`O müsahibədən sonra işdən çıxarıldım` - AzTV-nin diktoru


20:16     07 Oktyabr 2016 6.024.jpg

Uzun illər AzTV-də “Xəbərlər” və “Səhər” musiqili, əyləncəli-informasiya proqramının aparıcısı olmuş Kəmalə Əzizqızının Femida.az-a müsahibəsi


Kəmalə xanım, Azərbaycan Dövlət Televiziyasında neçə il çalışdınız?

17 il.

Efirdən niyə uzaqlaşdırıldınız?

Heç özüm də bilmirəm. Amma AzTV-nin özəyini təşkil edən diktorların hamısını işdən çıxarıb, yeni aparıcılar dəvət etdilər. Məni tam çıxartmadılar, bir il radioda işlədim. Müqaviləmizin müddəti bitdikdən sonra yeni müqavilə imzalamadılar.

Səbəb kimi nəyi əsas gətirdilər?

17 il fəaliyyətdən sonra qeyri-peşəkarlığı. (Gülür) Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat və kibernetika fakültəsini bitirmişəm. Onu bəhanə gətirdilər ki, sən jurnalist deyilsən. Əslində isə jurnalistlərin çoxu fərqli ixtisaslar üzrə təhsil alıblar. Kimin qələmi, bacarığı varsa, televiziya sahəsində aparıcılıq edə bilirsə, o jurnalist sayılır.

Sizinlə birgə hansı həmkarlarınız da televiziyanı tərk etdi?

Nailə İslamzadə, Tamilla Ələkbərova, Zamirə Dadaşova, Aynur Əliyeva, Aynurə Mehdiyeva və s. Demək olar ki, bir-iki nəfər qalmaq şərtilə bir çoxunu işdən çıxardılar. Hər kəsi də işdən çıxara bilməzdilər, yoxsa “Xəbərlər” proqramını aparan olmayacaqdı. Bizdən sonra Nəsimi Nəbizadə də kanaldan ayrıldı.

Öz hüquqlarınızı tələb etmədiniz?

Əslində AXCP hakimiyyətə gələndə də bizim diktor kollektivindən 7 nəfəri uzaqlaşdırmışdılar. O vaxt hüquqlarımızın bərpasını öz boynuma götürmüşdüm. Bəlkə də yaşımın gənc olmağı ilə əlaqəli idi, daha cəsur, döyüşkən, sözü üzə deməyi bacarırdım. Hətta o zaman parlamentin sədri İsa Qəmbərin qəbuluna düşdüm. İşdən uzaqlaşdırlmaq məsələsi Milli Məclisdə müzakirəyə çıxarıldı. Həmin iclasda mən də iştirak edirdim və Milli Məclis qərar verdi ki, bizi yenidən televiziyaya qaytarsınlar. O zaman hüquqlarımızı bərpa edə bildik. Bu dəfə isə alınmadı.

Keçmiş direktorunuz Nizami Xudiyev necə insan idi?

Televiziyaya gələndə çox mehriban insan idi. Bizə qayğı, diqqət yetirirdi. O illərdə bizim maaşımızla dolanmaq çox çətin idi. Nizami Xudiyev bizə maaşdan əlavə qonarar verirdi. Daha sonra vəziyyət dəyişdi, nə baş verdi, bilmədik. Sizə deyim ki, o, başqa sahənin insanı idi, sonuncu rəhbərdən fərqli olaraq, televiziya adamı deyildi.





Amma həmkarlarınızı işdən çıxardı….

Əslində bütün bunlar olmamalı idi.

Heç özü ilə görüşmək imkanınız olmadı?

Heç kimlə görüşmədi. Bizi fakt qarşısında qoydular.

“O müsahibədən sonra AzTV-dən işdən çıxarıldım”

Bəlkə başqa səbəblər olub?

İşdən uzaqlaşdırılmamışdan öncə, ANS-in təsis etdiyi "İstiot" jurnalına geniş müsahibə vermişdim. Həmin jurnalın üz qabığında şəklim var idi. O müsahibdən sonra AzTV-dən işdən çıxarıldım. Bir neçə sayından sonra jurnalın nəşri də dayandırıldı. “İstiot”un ayağı düşmədi desəm yanılmaram.

Efirdə olmadığınız bu müddətdə kimlərdənsə incidiniz?
Ümumi küsülülük, inciklik vardı. Tək mən yox, hamımız şok vəziyyətinə düşmüşdük. Ətraflı cavab da ala bilmirdik. Qarşımızda böyük bir sual işarəsi vardı. Niyə? Suala cavab verilmirdi. Ən pisi də odur ki, sənin sualına cavab verən şəxs yoxdur. Cavabını tapa bilmədiyimiz sual qarşısında aciz qalmışdıq.

Peşman olduğunuz günlər oldu?

Özümü qınayırdım ki, niyə ixtisasımı davam etdirmədim və televiziyaya gəldim, nəticədə də belə dəyər verildi.

Aparıcılar televziyadan ayrılandan sonra daha çox nazirliyin mətbuat xidmətinin rəhbərliyində çalışırlar. Sizə belə təklif gəlməyib?

Yox. Amma əvvəllər işlədiyim Azərbaycan Dövlət Neft Akademiyasına qayıtmaq istədim. Bu dəfə isə çox gec idi. Sistem dəyişmişdi.

Hər bir aparıcının ilk iş fəaliyyəti maraqlı sitiuasiya ilə yaddında qalır...

Televiziyaya 1990-cı ildə gəlmişəm. Həmin illər ölkədə vəziyyət çox gərgin idi. Daha sonra müharibə başladı. O illər necə yadda qala bilər?! Həftənin hər günü səhər proqramını aparırdım. Sanki səhər proqramı mənim taleyimə yazılmışdı. O zaman proqramın adı “Xoş gördük” adlanırdı. Hər dəfə müharibə zonalarından xəbərləri oxumaq, itkiləri demək çox ağır idi.

“Çingiz Mustafayevin ölüm xəbərini mən verdim”

Oxuduğunuz xəbərlər içərisində hansı daha çox yadda qalıb?

Çingiz Mustafayevin ölüm xəbəri. Çingizlə dost idik. Cəbhə bölgələrinə getməzdən öncə bizim otağa gələrdi. Onu yola salanda da, acı xəbər gələn günü də efirdə idim. O xəbəri demək mənim öhdəmə düşdü. 2 gün öncə yola saldığın insanın ölüm xəbərini oxumaq çox çətin idi. Həmin gün qara köynək geyinsəm də , önündə ağ gülləri vardı. O anda ilk ağlıma gələn geyimimi dəyişmək oldu. Ancaq başqa geyim tapa bilmədiyimdən onu çıxarıb əksinə geyindim. Göz yaşı içərisində faciəli xəbəri oxudum.

“Azərbaycanda ilk maqazin proqramının aparıcısı olmuşam”

Bildiyim qədəri ilə Azərbaycanda ilk maqazin proqramının aparıcısı olmusunuz?

Bəli. İlk dəfə “Şəhərimizin qonaqları” adlı proqramın müəllifi olaraq efirə çıxdım. Müstəqillik illərindən sonra Bakıya xarici estrada ulduzları gəlməyə başlayırıdı. Onların Bakıdakı konsertlərindən fraqmentəri və müsahibələrini verirdik.



Necə oldu belə bir verliş ərsəyə gəldi?

Proqram gözləmədiyimiz bir məqamda alındı. Demək olar ki, hər həftə ölkəyə xarici ulduzlar gəlirdilər. Tanınmış rus sənətçisi Valeri Meladze şəhərimizə konsert verməyə gəlmişdi. Ani olaraq operator, rejissor və mən o müğənni ilə görüşməyə getməli olduq, çəkiliş apardıq. Proqram o vaxtdan tamaşaçı rəğbəti qazandı və biz də bu silsiləni davam etdik.

Tanınmışlardan kimlərdən müsahibə götürmüşdünüz?

Proqrama birinci rus estrada nümayəndələri ilə başlasaq da, sonradan çəkilişlərə türkiyəli ifaçılar ilə davam etdik. Muazzez Ersoy, İbrahim Tatlıses, Emrah, Mustafa Sandal, Barış Manço və s. müsahibələrim olub. O vaxt insanlar şouya ac idi. Çox vaxt intervu üçün konstretdən öncə görüşə gedirdik. Müğənnilərin hər gəlişi zamanı o qədər izdiham olurdu ki, müsahibəyə güclə yol tapa biliridik. İndi o kadrlara baxanda sadəlöv görünür. Həmin dövrün tələbi o idi. İndiki kimi lazım olmayan qalmaqal şəklində deyildi.

“Barış Manço məni Türkiyəyə dəvət etmişdi”.

Hansı xarici sənətçi ilə maraqlı söhbətiniz olub?

“Şəhərimizin qonaqları” proqramından öncə tanınmış müğənnilərin bürcləri ilə bağlı “Musiqi bürcü”nü aparırdım. İlk proqramı səhv etmirəmsə Aygün Kazımovaya həsr etmişdik. Həmin vaxtlar Barış Manço da Azərbaycana gəlmişdi. Proqramımızın qonağı oldu. Daha sonra məni Türkiyəyə dəvət etdi. 1997-ci ildə İstambulda ailəsiylə bərabər sənədli film çəkdik. O zaman Belçikada Barış Mançoya “Şəhərin fəxri vətəndaşı” adı veriləcəkdi. Türkiyənin bir sıra media orqanları ilə birlikdə Belçikaya getdik. Orada qaldığımız 3 gündə daha 2 televiziya filmi çəkdik. Təəssüflər olsun ki, dördüncü filmi Barış Mançonun ölümündən sonra onun xatirəsinə həsr etdik.



“Xəbərlər” proqramının aparıcısı olsanız da, sizi daha çox “Səhər” proqramı ilə yadda saxladılar. Bunun dezavantajı olmadı ki?

Yox. 1997-ci ildən 2006-cı ilədək “Səhər” proqramın aparıcısı olmuşam. Adətən hər aparıcının öz profili, ampluası olur. Mənim bəxtimə o düşdü ki, hər ampluadan çıxış etdim. “Bənövşə” uşaq xorunun, “Səhər”, “Xəbərlər” proqramının aparıcısı oldum, həm də “Musiqi bürcü”, “Şəhərimizin qonaqları” kimi müəllif proqramları hazırlayırdım.

“İlk dəfə AzTV-də geyim üçün o mağazanı reklam etdik”

Efirdə hansı çətinlikləriniz olub?

Efirə çıxmaq üçün geyimlərimiz yox idi, əziyyət çəkirdik. O zaman Bakıda yeni brend geyim mağazası açılmışdı. Biz ilk dəfə Azərbaycan televiziyasında xəbərlər proqramında o mağazanı reklam etdik, buna görə bizə efir üçün pencəklər verildi.

İndi AzTV-yə baxırsınız?

Yox, baxmıram.

Ola bilməz ki, “Səhər” proqramına ani də olsa nəzər yetirməmisiniz...

Təbii ki, baxmışam.

Fərq görürsünüz?

Ümumi nəzər salsaq, heç bir dəyişiklik yoxdur. Biz necə aparırdıqsa, indi də o cür davam edir.




Proqramın yeni simalarını bəyənirsiniz?

Müasir dövrlə ayaqlaşmırlar.

“Televiziyaların inkişaf səviyyəsi ölkənin inkişaf səviyyəsindən qat-qat aşağıdır”

Ümumiyyətlə bəyəndiyiniz aparıcılar var?

Gənclər arasında bəyəndiklərim var. Amma bizim televiziyaların inkişaf səviyyəsi ölkənin inkişaf səviyyəsindən qat-qat aşağıdır. Bu cür müasir respublikaya belə televiziyalar yaraşmır.

Aparıcıların hansı qüsurları var?

Televiziyanın efirə çıxardığı hər bir aparıcı həmin telekanalın imici, simasıdır. Aparıcıların böyük əksəriyyətinin ya efirə uyğun nitqi yoxdur, ya da görünüşü. Ümumiyyətlə telekanallarımızın aparıcılarla bağlı qüsurları kifayət qədərdir. Ölkə, şəhər, siyasi xadimlərin adlarını düzgün səsləndirmirlər. Ukrayna sözünü “Ukraniya” kimi tələfüz edəndə, artıq o xəbərlər mənim üçün bitmişdir.

“Pensiya yaşına çatmamamış aparıcıları işdən çıxarırılar”

Başqa ölkələrin ana xəbərlərinə baxanda yaşlı aparıcıları görmək olur, bizim kanallarda isə bunu görmək mümkün deyil.

Xarici ölkələrdə kanal rəhbərləri yaşlı insanların peşəkarlığından, istedadından istifadə edirlər. Təcrübəli insanlar yalnız həmin televiziyaya xeyir verə bilər. Çünki o insanlar illərlə televiziyada çalışır, tamaşıçı da onlara güvənir. Təbii ki, tamaşaçı xəbərləri inandığı insandan izləmək istəyər. Amma bizdə pensiya yaşına çatmamamış aparıcıları işdən çıxarırılar, onları efirə yaraşdırmırlar. Bir şeyi başa düşmürlər ki, efiri cavanlaşdırmaq olar, bu gözəl tendensiyadır, amma gənclərin öz verlişləri olmalıdır. Xəbərlər proqramı aparmaq yalnız peşəkar insanlara tapşırılmalıdır.



İndiki xəbər aparıcıları jest-mimikalarında dəyişiklik etməyə çalışır. Hər xəbəri emosiya ilə oxuyurlar. Aparıcıların efirdə sərbəstliyi düzgündür?

Hər bir xəbər aparıcısı tərəfsiz olmalıdır. Diktor ona verilən mətnə heç bir şəxsi münasibətini bildirməməlidir. Xəbərlərdə səs tonunu qaldırmaq, yerli-yersiz həyəcanla sözləri ifadə etmək doğru deyil. Aparıcı yalnız özünün hazırladığı layihədə şəxsi fikirlərini söyləyə, emosiyalarını göstərə bilər. Elə xəbərlər var ki, orada hiss həyəcan olmalıdır. Binəqədidəki yanğın xəbərinə qarşı soyuqqanlı olmaq qeyri-mümkünsüz idi. Ancaq xəbərlərdən də şou yaratmaq olmaz. Bizdə şounun mahiyyəti parçalanıb və bir çox qeyri-sahələrə hopub. Bir parçası da özəl kanalların xəbərlər proqramına yapışıb. Mən yalnız öz proyektlərimdə jest, mimika edirdim. Amma “Xəbərlər”də hərəkətlər etməmək üçün əlimdə qələm tuturdum.

“Xəbərlərə elə başlıq qoyurlar ki, təki xəbər oxunsun”

Aparıcılar özlərinə auditoriyanın tələbini yerinə yetirməklə haqq qazandırırlar.

Ümumiyyətlə KİV-i insanların intelektual səviyyəsini qaldırmaq, dünyagörüşünü artıqmaq üçündür. Tamaşıçılar da müəyyən qruplara ayrılır. Elə izləyicilar var ki, onları qəbul edir, elə izləyici də var ki, qıcıqlanır. Amma televiziyalar reytinq naminə hər şey edir. Onların qalmaqallı verlişlərinə pul ayırlır. O verlişlər həm baxımlı olur və həm də uzunömürlü. Müğənnilər bu cür proqramlarda toy tutur, digərləri də yaxşı qonara əldə edir. İndi maddiyat mənəviyyatı üstələyib. Xəbər saytları da eyni vəziyyətdədir, açıb gündəlik mövzuları oxuya bilmirəm. Elə başlıq qoyurlar ki, təki xəbər oxunsun.

“ANS-ə baxmaq üçün televizor pultunda eyni düyməni basıram”

Sözsüz ki, AzTV bir məktəbdir. O məktəbin yetirməsi olaraq Ans TV-ni məktəb hesab edirdinizmi?

İlk reportyorlar ANS-dən çıxıblar. İlk reportyor Çingiz Mustafayev idi. Kanal bağlandığı gündən təxminən 1 aya yaxın ANS-ə baxmaq üçün televizor pultunda eyni düyməni basmışam. İndi də xəbərlərin zamanı çatanda o düyməni basıram. İnanıram ki, məndən başqa bir çox insanlar da belə edir.





İndi o tezlikdə nə efirə gedir?

Reklam. Yenə də maddiyat...

“İlk dəfə Heydər Əliyevi televizyanın həyətində görmüşdüm”

Həyatınızda elə bir an olub ki, onu unutmamısınız?

Ümummilli lider Heydər Əliyevlə görüşümü heç vaxt unutmaram. 1993-cü ildə ölkədə vəziyyət gərgin idi. Vətəndaş müharibəsinin başlamasına az qalmışdı. Belə ağır bir vəziyyətdə xalqın istəyi ilə Heydər Əliyev rəsmi şəkildə Naxçıvandan Bakıya dəvət edilmişdi. Heydər Əliyev Azərbaycan televiziyası ilə xalqa müraciət etdi. İlk dəfə Heydər Əliyevi televizyanın həyətində görmüşdüm. Daha sonra Heydər Əliyevlə bir saat yarımlıq proqram hazırlamışdıq. İnana bilmirdim ki, prezidentlə görüşürəm. Onun yanında insanlar ovsunlanırdılar. Təbii ki, mən də elə bir vəziyyətdə idim. Çox səmimi insan idi. Artıq proqram bitmişdi, gedəndə məni çoxlu öpdü, daha sonra yenə çağırıb birdə öpüb qucaqladı. Hətta yanındakı mühafizəçiləri də təəccüblənmişdilər. Məndən soruşdu ki, “bəlkə öz həyatınla bağlı problemin, istəyin var?”. Problemim olsa da, heç nəyi deyə bilmədim. Çox həyəcanlanmışdım.

Başqa hansı siyasi xadimlə görüşünüz olub?

1992-ci ildə Əbülfəz Elçibəylə Prezident aparatındakı kabinetində TRT üçün müsahibə almışdım. Söhbətimiz Türk dünyası, türkçülüklə bağlı idi.



Digər kanallarda işləmək istəyiniz var?

Təbii ki, istəyirəm. Yeni nəsillərə verecək bir çox tövsiyyələrim var. Əvvəllər verlişlərə çox dəvət edirdilər. Düzgünlüyün tərəfində olduğum üçün həmişə mübahisə yaşayırdım.

Tansu Çillərə çox bənzəyirsiniz.

Tansu Çillərə yox, amma sizə bir əhvalatı danışım. Biz Barış Manço ilə İstanbulda olanda üstü açıq maşında yol gedirdik. İstanbulda tıxaca düşdük. Barış Mançonu tanıyanlar maşının ətrafına gəlib, “Sibel Can”, -deyə qışqırdılar. Məni ona bənzətmişdilər. O vaxtdan Barış Manço məni “Azeri Sibel Can”- deyə çağırırdı.

Ailəlisiniz?

Xeyr.

Övladınız var?

-Bir oğlum var.

Ailə qurmaq istəmədiniz?

Televiziya işi ilə heç cür alınımırdı.

Həyat yoldaşınızla görüşürsünüz?

İndi başqa ölkədə yaşayır. Bizim çox gözəl münasibətimiz var. Ailəlidir. Azərbayana gələndə görüşürük.

Ayrılmağınıza səbəb nə idi?

Keçmiş keçmişdə qaldı. Keçmişlə yaşayan insan deyiləm. Əslində keçmiş yoxdur. Gələcək də yoxdur. İndiki an var. Hər zaman da o anla yaşamaq lazımdır.

AzTv-siz 10 il

İndi görənlər sizi tanıyır?

Çox vaxt insanlar üzümü görməsə də, səsimdən də tanıyır. Gənclərin də məni tanımasına heyrətlənirəm. Çünki 10 ildir efirdə yoxam. Bu il AzTv-siz 10 ilim olur.





AzTv-siz 10 il. Peşəkar aparıcı üçün çox çətindir.

Təsəvvür edin ki, hərəkətli keçən həyat boşluğa yuvarlanır. Depresiyaya düşdüm, evdən çıxmadım. Yaxınlarım hər gün mənimlə əlaqə saxlayırdılar. Daha sonra özümə gəldim, fitneslə məşğul olmağa başladım. İdman insanın əsəb sistemini qaydaya salır. Əgər müşahidə etmisinizsə məhşurların bir çoxu boşluğa düşəndə intihara cəhd edirlər. Çünki onların enerjiləri tükənir, müqavimət göstərə bilmirlər. Enerjini bərpa etmək üçün idman yardımçı olur.

Məncə, bu tək enerji ilə deyil, insanlardan da tez tükənmək məsələsidir.

Əslində dərdə varmaq lazım deyil. Qarşıdakı insanı olduğu kimi qəbul etməlisən. Onun hansısa bir xüsusiyyətini dəyişmək istəyin artıq konfliktə gətirib çıxarır. Həm öz daxilində, həm də qarşındakı insanla. Ona görə bir ömür boyu yaşayacağın insanı necə var, o cür qəbul etməlisən.

İnsanın təkliyi əbədidir...

İnsan tək deyil. Sadəcə insanın müəyyən tələbatları var. Əgər o təlabətları müəyyən qədər ödəyə biləcək insan varsa və sən o insanla özünü konfortlu hiss edirsənsə, o səni qıcıqlandırmısa, özünü özün kimi hiss etdirirsə, deməli o insan sənin adamındır, ona qovuşmalısan.

Fikirləriniz OŞO-nu xatırlatdı. Oxumusunuz?

Bəli. Əslinə OŞO-da deyildiyi kimi, kainat İN YAN (qadın və kişi) enerjisi ilə idarə olunur. Həyatımızın hər bir anında bu iki enerjinin taraz olması vacibdir. Tərəzinin taraz olması üçün qablarda eyni çəkidə daşlar olmalıdır.

Müasir gənclərə münasibətiniz necədir?

Gənclərlə çox təmasda oluram. Bəzən heyrətlənirəm ki, eyni düşüncədə olan oğlanlar və qızlar arasında anlaşılmazlıq, uçurum var. Bunu yuxarıda qeyd etdiyim enerji tarazlığının olmaması ilə əlaqləndirirəm. Eyni qorxuları, eyni güvənsizlikləri və eyni zamanda böyük arzuları olan insanlardır. Hətta onlar bir-birini görəslər belə, o boşluq onları yaxınlaşmağa imkan vermir. Boşluqdakı isə onların qorxularıdır, yaxınlaşmaq istəyəndə isə çuxura düşürlər. Bu mənəvi çuxurdur.

“O zaman təkliyin nəticələrini görmüş olursan”

Dediyiniz mənəvi çuxur gün ərzində başqa şeylərlə doldurula bilər.

O boşluğu doldura bilərsən, ancaq müəyyən yaşa çatandan sonra ətrafın azalır. Həyat yolka ağacına bənzəyir, onun oyuncaqları isə daima dəyişən məşğuliyyələri, ətrafındakı insanlardır. Zamanla o oyuncaqların işığı sönür. Müəyyən bir yaşdan sonra şəxsi həyatında heç kimi tapmırsan. O zaman təkliyin nəticələrini görmüş olursan.

Bəs onda özünüz niyə təksiniz?

İnsan həyatı dərindən dərk edəndə onun üçün öz yarısını tapmaq çətin olur.

Vaxt ayırdığınız üçün təşəkkür edirəm. AzTV-li günlər diləyi ilə....

Çox sağ olun.

Oğuz Altay
Fotolar: Elvin Abdulla
"Qış parkı"nda yerləşən “Innab Cafe & Lounge” a təşəkkürlər.

Femida.az

Açar sözlər:

Oxunub: 31771