NİDA-çıya hökm oxundu - 10 İL


02:42     26 Oktyabr 2016 qiyas6.png

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən “Nida” vətəndaş hərəkatının üzvü Qiyas İbrahimlinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.


Femida.az-ın verdiyi xəbərə görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə Q.İbrahimli 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Q.İbrahimli Cinayət Məcəlləsinin 234.4.1-ci ( Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməklə;) və 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma; külli miqdarda törədilməklə) maddələri ilə təqsirləndirilir.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Qiyas İbrahimovdan 2,607 qram heroin, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin aşkar edilərək götürülüb.

Q.İbrahimli ittihamı qəbul etmədiyini və özünü təqsirsiz saydığını deyib.

Femida.az

Açar sözlər:

Oxunub: 1022