`Əlində qumbara olan iki nəfər hasardan qaçdı` - Taleh Bağıovun məhkəməsindən


23:59     24 Avqust 2016 1439203zemini-ve-perspektivi-yoxdur-video1.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.



APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı İslam Ağabəyov sualları cavablandırıb.

Təqsirləndirilən şəxslər Aqil İsmayılov, Cabbar Cabbarov, Zakir Mustafayev İslam Ağabəyov tərəfindən işgəncəyə məruz qaldıqlarını iddia ediblər. Lakin İslam Ağabəyov deyilənləri təkzib edib. Bildirib ki, onlar öyrədilmiş ifadələr veriblər.

İclasda təqsirləndirilən Abbas Hüseynovla İslam Ağabəyov arasında mübahisə yaranıb. A. Hüseynov onu hədələyib, İ. Ağabəyov isə buna etiraz edib. Bu zaman təqsirləndirilən şəxslər və onların prosesdə olan qohumları da İ. Ağabəyova etiraz ediblər. Hakim isə proses iştirakçılarına və zalda oturanlara xəbərdarlıq edib.

Daha sonra prosesdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Elçin Tağıyev şahid və zərərçəkmiş şəxs qismində ifadə verib. Bildirib ki, Taleh Bağırovun Nardaranda insanları ətrafına yığması, silahlı dəstə yaratmaları, onların dövlət çevrilişi etmələri barədə daxil olmuş məlumat əsasında əməliyyat müşavirəsi keçirilib. Həmin müşavirədə əməliyyat tədbiri keçirilməsi qərara alınıb:

“Mən də əməliyyat qrupunun üzvü idim. Biz hadisə baş verən evə çatanda həyətdən partlayış səsi gəldi. Bizim əməkdaşlardan 2 nəfər orada həlak oldular. Mən hasardan həyətə tullananda əlində qumbara olan iki nəfərin qarşı tərəfdəki hasardan hoppanıb qaçdıqlarını gördüm. Əməliyyat zamanı mən Abbas Hüseynovu saxladım. Əməliyyatdan sonra hal şahidlərinin iştirakı ilə silahllara baxış keçirildi və qablaşdırıldı”.

Elçin Tağıyev ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, Nardaran qəsəbəsində yaşayan «Müsəlman Birliyi Hərəkatı»nın sədri, əvvəllər məhkum olunmuş Taleh Bağırovun Azərbaycan Respublikasının dövlət hakimiyyətini zorla ələ keçirmək, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmək məqsədi ilə digər şəxslərlə əlbir olaraq qanunvericilikdə nəzərdə tutulmayan silahlı dəstə yaratması, tərəfdaşları ilə gizli görüşlər keçirməsi, hakimiyyəti zorla ələ keçirmək üçün orada hazırlıq hərəkətləri, təbliğat aparması barədə onlara məlumat daxil olub. Məlumatların yoxlanılması məqsədi ilə qəbul edilmiş qərara əsasən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı əməliyyat qrupuna daxil edilmiş əməkdaşlar Nardaran qəsəbəsi ərazisinə gələrək orada Bünyətov Əbülfəz Heybət oğluna məxsus fərdi yaşayış evinin yaxınlığında əməliyyat mövqeyi seçiblər. Taleh Bağırovun tərəfdaşları ilə birlikdə həyətdə girişdən sağ tərəfdə yerləşən evdə olması tam yəqin edildikdən sonra saat 13 radələrində əməliyyat qrupunun üzvləri həyətə daxil olublar. Bu zaman orada olan arıq bədən quruluşlu, sarışın, üzü saqqallı, təxminən 30-35 yaşlı, əynində boğazsız qara rəngli poluver və jaket olan şəxs avtomatdan intensiv olaraq əməliyyat qrupunun üzvlərinə atəş açmağa başlayıb. Talehin tərəfdaşlarından biri polislərin olduğu istiqamətdə əl qumbarası atıb. Eyni zamanda onlar avtomat və tapançalardan qrup üzvlərini atəşə tutublar. Bu zaman polis əməkdaşları Vüqar Nəsibov və İsmayıl Tağıyev irəlidə olduqlarından partlayan qumbaranın ətrafa səpələnən qəlpələri və açılmış atəşlər ilə yaralanıb. Taleh Bağırovun tərəfdaşları tərəfindən əməliyyat qrupuna qarşı odlu silahdan istifadə edildiyi üçün silah tətbiq edilərək cinayətkar qrupa qarşı xidməti silahlardan atəş açılıb. Bu zaman Talehin tərəfdaşlarından həyətdə olan şəxslərdən 2 nəfər şəxs həyətin hasarından tullanaraq qaçıb hadisə yerindən gediblər. Təxminən 10-15 dəqiqə ərzində baş vermiş atışma zamanı əməliyyat qrupunun üzvləri tərəfindən T. Bağırovun tərəfdaşları zərərsizləşdirilib və yuxarıda əlamətlərini və əynində olan paltarlarını təsvir etdiyi, polislərə intensiv olaraq avtomatdan atəş açan şəxsin əlindən avtomat alınarkən həmin şəxs müqavimət göstərərək əlində olan silahı verməkdən imtina edib. Həmin şəxs müqavimət göstərərək silahı vermək istəməyəndə silahın ucu onun alın, yanaq və dodaq nahiyəsinə toxunub.

Çətinliklə də olsa, o qeyd edilən şəxsin müqavimətini qırıb tərkisilah edib, hal şahidləri İntiqam Kərimov və Çingiz Həsənovun iştirakları ilə saxladığı şəxsin şəxsiyyəti müəyyənləşdirilərkən məlum olub ki, həmin şəxs 1987-ci il təvəllüdlü Hüseynov Abbas Məmmədbağır oğludur. Hal şahidlərinin iştirakı ilə baxış zamanı Abbas Hüseynov zərərsizləşdirilərkən əlindən alınmış bir ədəd üzərində «AP 821» nömrəsi olan, 7,62 kalibrli «Kalaşnikov» avtomat silah, silahın sandıqçasında 4 ədəd 7,62 kalibrli patronlar qablaşdırılaraq DİN-nin zərflər üçün №6 möhürü ilə möhürlənib. 27 noyabr 2015-ci il tarixdə səhər o, Nardaran qəsəbəsində hadisə yerində əməliyyat qrupunun üzvlərinə qarşı qumbara atmağa cəhd edərək hadisə yerindən hasarı aşmaqla qaçan şəxsi Sabunçudakı 3 saylı Şəhər Kliniki xəstəxanasının yaxınlığında görüb və ona yaxınlaşaraq saxlayıb.

Şəxsiyyətini müəyyən edən zaman ona məlum olub ki, həmin şəxs 1984-cü ildə Masallı rayonunda anadan olmuş Balayev Fərhad Nəsrəddin oğludur. O, bu barədə tərtib etdiyi müvafiq raportla həmin şəxsi Sabunçu rayon polis İdarəsinə təhvil verib.

Prokurorlar ondan həyətə girəndə nə gördüyünü, orada olan adamların sayını müəyyən edib-etmədiklərini, polisə müqavimət göstərənləri görüb-görməməsini soruşublar.

E. Tağıyev suallara cavab olaraq bildirib ki, orada olanların sayını bilməyib, müqavimət göstərənləri görüb və həyətə girən zaman orada olan tikilidən atəş açıldığının şahidi olub.

Prokuror ondan həyətə girən zaman xəbərdarlıq edilib edilməməsini soruşub. E. Tağıyev qrup rəhbəri Kərim Əlimərdanov tərəfindən onlara yüksək səslə xəbərdarlıq edildiyini, lakin qarşı tərəfin bu çağırışa tabe olmadıqlarını bildirib.

Daha sonra vəkillərin suallarını cavablandıran E. Tağıyev bildirib ki, o, Abbas Hüseynovu tutan zaman onda silah olub: “Onun əlində avtomat var idi. Mən kənardan ona yaxınlaşıb silahı almaq istədim, lakin o müqavimət göstərirdi və vermək istəmirdi. Həmin vaxt silah onun başına dəydi xəsarət yetirdi. Əməliyyat zamanı mən xəsarət almamışam və mənə zərər dəyməyib, lakin bu ola bilərdi. Ara sakitləşəndən sonra Kərim Əlimərdanovun göstərişinə əsasən hal şahidləri gəldilər və protokol tərtib edildi. Həmin protokolu Abbas imzaladı. Tutulan şəxsləri idarəyə gətirdik. Onlara qarşı hər hansı təzyiq və işgəncə olmayıb”.

Təqsirləndilən Abbas Hüseynov təkzib edərək onu həbs edənin E. Tağıyev olmadığını deyib.

Daha sonra şahid təqsirləndirilən şəxslərin suallarını cavablandırıb.
Proses avqustun 25-də davam edəcək.

Qeyd edək ki, T. Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.

AXCP sədrinin müavini F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.

Açar sözlər:

Oxunub: 1880