Nurayın sonrakı aqibəti - Qəyyumluq Komissiyası nə işə yarayır?


14:31     09 Yanvar 2017 nuray27.jpg

Hamı ailə qurduqdan sonra övlad arzusu ilə yaşayır, onun dünyaya gəlməsini, ilk addımlarını xəyal edir. Lakin hamıya valideyn olmaq qismət olmur. Övladı olmayan ailələrin taleyi isə çox zaman boşanma ilə nəticələnir. Bəzi insanlar isə ailənin dağılmaması üçün müxtəlif yollara əl atır. Bəziləri qohumlarının uşağını övladlığa götürür, bəziləri isə övladlığa uşaq götürmək üçün dövlət qurumlarına müraciət edirlər.


Yəqin ki, son günlər 10 yaşlı Nurayın atasından alınaraq xalasının qəyyum təyin edilməsi ətrafında yaranan söz-söhbətdən xəbəriniz var. Nurayın xalasının himayəsində yaşaması, doğma atasından uzaq tutulması, Qəyyumluq Komissiyasının fəaliyyətsizliyi övladlığa götürmə ilə bağlı suallar yaradıb. Femida.az bununla bağlı araşdırma aparıb.

Övladlığa uşaq götürməyi arzu edən Azərbaycan Respublikasının vətəndaşı ilkin qeydiyyata alınmaq üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20.09.2000-ci il tarixli, 172 nömrəli Qərarına əsasən, müvafiq sənədlər toplayaraq pasport qeydiyyatında olduğu Rayon İcra Hakimiyyətinin (RİH) Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət edərək qeydiyyata götürülür. Qəyyumluq Komissiyası tərəfindən qeydiyyata alındıqdan sonra övladlığa 0-3 yaş arası uşaq götürmək istədiyi təqdirdə vətəndaşa məxsus sənədlər Səhiyyə Nazirliyinə, övladlığa 3-18 yaş arası uşaq götürmək istədiyi təqdirdə isə Təhsil Nazirliyinə göndərilir.

Uşağın övladlığa verilməsi barədə məhkəmə tərəfindən verilən qərar onun övladlığa götürülməsi üçün əsas hesab edilir. Bununla yanaşı, məhkəməyə RİH-nin Qəyyumluq və Himayəçilik orqanı tərəfindən uşağın övladlığa verilməsi barədə rəy təqdim olunur. Məhkəmə prosesində RİH-nin Qəyyumluq və Himayəçilik orqanının nümayəndəsinin və övladlığa götürülən uşağın yaşadığı dövlət uşaq müəssisəsinin (uşaq evi, internat) nümayəndəsinin iştirakı vacibdir. Yaxud da boşanma hallarından sonra məhkəmələr tərəfindən valideynlik hüququndan məhrumetmə halları olur ki,qəyyumluq komissiyaları bu işdə tərəflərə müdaxilə edə bilir. Komissiyasının səlahiyyətləri tək bununla kifayətlənmir.

Bəs, bir çox səlahiyyətlərə sahib olan komissiya bunlardan istifadə edə bilirmi?

Femida.az mövzu ilə əlaqədar uşaqların hüquqları ilə məşğul olan QHT sədirləri ilə əlaqə saxlayıb.

“MƏMUR YANAŞMASI MÜXTƏLİFDİR. ELƏ KOMİSSİYA VAR Kİ, ZƏİF İŞLƏYİR”.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyir ki, hər bir rayonun icra hakimiyyətində qəyyumluq şöbəsi fəaliyyət göstərir. Bu komissiyaların kifayət qədər səlahiyyəti var:

“Qəyyumluq və Himayəçilik Komissiyasının fəaliyyəti isə qəyyumluğa götürülən kimsəsiz uşaqların hüquqlarının qorunması ilə bağlıdır. Onların səlahiyyətləri ondan ibarətdir ki, uşaqların maraqlarını qorusunlar, onların müdafiəsini təşkil etsinlər. Eyni zamanda qəyyumluq komissiyası ilə bərabər övladlığa vermə komissiyası da fəaliyyət göstərir. Biz qəyyumluq komissiyaları ilə sıx əməkdaşlıq edirik. Bəzən daxil olan uşaqların qəyyumluq məsələlərini, valideyin hüququndan məhrumetmə məsələlərini qəyyumluq komissiyaları vasitəsi ilə həyata keçiririk. Əlbəttə, onların səlahiyyətləri kifayət qədərdir. Sadəcə olaraq məmur yanaşması müxtəlifdir. Elə komissiya var ki, çox gözəl işləyir, elə komissiya var ki, zəif işləyir”.

Kəmalə Ağazadə qəyyumluq komissiyası ilə problemlərinin olmadığını deyir.

“Onlara müraciət etdiyimiz zaman, dərhal bizə reaksiya verirlər və qarşlıqlı əməkdaşlıq edirik”.




“QƏYYUMLUQ KOMİSSİYASI FORMAL XARAKTER DAŞIYIR”

Uşaq Hüquqlarını Müdafiə Liqasının rəhbəri Yusif Bəkirov isə komissiyaya verilən səlahiyyətləri yerinə yetirə bilmədiyi qənaətindədir.

“Qəyyumluq və Himayəçilik Komissiyasının bir çox səlahiyyətləri var. Ancaq indiki şəraitdə bu səlahiyyəti idarə edə bilmir. Bütün rayonlarda nə qədər uşaq varsa onlara rayon İcra Aparatlarında Qəyyumluq şöbəsi nəzarət etməlidir. Bu gün qəyyumluq şöbəsi övladlığa götürmə ilə məşğul olmur. Uşaqların hüquqlarının müdafiəsi ilə məşğul olanların funksiyalarını da qəyyumluq şöbəsinin üzərinə qoyublar. Təəssüflər olsun ki, Azərbaycanda bu orqan formal xarakter daşıyır. Qəyyumluq şöbəsinin imkanı yoxdur ki, ona verilən səlahiyyətləri icra etsin. Bu şöbə uşaqları övladlığa verəndə sənədlərin hazırlanmasına nəzarət etməlidir. Və yaxud kim uşağı övladlığa götürürsə onun üzərində nəzarət etməlidir”.

Liqa rəhbərinin sözlərinə görə, indi qəyyumluq şöbələrinin üzərinə böyük səlahiyyətlər qoyublar. Bu səlahiyyətləri isə sadəcə iki nəfər şəxs həyata keçirir.

“Uşaqlarla bağlı şikayət, valideyin hüququndan məhrum etmək, valideyinləri məhkəməyə vermək, kimsəsiz uşaqların hüquqlarının qorunması kimi səlahiyyətləribu şöbənin üzərinə qoyublar. Sovet dövrüdə qəyyumluq şöbəsi sadəcə bir funksiya ilə məşğul olurdu: övladlığa götürən şəxs Qəyyumluq şöbəsinə müraciət edirdi. Şöbə isə hansı sənədləri hazırlamalıdır onlara yardımçı olurdu. İndi qəyyumluq şöbəsi məhkəmədə iştirak etməli, boşanmalarda çıxış etməlidir. Onların da iştirak etməyə imkanı da yoxdur. Əgər Qəyyumluq komissiyası bir funskiya ilə məşğul olsa effekti də çox olar”.



Uşaq Hüquqlarını Müdafiə Liqasının rəhbəri Yusif Bəkirovun qəyyumluq komissiyalarındakı kadr çatışmazlığı iradına Kəmalə Ağazadə də münasibət bildirdi:

“Əlbəttə, qəyyumluq komissiyalardında kadr çatışmazığı var. Bunu onlar özləri də təsdiqləyirlər. Komisiyanın əməkdaşları azdır, müraciət edənlər isə olduqca çoxdur. Bu baxımdan okomisiyaların fəaliyyətlərini , kadr potensialını artırılsa əlbəttə ki, yaxşı olardı”.

Qeyd edək ki, sosial şəbəkələrdə 10 yaşlı Nurayın xalasından alınaraq atasına verilməsi zamanı atası və məhkəmə icraçıları tərəfindən açıq zorakılıqla üzləşməsinin əks olunduğu video yayılıb.

Oğuz Altay
Femida.az

Açar sözlər:

Oxunub: 6691