`Heydər Əliyev məni fərqləndirirdi` - Pambıqçı qadınla müsahibə (FOTOLAR)


18:46     20 Sentyabr 2016 14407664_969157433206684_385572540_n.jpg

“Kabinet adamı deyiləm, torpaqla nəfəs alıram”;

“Kollektiv təsərrüfata qayıtmalıyıq”.


Femida.az-ın növbəti müsahibi Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan Respublikası Milli Məclisinin I çağırışının deputatı, pambıqçı qadın kimi ölkədə məşhurlaşan Tərlan Musayevadır.

Tərlan Musayeva 1955-ci ildə anadan olub. Onun 2 yaşı olanda valideynləri ayrılıblar. 23 yaşında SSRİ Ali Sovetinin ən gənc deputatı, 25 yaşında isə əmək qəhrəmanı olmuşdur. Alim-aqronomdur. O, kənd təsərrüfatı ilə bağlı 30 qanunun qəbul edilməsində iştirak edib. Ali təhsilli olan Tərlan Musayeva YAP-ın üzvüdür. O, 56 saylı Bərdə şəhər seçki dairəsindən mojaritar qaydada 12 noyabr 1995-ci ildə deputat seçilmişdir. Hazırda Prezident təqaüdçüsüdür.

Onun haqqında 1980-ci ildə “Tərlan Musayeva” adlı film də çəkilmişdir.


Müsahibəni təqdim edirik:

- Bir vaxtlar ölkədə pambıqçı qadın kimi dillər əzbəri olmusunuz. Hətta bəzi məlumatlara görə, mərhum prezidentimiz Heydər Əliyev sizin fəaliyyətinizlə şəxsən maraqlanıb...

- 1970-ci illərdən 1989-cu ilə qədər pambıq yığımı ilə məşğul olmuşam. Mən pambığı maşınla yığırdım, daha dəqiq desək, pambıqçı-mexanizator idim. Mərhum prezidentimiz Heydər Əliyev əmək adamlarına çox yüksək qiymət verirdi. Qadınlar mənim peşəmi nadir hallarda seçərdilər. Buna görə də ümummilli lider mənim işimlə şəxsən maraqlanar, müşahidələr aparardı. O, məni həmişə fərqləndirərdi. Həmin dövrün insanları bunu çox yaxşı bilir. İlk dəfə 23 yaşımda, ümumilikdə isə 3 dəfə SSRİ Ali Sovetinin deputatı seçilmişəm. Dövlət mükafatlarına layiq görülmüşəm. Əməyimə həmişə yüksək dəyər verilib.

- Bildiyimiz qədərilə həm də ali təhsillisiniz. Təsərrüfatçılıq və təhsil bir yerdə çətin deyildimi?

- Təsərrüfatla məşğul olmağım mənim təhsilimə heç bir maneçilik törətmədi. Əvvəlcə peşə məktəbini, sonra isə texnikumu fərqlənmə diplomu ilə bitirdim. Qiyabi oxuyurdum. İmtahanlar qış aylarında olduğu üçün heç bir maneə ilə qarşılaşmadım. Müxtəlif vaxtlarda Kənd Təsərrüfatı Akademiyasını və Prezident yanında Dövlətçilik Akademiyasını bitirdim. Həmin vaxtlar Milli Məclisin birinci çağırışının deputatı seçildim. Bu gün də təhsil almağa marağım var. Oxumaqdan doymuram.



- Bu gün pambıqçılıq təsərrüfatının inkişafı yenidən gündəmdədir. Hansı tədbirlər görülməlidir ki, bu sahəyə əvvəlki maraq yaransın?

- Bu gün ölkəmizdə təbəqələşmə mövcuddur. Kənddə yaşayan insanlar aşağı təbəqəyə daxildir. İlk növbədə torpaqda çalışan insanların əməyinə ciddi qiymət vermək lazımdır. Torpağı becərən insanın xərci borcunu ödəməlidir. Qadınlarımız kilosu 5 qəpikdən pambıq yığır. Bu məbləği qaldırmaq lazımdır. Dövlət kənd təsərrüfatında çalışan insanlara kömək etməlidir. Mən torpaqların insanlara paylanmasının həmişə əleyhinə olmuşam. Bir dəfə ulu öndər Heydər Əliyev mənə sual verdi ki, torpaqlar niyə kəndlilərə paylanmamalıdır? İzah etdim ki, kəndlilərin həmin torpaqları becərməyə imkanı yoxdur. Bildirdim ki, onlar pay torpaqlarını becərməyəcəklər, yaxud da kiməsə satacaqlar. Bu gün baxın, insanların 90%-i pay torpaqlarını başqalarına satıb. Şəhərdə yaşayan insan gəlib kənddə 5 hektar torpaq sahəsi alıb taxıl becərir. Kənddəki isə torpaqsız qalır. Mən özüm də pay torpağımı başqasına satdım. Nəticə etibarilə, kəndli öz torpağını becərə bilmir. Fikrimcə, kollektiv təsərrüfata qayıtmalıyıq.

- Bu təkliflərinizi dövlətə çatdırmısınızmı?

- Mən təsərrüfatçı kimi dövlətə öz təkliflərimi verə bilərəm. Bu gün rayonlarımızda böyük maldarlıq, südçülük kompleksləri tikilir. Bunun kənd təsərrüfatı ilə məşğul olanlara heç bir köməyi dəymir. Rayonlarda yaşayan insanlarımız ağır günlər yaşayır. Mütləq islahatlar keçirilməlidir.

- Ölkə prezidentinin pambıqçı qadınlarla görüşməsini, onların iş şəraiti ilə maraqlanmasını necə qarşıladınız?

- Çox sevindim ki, prezidentimiz bu sahəyə böyük maraq göstərir. Onun pambıqçılarla görüşü məni ötən illərə qaytardı. İlham Əliyevi pambıqçılarla bir yerdə görəndə kövrəldim. Pambıqçılıq ölkədə unudulmuş sahədir. Son illər bu sahəyə biganə yanaşılırdı.

- Cavanlığınızda olduğu kimi bu gün də pambıq yığımı ilə məşğul ola bilərsinizmi?

- Artıq səhhətim əl vermir. Əməliyyatdan yeni çıxmışam. Amma yenə də ailə təsərrüfatımız var. Hərdən gedib torpaq səhələrimizə baxıram, mövcud vəziyyətlə maraqlanıram. Yeni Azərbaycan Partiyasının üzvüyəm, içtimai fəaliyyətim var, müxtəlif tədbirlərdə çıxış edirəm. Torpaqdan tam uzaqlaşa da bilmərəm. Mən torpaqdan ruh alıram. Rayona gedəndə az qalıram, torpağı əyilib öpəm. Torpağın qoxusundan doymuram.

- Bu gün dövlət qayğısını hiss edirsiniz?

- Hələ də mərhum prezidentimiz Heydər Əliyevin çörəyini yeyirik. İçərisində yaşadığım üçotaqlı mənzil onun tapşırığı ilə mənə verilib. Ailəlikcə həmin mənzildə yaşayırıq. Ölənə qədər ulu öndərə duaçı olacam. Hazırda prezident təqaüdçüsüyəm. Deputat pensiyası da alıram.

- Övladlarınızın kənd təsərrüfatına marağı varmı?

- Üç övladım var. Biri müəllimə, biri jurnalist, digəri isə uşaq həkimidir. Onlar körpəlikdən Bakıya gəliblər. Yəni təsərrüfat həyatı görmədilər. Mənim həyatım övladlarım üçün kino kimidir. Mənim haqqımda filmlərə baxarkən birdən ayılırlar ki, bu, mən onların anasıyam. Onlar istər böyüyəndə, istərsə də təhsil alarkən mənim adımdan istifadə etmədilər.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 14830