Vəkildən Kamran Əliyevə etiraz : `Cərimə yazıla bilməz`


21:52     19 Oktyabr 2016 vekil%20Asif4.jpg


Femida.az xəbər verir ki, Baş Dövlət Yol Pilisi İdarəsinin rəsmisi K.Əliyev mətbuata açıqlamasında bildirib ki, avtomobilin üzərinə imza həkk etdirən şəxslər cərimələnəcəklər.


Mövzu ilə bağlı Femida.az-a vəkil Asif Abdullayev münasibət bildirib. Onun sözlərinə görə imzanın avtomobilin üzərinə həkk etdirilməsinə görə məsuliyyət nəzərdə tutan maddə yoxdursa, cərimədən söhbət gedə bilməz.

“DYPİ-nin bu mövqeyi hüquqi cəhətdən əsassızdır. Yol polisinin bu açıqlamasının əsassız olduğunu izah etmək üçün, məsələyə əsasən hüquqi, həm də qısa formada mənəvi tərəfdən yanaşsaq daha yaxşı olar.

Məsələnin hüquqi tərəfi.

Avtomobilin üzərində imzanın həkk etdirilməsi cəriməyə səbəb ola bilməz. Bununla bağlı İnzibati Xətalar Məcəlləsində məsuliyyət müəyyən edən maddə yoxdur. Həmin məcəllənin 3-cü maddəsinə əsasən, yalnız məcəllədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi, əgər məcəllədə, imzanın avtomobilin üzərinə həkk etdirilməsinə görə məsuliyyət nəzərdə tutan maddə yoxdursa, cərimədən söhbət gedə bilməz.
Məlumat üçün qeyd edim ki, qanunvericilik yalnız operativ nəqliyyat vasitəsi üçün nəzərdə tutulan yazının (misal üçün “Polis” “FHN” və sair) adi avtomobilin üzərinə yazılmasına və müvafiq icazə alınmadan reklam xarakterli yazıya görə məsuliyyət nəzərdə tutur.

Qanunla qadağan edilməyən əmələ görə cərimə etmək mümkün deyil. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin iki hissəsi məhz bu barədədir :
Konstitusiyanın 71-ci maddəsi IX hissə : Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər.

Konstitusiyanın 71-ci maddəsi XIII hissə : Heç kəs törədildiyi zaman hüquq pozuntusu sayılmayan əmələ görə məsuliyyət daşımır.
Bir məqama da toxunmaq istəyirəm. Yol polisi rəsmisi imza həkk etdirənlərə irad tutaraq bildirib ki, reklam etmək istəyənlər icazə almalıdırlar. Bu yanaşma anlaşılan deyil. İmza reklam sayılmır. Reklam haqqında qanunun 2.0.1.-ci maddəsində reklamın anlayışı verilib.

Məsələnin mənəvi tərəfi.

Bəlkə hansısa insan evində də, avtomobilində də, iş otağında da Ulu öndəri xatırladacaq bir elementlər görmək istəyir, bəlkə bu ona stimul verir, bəlkə bu yolla həmin insan ruhlanır, bəlkə sadəcə olaraq bu yolla ona olan hörmətini ifadə edir? Biz dəqiq məqsədi bilmirik, amma hər bir halda düşünürəm ki, bu addımın məqsədi yalnız görkəmli şəxsiyyətə olan hörmətlə bağlıdır. Hər kəs bir fərddir, hər kəsin bir cür yanaşması var bu məsələyə, hər kəs öz baxışlarına uyğun tərzdə hörmətini ifadə edir. Əgər bu, qanunla qadağan deyildirsə, vətəndaşın görkəmli şəxsə qarşı hörmət əlamətinə müdaxilə etmək düzgün deyil. İstənilən halda, bu məsələ qanunla tənzimlənmədiyi üçün, mənəvi cəhətdən hər kəsin öz ixtiyarına buraxılmalıdır.”


Miri Məcidli
Femida.az



Açar sözlər:

Oxunub: 15103