İstanbul! Yenə sevilməyə məhkum...


18:16     15 Oktyabr 2016 14618632_10209705973062601_615312509_o.jpg

Xoşbəxt və həyəcanlıyam. Sevdiyimə doğru yol almışam. Göyün yeddinci qatında, Türk Hava Yolları təyyarəsinin artıq öz evim kimi doğmalaşmış isti atmosferində xəyallara dalmışam. Onunla görüşümüzü düşünürəm. Bir ildir görüşmürük və dəhşətli bir sarsıntıdan keçmiş. Görəsən necədir, dəyişibmi, incinibmi... Necə qarşılayacaq məni... Təyyarə mətbəxinin kralı sayılan uçuş şefinin nəzakətli səsiylə xəyaldan ayılıram. Nəsə istəyib-istəmədiyimi soruşur. İstəyim həmin an böyük peşəkarlıqla gerçəkləşdirilir.

Bir azdan illuminatordan doğma mənzərə görünür. İstanbul qarşılayır bizi. İlk baxışda heç nə dəyişməyib. Atatürk Hava Limanı əvvəlki tək sərnişinlərlə doludur. İnsanların üzündə təşviş və tədirginlik yoxdur, hər kəs rahatlıqla yoluna davam edir. Sevinirəm. İstanbul dəyişməyib.

11 nəfər bakılı həmkarımla birlikdə rahat mikroavtobusla iqamət edəcəyimiz “Radisson Blu Conferance and Airport”otelinə gəlirik. Məlum olur ki, THY-nin təşkil etdiyi press-tura bizdən başqa 15 ölkədən 50-yədək jurnalist də qatılıb. Səfərin məqsədi isə İstanbulda baş vermiş xain 15 iyul çevriliş cəhdindən sonra əmniyyətin tamamilə bərqərar olmasını, şəhərin öz normal həyatına döndüyünü, o cümlədən ölkədə elan edilmiş fövqəladə vəziyyətin turistlərin rahatlığına heç bir mənfi təsir göstərmədiyini media vasitəsilə dünyaya çatdırmaq idi.

Bir qədər istirahət etdikdən sonra şəhərin mərkəzinə, tarixin ürəyinin döyündüyü yerə doğru yola düşürük. Yol boyu dəfələrlə gördüyüm mənzərələr yenidən məni sehrinə salmağı bacarır. Zamanın sehirbaz çubuğuyla bəzi hissələrdə gözəgörünməzliyə bürünərək sanki bizimlə gizlənpaç oynayan qədim qala divarları, saralmış yarpaqlar arasından boy göstərərək gah itən, gah da görünən, hərəsi bir əfsanə söyləyən daş “kitablar”... Beləcə dəfələrlə yaşadığım amma heç doymadığım nağıl başlayır yenə...

Mərkəzdəki əsas tarixi binaların yerləşdiyi, əvvəllər Ox meydanı, indi isə Sultanəhməd meydanı adlanan ərazidə avtobuslardan enirik. Meydan turistlərlə doludur. Həm ingilis, həm rus, həm də ərəb dilində dialoqlar eşitmək olur. Sanki şəhər cəmi iki ay öncə o qanlı gecəni yaşamayıb. Ölkədə elan olunmuş fövqəladə hal isə yalnız ətrafda polislərin görünməsindən bəlli olur. Onların mehriban simaları isə insanları narahat etmir, əksinə təhlükəsizliklərinə əminlik yaradır.

1500 illik tarixi olan gizəmli Ayasofya məbədini, Osmanlının qüdrətli hökmdarlarından olan I Əhmədin əmriylə inşa edilmiş möhtəşəm Sultanəhməd məscidini ziyarət edib, 532-ci ildə tikilmiş, yerin səthindən 52 pilləkan aşağıda yerləşən Yerəbatan sarnıcına (su anbarı) enirik. Nəhəng sütunları, ağlayan tavanı, həzin musiqi sədaları altında oynaşan karp balıqları və qorxunc ilahə Meduza Qorqonanın ilanlarla dolu başının nədənsə tərsinə çevrilmiş heykəli... Dan Braunun “Cəhənnəm” əsərini xatırlayıram. Oxuyanlar bilir ki, bestsellerdəki hadisələrin kuliminasiyası bu məkanda baş verir.

Sarnıcdan çıxıb üç qitəyə hökm etmiş Osmanlı sultanlarının iqamətgahına- Topqapı sarayına doğru gedirik. İstanbul kimi incini türk şəhəri olaraq bizlərə bəxş etmiş Fatih Sultan Mehmet tərəfindən 1478-ci ildə inşa etdirilən, 80 min kvadratmetr ərazini əhatə edən Topqapının bütün tikililərini vaxt azlığı səbəbindən gəzə bilməsək də əsas bölümləri ziyarət edirik. Dünyanın ən qiymətli incilərinin saxlanıldığı muzeydə hər əşyanın öz aurası, öz musiqisi var. Hamısının da üzərində zamanın bir parçası qıvrılıb sanki. Burada Səfəvi dövlətinə aid də xeyli eksponat var.

Ziyarətimizi bitirib Gülhanə parkıyla çıxış qapısına doğru addımlayırıq. Saçlarımı darayan həzin mehin pıçıltısında sanki bir anlıq mavi gözlü devin - ölməz Nazim Hikmətin səsini duyuram: Mən bir ceviz ağacıyam Gülhanə parkında, nə sən bunun fərqindəsən, nə də polis fərqində... Çönüb ağaclara baxıram. Susurlar...

Dünyanın ən böyük və ən qədim qapalı bazarı olan Kapalı çarşını dolanırıq. Buraya bazar deməyə adamın dili gəlmir. Muzeyə bənzəyir. Axşamtərəfi olduğundan alış-veriş bir qədər səngisə də xeyli sayda turist gözə dəyir. Satıcıların turistlərə baxışları qəribədir. Bəlkə də ən yaxın qohumlarından daha çox sevirlər turistləri. Bəs necə, çörək ağaclarıdır axı...

Axşam düşür və biz şam yeməyi üçün boğazda yerləşən restoranlardan birinə yollanırıq. Şər qaraldıqca İstanbul bir başqa gözəlliklə cilvələnir. Möhtəşəm Boğaziçi körpüsünün (indi Şəhidlər körpüsü adlanır) al-əlvan işıqları boğazın qaranlıq sularına sevgi nəğməsi pıçıldayır elə bil. Ara-sıra keçən gəmilər isə işıqları qovaraq, suların tək sahibi olduqlarını xatırladırlar.

İstanbulda növbəti günümüz THY-nin baş ofisində gerçəkləşən mətbuat konfransıyla başladı. Şirkətin idarə heyətinin sədri İlkər Aycı bizləri salamlayaraq İstanbul səfərimizin əsas məqsədini bir daha açıqladı. Bildirdi ki, 15 iyulda baş vermiş çevriliş cəhdindən sonra dünya mediasında Türkiyədəki, o cümlədən İstanbuldakı vəziyyətlə bağlı yanlış xəbərlər yer almaqdadır ki, bu da həm ölkəyə turist axınına, həm də buna bağlı olaraq da THY-nin işinə mənfi təsir göstərə bilər. Türkiyənin ən yoğun turistik məkanı olan İstanbulda həyatın öz axarı ilə davam etdiyini, turistlər üçün heç bir təhlükənin olmadığını öz gözlərimizlə gördükdən sonra gerçəkləri obyektiv şəkildə işıqlandırmamızı rica edən THY rəsmisi FETO terror qrupunun istər ölkə daxilində, istərsə də xaricdə necə kök salmasından, xain hücumu necə hazırlamasından və türk xalqının birlik olaraq çevriliş cəhdini necə önləməsindən də danışdı..

İlkər Aycı çevriliş cəhdi ərəfəsində THY-nin sərnişinlərin maksimum zərər çəkməməsi üçün şirkət tərəfindən hər cür tədbirlər görüldüyünü də qeyd etdi: “Sərnişinlərimizin zərər görməməsi üçün onlara bilet dəyişməyi və ya qaytarmağı təklif etdik. Çünki bir şirkət olaraq markamızın prestijini qoruyuruq ”. Aycı hadisələr zamanı THY-nin uçuşlarında problemlərin yaranmaması, sərnişinlərin məmnunluğunu təmin etmək üçün 50 milyon dollar vəsait xərcləndiyini də bildirdi.

Şirkət rəsmisi sərnişinlərin THY üçün yalnız bir müştəri deyil, əziz qonaq olduğunu dedi: “Bizim adətlərimizə görə qonaq hər zaman müqəddəsdir və onun rahatlığı üçün əlimizdən gələni edərik.

Sərnişinlərimiz də bizim qonağımızdırlar”. Onun bu sözləri mənə iki il əvvəl başqa bir görüş zamanı THY-nin baş direktoru Təməl Kotilin söylədiyi kəlimələri xatırlatdı. Kotil-bizim uğurumuzun səbəbi sərnişinlərimizə verdiyimiz sevgidir - demişdi. Və mən onun sözlərinin səmimiliyinə Atatürk Hava Limanında şahidi olduğum hadisə zamanı əmin olmuşdum. THY əməkdaşlarının təyyarəyə gecikmiş olduqca məzlum görkəmli somoliliyə göstərdikləri qayğı, yardım o qədər mütəəssiredici idi ki...

Atatürk Hava Limanında və İstanbulun turistik məkanlarında törədilmiş terror aktlarına da toxunan Aycı terrorun təkcə Türkiyənin deyil, bütün dünyanın bəlası olduğunu xatırlatdı. Bildirdi ki, şirkət təhlükəsizlik sektorunda mövcud olan bütün cihazların alınıb quraşdırılmasını həyata keçirir və sərnişinlərin əmniyyəti üçün bütün tədbirlər görülür: “Biz şirkət olaraq beynəlxalq mülki aviasiya təhlükəsizlik qaydalarına tabeyik. Avropa və beynəlxalq mülki aviasiya təşkilatları tərəfindən nəzarətdə saxlanılırıq. Təhlükəsizlik şirkətlərindən məsləhətlər, mütəxəssislər alırıq. Hər keçən gün təhlükəsizlik sektorunda çıxan yeni kameraların, cihaların quraşdırılması üçün çalışırıq. Həmçinin özəl qüvvətlərdən, Milli İstihbarat Təşkilatından dəstək alırıq”.

Uğurlardan və gələcək perspektivlərdən də söz açan Aycı bildirdi ki, THY bu il təxminən 64 milyon sərnişin daşımağı hədəfləyir: "Bu göstərici keçənilkindən çox olacaq. 2018-ci ilin birinci yarısında dünyanın ən böyük hava limanlarından biri İstanbulda istifadəyə veriləcək. Bu hava limanının birinci hissəsi 90 milyon, ikinci hissəsiylə birlikdə isə 150 milyon sərnişin daşımağa imkan verəcək. İstanbul Atatürk Hava Limanı dünyada dördüncü yerdə dayanır. Çox qısa zaman ərzində dünyada ən böyük hava limanı, ən çox ölkəyə uçuş həyata keçirən, daha çox qonaq qarşılaya bilən aviaşirkət olmağı hədəf seçmişik. THY-nin əldə etdiyi texnoloji yeniliklərdən də bəhs edən Aycı artıq rezarvasiya dəyişikliklərini smart telefonlardan edə biləcək sistemlər gətirildiyini də qeyd etdi.

Mətbuat konfransından sonra THY-nin Aviasiya Akademiyasına yollanırıq. Burada bizlərə pilotlara necə təlim keçilməsi, təyyarələrdə baş verə biləcək ekstrimal hallar əyani olaraq göstərilir. Daha sonra THY təyyarələrini yeməklə təmin edən “DO ənd GO” ketrinq şirkətinə gəlirik. Burada gördüyümüz yüksək peşəkarlıq, gigiyena THY təyyarələrində yediyimiz dadlı yeməkləri bizə xatırladır.

Beləcə İstanbul səfərimiz başa çatır və Vətənə dönmək üçün hava limanına gəlirik. Yorğunuq amma uçuş öncəsi çox gözəl məkanda-THY-nin biznes-klass sərnişinləri üçün nəzərdə tutulmuş lancında istirahət etmək imkanımız var. Dünyanın ən möhtəşəm biznes-lancı olan İstanbul lancı ilk dəfə görəndə heyran olmuşdum. Geniş və göz oxşayan zallar, hər cür rahatlıq, kitabxana, saysız-hesabsız ləzzətli yeməklər, istirahət otaqları və sair sərnişinlərin xoş istirahətini təmin edir.

Təyyarədəyəm. İstanbulu düşünürəm. İncinsə də, üzülsə də dəyişməyib. Yenə gözəl, yenə məsum, yenə sevgi dolu, yenə sevilməyə məhkum...

Aida Aysa
Femida.az

Açar sözlər:

Oxunub: 5095