Vəkildən xanım deputata etiraz - Zəncirlənən qız məsələsi böyüyür


17:20     08 Oktyabr 2016 Aqiye-NAxcivanli-0040713.jpg

İmişlidə 27 yaşlı qızın tövlədə saxlanılması xəbəri artıq bir neçə gündür mətbuatın əsas müzakirə mözsudur. Bu olayla bağlı hüquq müdafiəçiləri, millət vəkilləri səviyyəsində də reaksiya oldu. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, deputat Aqiyyə Naxçıvanlı sözügedən olayla bağlı mətbuata açıqlama verərkən telejurnalist Xoşqədəm Hidayətqızını hadisə üzərində şou yaradıb, insanların hisləri ilə oynamaqda ittiham etmişdi


Məsələ ilə bağlı Vəkillər Kollegiyasının üzvü, vəkil Asif Abdullayev Femida.az -a açıqlama verib. Vəkil məsələyə münasibət bildirərkən qeyd edib ki, bu məsələdə xanım millət vəkilinin fikri ilə razı deyil.

“Xanım millət vəkillərindən biri təklif edib ki, Xoşqədəm Hidayətqızının verilişi bağlansın. Xanımın təklifini əsaslı hesab etmirəm.
Xanım hesab edir ki, uşağın tövlədə saxlanılmasını verilişin aparıcısı çox şişirdib. Millət vəkili ilk növbədə onu nəzərə almalıdır ki, 8 il tövlədə saxlanılan uşağın bu cür həyatını, məsələdən xəbərdar olan icra nümayəndəsi deyil, Xoşqədəm Hidayətqızı qabartdı və məsələnin qanunauyğun həllinə təkan verdi. Müvafiq qurumun etmədiyini Xoşqədəm Hidayətqızı etdi və onun verilişindən sonra cinayət işi başlandı.

Daha yaxşı olardı ki, əsassız tənqid əvəzinə, tövlədə saxlama və sair qəddarlıqlar barədə məlumatı olub, tədbir görməyən səlahiyyətli şəxslərin məsuliyyətə cəlb edilməsi məsələsi qabardılsın, uşaq hüquqlarının müdafiəsi sahəsində qanunun icrasına nəzarət mexanizminin daha da təkmilləşdirilməsi üzrə addımlar atılsın.

Uşaq hüquqlarının pozulması hallarının qarşısını almaq üçün ilk növbədə bu sahəyə cavabdeh qurumların fəaliyyətinin səmərəliliyi artırılmalıdır. İkinci növbədə, ailə qanunvericiliyi və uşaq hüquqları sahəsində hüquqi maarifləndirmə işləri aparılmalıdır. İnsanlar (xüsusilə kənd yerlərində) hüquq və vəzifələrini bilsələr, bu cür hadisələrin sayı minimuma enə bilər. Bu cür hədəflər inkişaf konsepsiyasında da nəzərdə tutulub.

“AZƏRBAYCAN 2020: GƏLƏCƏYƏ BAXIŞ” inkişaf konsepsiyasının 8-ci maddəsinə əsasən, vətəndaşların (və xüsusən bölgələrdə yaşayanların) hüquqi biliklərinin artırılması daim diqqət mərkəzində saxlanılacaqdır.

Verilişdə icra nümayəndəsi etiraf edir ki, bu məsələdən xəbərləri olub və dəfələrlə həmin evə gəliblər (uşaqla bağlı məsələyə yerli İcra hakimiyyətinin qəyyumluq və himayə orqanı baxır). Sual olunur, xəbəriniz olubsa, hansı tədbirləri görmüsünüz? Bu məsələ yalnız şifahi müraciət və xəbərdarlıqla kifayətlənə bilməzdi. Ailə məcəlləsinin 51.6.-ci maddəsinə əsasən, uşağın həyat və sağlamlığının təhlükədə olması, hüquqlarının və qanuni mənafelərinin pozulması barədə məlumatı olan vəzifəli şəxslər və digər vətəndaşlar bu barədə uşağın faktiki olduğu yerin müvafiq icra hakimiyyəti orqanına məlumat verməyə borcludurlar. Məcəlləyə əsasən, icra hakimiyyətinin qəyyumluq və himayə orqanı bu cür məlumat aldıqda uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün zəruri tədbirlər görməyə borcludur (hətta uşağı həmin ailədən məcburi almaq səlahiyyəti də var).

Bu gün uşaqlara aid məsələlərdə dövlət dəstəyinin təmin edilməsi üçün bütün zəruri addımlar atılır, eyni zamanda Heydər Əliyev fondu tərəfindən bu istiqamətdə effektiv layihələr icra olunur. Çıxışlarının birində cənab Prezident vurğulamışdır ki, “Uşaqlarımızın hərtərəfli şəxsiyyət və ölkəmizin layiqli vətəndaşı olaraq formalaşmaları müstəqil Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin aparıcı istiqamətini təşkil edir.”

Daha sonra vəkil belə hallarla rastlaşanda insanların hansı addımlar atmaları barədə də açıqlama verib.

Bu istiqamətdə aparılan dövlət siyasətinə dəstək olaraq, sıravi vətəndaşlar və bu sahədə səlahiyyətli qurumlar, öz üzərinə düşən vəzifəni tam icra etməlidirlər.
Mən Xoşqədəmin daimi izləyicisi deyiləm, verilişinə bir neçə dəfə epizodik baxmışam. Vaxtım olmur, həm də televizora az baxıram ümumiyyətlə.

Təbii ki, verilişdə bəzi şou elementləri də var, amma verilişin sosial təyinatı və effektivliyi daha üstün tutulmalıdır. İstənilən halda, veriliş öz formatından kənara çıxmamalıdır.
Hesab edirəm ki, bu cür hallara heç kəs biganə qalmamalıdır. Əgər hansısa uşağa qarşı qəddar, həyatı və sağlamlığı üçün təhlükəli rəftarın şahidi olursunuzsa, məlumat verin. Bununla bağlı həm İnsan Hüquqları Üzrə Müvəkkilə (telefon : 012-916), Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinə (telefon : 012- 498 00 92), ərazi üzrə İcra Hakimiyyətinə və hüquq-mühafizə orqanılarına müraciət edə bilərsiniz.



Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 10314