
Göründüyü kimi, ümumi qaydada nigaha daxil olmaqa və nigahın pozulmasını tələb etməyə görə məhdudiyyət yoxdur. Lakin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci maddəsinə əsasən arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra bir il ərzində arvadın razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz. Bu qayda uşağın ölü doğulduğu və ya bir yaşına çatanadək öldüyü hallara da şamil olunur. Nikahın pozulması tələbinə dair işə baxılmasına arvadın razılığı olmadıqda hakim iddia ərizəsini icraata qəbul etməkdən imtina edir, ərizə icraata götürülmüş olduğu halda isə işin icraatına xitam verir.

Nikahın pozulmasını hətta üzrsüz səbəblərə görə tələb edən şəxslərə, məhdudiyyətin və məsuliyyətin nəzərdə tutulmaması çoxlu sayda ailələrin dağılmasına səbəb olur.

“İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsinə əsasən hər kəs ailə həyatına hörmət hüququna malikdir. Bu hüquq yalnız həmin maddədə və qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda müdaxiləyə məruz qala bilər. Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə əsasən ər-arvad nikaha daxil olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar.


Miri Məcidli
Femida.az


Açar sözlər:

Oxunub: 24485