`Cavan qızam, 25 yaşım var` - Bələdiyyə sədri məhkəmədə ifadə verdi


19:26     25 Oktyabr 2016 mehkeme%20(1)15.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə təqsirləndirilən şəxs Müşviq Əliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.


Femida.az-ın məhkəmdə iştirak edən müxbirinin verdiyi məlumata görə, Balaxanı Bələdiyyəsinin sədri Səlimova Vüsalə Məmmədhəsən qızı şahid qismində ifadə verib. Onun sözlərinə görə, bir evin sənədlərinin saxta yolla başqa adamın adına keçirilməsindən və həmin sənədə vurulan möhürdən xəbəri yoxdur.

“ Belə bir işin baş verməsini bilmirdim. 2015-ci ilin yanvarından Balaxanı Bələdiyyəsinin sədriyəm. 2015-ci ilin aprel ayında Həsənova Tamilla ərizə ilə bizə müraciət etdi ki, onun adına olan torpaq sahəsi başqa adamın adına keçirilib və həmin adamlar orada ev tikir. Mən dedim ki, belə hal baş veribsə, polisə müraciət etsinlər. Çünki, bu mənim yox, köhnə sədr olan Cavanşir müəllimin günahıdır. O da hazırda həbsdədir. Cavan qızam, 25 yaşım var. İstəmirəm adım belə işlərdə hallansın.Orada olan evlərin çoxsunu da tanımıram. Biz yalnız həmin vaxt vətəndaşa qiymətləndirilmə ilə bağlı sənəd vermişik. Bizim əməkdaş İsmayıl müəllim mənə dedi ki, vətəndaşın evinə baxış keçiriblər və evdə yaşayış var.Yəni, torpaq və ev qiymətləndirilə bilər. Bundan sonra vətəndaşa həmin sənəd verilib. Qalan məsələlərdən xəbərim yoxdur. ”

Bu zaman təqsirləndirilən şəxs Bələdiyyə Sədrinə etiraz edərək onu yalan danışmaqda ittiham etdi:

“ Bu xanım yalan danışır. Bütün işlərin başında özü dayanır. Onun ətrafında olan işçiləri İsmayıl, Qulam, Ədalət Balaxanıda insanların başına oyun açırlar. Sonda da onlar azadlıqda gəzir, mənim kimi günahsız insanlar həbsdə yatır.”
Bundan sonra sədr bu işdə günahsız olduğunu və şahid qismində məhkəmədə ifadə verdiyini təqsirləndirilən şəxsin diqqətinə çatdırdı.

Evi alan şəxs Nəsirova Nailə məhkəməyə hadisənin necə baş verdiyini danışdı:

“ Biz 2015-ci ildə bu evi və torpağı almaq üçün Bələdiyyəyə müraciət etdik. Həmin vaxt bizim işi bələdiyyənin işçiləri İsmayıl və Ədalət görürdü. Biz evi tikib qurtarandan və aldığımız pulu Müşviq Əliyevə tam ödədikdən sonra Tamilla Həsənova adlı qadın gəldi ki, bu ev onundur. Mən sual verirəm. Bu ev onundursa, niyə tikinti gedəndə gəlmirdi? Həmin Tamilla adlı qadın bizim aldığımız evdən 150-200 metr aralıda yaşayır. Bu müddət ərzində gəlib deyə bilərdi ki, bu ev onundur. Mən bilirəm ki, bütün bunlar oyundur. Elə Tamilla da bu oyunun içərisindədir.Əlbir olub millətin başına oyun açırlar.”

Xatırladaq ki, təqsirləndirilən şəxs Müşviq Əliyev zərərçəkmiş şəxs Tamilla Həsənovaya məxsus torpaq və yarımtikili evi başqa vətəndaşlara satmaqla dələduzluqda ittiham olunur.


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 2943


Oxşar xəbərlər