`Beynəlxalq Bank kiçiləcək` - Samir Şərifov


17:30     26 Sentyabr 2016 samir%20s5.jpg

"Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması prosesi gedir. Lakin proses olduqca mürəkkəbdir".


Femida.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov deyib.

"Sağlamlaşdırma proseduru dünya praktikasında qəbul olunmuş prosesdir. Bilirsiniz ki, Beynəlxalq Bankın toksik aktivləri "Aqrarkredit" qeyri-bank kredit təşkilatına ötürülür, bunun müqabilində "Aqrarkredit" banka ödəniş edir. Əfsuslar olsun ki, bankın sabiq rəhbərliyinin yarıtmaz fəaliyyəti nəticəsində bank böyük həcmlərdə xaricdən borclanıb. Bir tərəfdən bankın xarici valyutada öhdəlikləri, digər tərəfdən isə "Aqrarkredit" aktivləri manatla alır. İstər-istəməz natarazlıq yaranır. Bu həcmdə manat kütləsinin bazara çıxması arzuolunmazdır, çünki manatın məzənnəsinə mənfi təsir edə bilər. Buna görə, bu proses makroiqtisadi vəziyyətlə uzlaşdırılır. Dövlət bankın sağlamlaşdırılmasını öz üzərinə götürüb və əsas məsələlərdən biri də əmanətçilərin maraqlarıdır. Söhbət ən iri bankdan gedir və onun problemlə üzləşməsi əmanətçilərə zərbə olar. Bundan başqa, adıçəkilən bankın problemlə üzləşməsi Azərbaycanın xarici nüfuzuna da xələl gətirə bilər. Sağlamlaşdırma prosesində dəyişmiş makroiqtisadi şərait nəzərə alınmalıdır. Mərkəzi Bank hal-hazırda məqsədyönlü monetar siyasət yürüdür. Biz də Mərkəzi Banka zəruri dəstək veririk. Ona görə, böyük həcmdə manat kütləsinin bazara çıxması yolverilməzdir. Sağlamlaşdırma prosesinin əsas məqsədlərindən biri də odur ki, biz bu bankı bir qədər kiçiltməliyik. Xarici öhdəliklər qaytarıldıqdan sonra bankın həm aktivləri, həm də passivləri ciddi şəkildə azalacaq", - deyə nazir bildirib.

S. Şərifov əlavə edib ki, yekun nəticədə bank sağlamlaşdırıldıqdan sonra özəlləşdirilməyə hazır olacaq. Bununla yanaşı, nazir bildirib ki, bankın sağlamlaşdırılması "uzunmüddətli prosesdir və hətta gələn ildə başa çatmayacaq".

Femida.az

Açar sözlər:

Oxunub: 1059