Çin Azərbaycanda regional hab tikəcək


00:02     26 Oktyabr 2016 8f3a8aff989944366c2975918ecc9a1a.jpg

Çində səfərdə olan "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovun başçılıq etdiyi nümayəndə heyəti bu gün Siçuan vilayətinin paytaxtı olan Çenqdu şəhərində görüşlər keçirib.


"Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun verdiyi məlumata görə, Azərbaycan nümayəndə heyəti ilə danışıqlarda Çenqdu Bələdiyyə limanı və Logistik mərkəzinin direktoru Çen Zhonq Uey, Çenqdu Beynəlxalq dəmir yolu xidmətinin sədri və baş direktoru Fan Jun və digər rəsmi şəxslər iştirak ediblər.

Görüş zamanı Çinin Siçuan vilayətinin iqtisadi imkanları, ixrac potensialı və ixrac yolları müzakirə olunaraq, burada istehsal olunan malların Avropaya nəql edilməsi zamanı, Azərbaycan ərazisindən keçən Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutundan istifadə imkanları diqqət mərkəzində olub. Siçuan vilayəti son illər ərzində Çində sürətlə inkişaf edən vilayətlərdən biridir. Bu, Çinin iqtisadı potensialının artırılmasına xidmət edən iqtisadı inkişaf proqramının ikinci mərhələsi çərçivəsində həyata keçirilən layihələrdən biridir. Məhz bu mərhələdə, Sakit okean sahilində yerləşən vilayətlərdən sonra, Çinin mərkəzi və qərb rayonlarının inkişafı nəzərdə tutulur. Məhz bu rayonlardan qərbə doğru yüklərin nəql edilməsi, Yeni İpək Yolundan istifadəsi nəzərdə tutulur.

Çin tərəfi Trans-Xəzər marşrutundan istifadə etməkdə maraqlı olduğunu diqqətə çatdırıb, Azərbaycanın əlverişli coğrafi mövqedə yerləşməsini nəzərə alaraq, burada regional hab yaratmaq arzusunda olduqlarını bildirib. Qeyd ediblər ki, əhalinin sıx yaşadığı və iqtisadıyyatı sürətlə inkişaf edən ölkələr - İran, Türkiyəyə və Cənubi Avropa ölkələri ilə ticarət dövriyyəsini artırmaq məqsədi ilə həmin ölkələrə yük qatarlarını Azərbaycan ərazisindən keçməklə göndərmək niyyətindədirlər. Yəni yüklərin Azərbaycana, buradan isə təyinatı üzrə ya İrana (Astara stansiyasından), ya Türkiyəyə (Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsi ilə) ya da Avropaya (Gürcüstanın limanlarında istifadə etməklə Qara dəniz vasitəsi ilə) çatdırılması nəzərdə tutulur. Bunun üçün Çində "One Belt One Road" ("Bir Kəmər Bir Yol") adlı xüsusi proqram da hazırlanıb. Proqram çərçivəsində Trans-Xəzər marşrutundan daimi istifadə edilməsi və bu yolda yük qatarlarının sayının artırılması nəzərdə tutulur.

Azərbaycan və Çin nümayəndə heyətləri qarşılıqlı maraq kəsb edən digər məsələləri müzakirə edərək, bu ilin sonuna qədər Trans-Xəzər marşrutu ilə 5 test qatarın göndərilməsi haqda razılığa gəliblər. Tərəflər arasında növbəti görüşünün Bakıda keçirilməsi haqda qərar qəbul edilib. (Apa)

Femida.az

Açar sözlər:

Oxunub: 935