Hərbçi güləşçilərimiz vətənə qayıtdı


03:58     27 Sentyabr 2016 14748982185149631310_1000x669.jpg

Beynəlxalq Hərbi İdman Şurasının (CISM) himayəsi altında Makedoniyanın paytaxtı Skopyedə keçirilən güləş üzrə hərbçilərin 31-ci dünya çempionatını ikinci yerdə başa vuran Azərbaycan yığma komandası sentyabrın 26-da Vətənə qayıdıb.



Femida.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançılarımızı Müdafiə Nazirliyinin əməkdaşları, hərbçilərin yaxınları, idmansevərlər və KİV nümayəndələri gül-çiçəklə qarşılayıblar.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun (MOİK) komandasının qatıldığı dünya çempionatında 4 qitəni təmsil edən 35 ölkədən 300-dən çox idmançı mübarizə aparıb. Dünya çempionatının sərbəst və yunan-Roma güləşi yarışlarında iştirak edən idmançılarımız 2-si qızıl, 4-ü gümüş və 3-ü bürünc olmaqla ümumilikdə 9 medal qazanıblar. Azərbaycan yığmasına qızıl medalları Həsən Əliyev və Ağahüseyn Mustafayev qazandırıblar. Millimiz komanda hesabında 53 xal toplayaraq yarışları ikinci yerdə başa vurub.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, MOİK-in rəisi polkovnik-leytenant Rəşad Quliyev, sərbəst güləş üzrə komandamızın rəhbəri Nazim Əlicanov, yunan-Roma güləşi üzrə komandamızın rəhbəri isə Taleh İsrafilovdur. Həmçinin dünya çempionatında Azərbaycan nümayəndə heyətinin tərkibinə beynəlxalq dərəcəli hakim Elman İsmayılov da daxil idi.

Açar sözlər:

Oxunub: 1242