`Səfər Əbiyevi səngərdə görməmişik. Zakir Həsənov isə...` Qazi kəşfiyyatçı ilə müsahibə


18:10     07 Noyabr 2016 610.jpg

“Gördüm ki, ayağım yoxdur”


Femida.az –ın müsahibi döyüş tapşırığını yerinə yetirərkən yaralanan kəşfiyyatçı, ehtiyatda olan baş-leytenant Kamil Musəvidir.

- Cənab baş leytenant, sizi bir daha yaxından tanıyaq.

- Ehtiyatda olan baş leytenant Musəvi Kamil İbadət oğlu. 1990-cı ildə Qazax rayonunda olmuşam. Orta məktəbi Qazax şəhəri , Mehdi Hüseyn adına internat orta məktəbində oxumuşam. Daha sonra Səməd Vurğun adına 2 saylı orta məktəbi bitirib, Ali Hərbi Məktəbə daxil oldum. 2012-ci ilə Hərbi Məktəbi zabit rütbəsində bitirdim. Bununla da hərbçi həyatım başladı.

- Hərbçi olmaq kimin istəyi idi? Yoxsa, özünüz seçdiniz bu yolu ?

- Uşaqlıqdan kəşfiyyatçı olmaq arzum idi. Uşaqlara oyun oynadığımız vaxtlarda gizlənirdim, özümü kəşfiyyatçı kimi aparırdım. Elə məqsədim o idi ki, erməni öldürəcəm. Böyüdükdən sonra arzuma çatdım. Nəslimizdə əmim də hərbçi olub. Bu mənim hərbiyə olan marağımı daha da artırdı. Qərarımı qətiləşdirdim. Kəşfiyyatçı yolunu seçdim.






- İstərdim, kəşfiyyatçının keçdiyi yolunun başlanğıcından danışaq.

- Ali Hərbi məktəbi leytenant rütbəsində bitirdikdən sonra SQ-in Təlim Tədris Mərkəzində Təkmilləşmə kursundan sonra 2013-cü ildə Tərtər rayonu N saylı hərbi hissəyə təyinat aldım. Orada bir müddət xidmətdən sonra başqa bir Kəşfiyyat Hərbi Hissəsində 1 il xidmət keçdim. Həmin vaxt tez-tez hərbi yarışlar və toplanışlar keçirilirdi. Böyük həvəslə iştirak edirdim. Dəfələrlə qalib oldum. Sonuncu dəfə 2015-ci ilin oktyabrın 3-də Silahlı Qüvvələrin ən yaxşı kəşfiyyatçısı oldum. Bütün bunlar mənim daha da təkmilləşməyimə təkan verdi.

- Kəşfiyyatçı kimi xüsusi yadda qalan bir əməliyyat yadınızda qalıbmı?

- Belə hallar çox olub. Biz kəşfiyyatçı olsaq da, düşmən hücumlarının qarşısını dəfələrlə almışıq. Məsələn, 2014-cü ilin avqustunda düşmən təxribat törətmişdi. Həmin vaxt Tərtərdə xidmətdə idim. Düşmən etdiyi təxribatın cavabını aldı. Ancaq mən kəşfiyyatçıyam. Kəşfiyyatçı danışmağı yox, döyüşməyi sevir. ( Gülür)

- Görürəm, suala cavab vermək istəmirsiniz. O zaman sualı belə qoyaq. Azərbaycan kəşfiyyatçısı düşmən haqqında nə bilir?

- Düşmən haqqında hər şeyi bilirik. Texnikasından tutmuş, şəxsi heyətin sayına qədər. Bizim düşmənin gücündən çox, hiyləgərliyi var. Onların bizə qurduğu 10 maneədən 8-i aldadıcı olur. Məsələn, düşmən son vaxtlar minaları quraşdırarkən müəyyən hiylə işlədir. Minanı daha dərinə basdırıb, üzərində taxta qoyurlar ki, aşkar etmək olmasın. Belə işləri çoxdur. Məsələn, konserva qablarına parça yandırıb, qoyurlar ki, bizi çaşdırsınlar. Guyə orada şəxsi heyyətin sayı çoxdur. Ancaq biz bütün bunların üstünü açmışıq. Mətbuat üçün yalnız bu hissəni danışa bilərəm.

- Bəs, müqayisədə bizi düşməndən üstün edən nədir?

- Silahı, texnikanı qoyuram kənara. Bizim ordu daha müasir cihazlarla təchiz olunub. Ancaq bizi düşməndən üstün edən bir cəhət ruh yüksəkliyinin və qeyrət deyilən anlayışın olmasıdır. Bizim qadınlarımız onların kişilərindən belə qeyrətlidir. Bu da döyüşdə bizə əlaqə üstünlük verir.







- Qadınlar dediniz. Deyirlər, bizim kəşfiyyatçı qadınlarımız var.

- Düzü, kəşfiyyatçı qadınlarımızla rastlaşmamışam. Daha doğrusu xidmət etdiyim istiqamətdə görməmişəm. Ancaq snayper qadınlarımız var. Görmüşəm də. Onlar kişilərimiz kimi qeyrətlə Vətənə xidmət edirlər.

- Kəşfiyyatçı olmaq üçün hansı xüsusi istedada malik olmaq lazımdır?

- Kəşfiyyatçının birinci növbədə psixolji hazırlıqları olmalıdır. Bu onun özündə formalaşmalıdır. Burada həyəcanlanmaq söhbəti ola bilməz. El dilində desək, kəşfiyyatçı ürəkli olmalıdır. Sonrakı cəhətlər fiziki göstəricilərlə bağlıdır. Onları əldə etmək mümkündür.

- Meşədə yeməksiz qalan kəşfiyyatçı necə qidalanmalıdır?

- Bununla bağlı xüsusi təlimlər keçilir. İlk növbədə tələlər vasitəsi ilə heyvan ovlamalıdır. Məsələn, dovşan, ilan, qaban, ceyran bu kimi heyvanlarla qidalanmaq olar.

- Bəs, qurbağa əti yemisiniz?

- Bəli, olub. Kurs müddətində uşaqlarla göldən qurbağa tuturduq. Onu qızardıb yeyirdik. Dadı da pis deyildi. ( Gülür)

- İstərdim sizin yaralandığınız döyüşdən danışaq. Necə qalıb xatirinizdə?

- 2015-ci ilin oktyabrın 12-də , gecə saat 23:48 radələri döyüş tapşırığını yerinə yetirirdik. Talış kəndi istiqamətində idik. Birdən hərbçilərdən biri “komandir, mina var”, dedi. Gördüm ki, çox həyəcanlıdır. Ərazi də olduqca təhlükəli idi. Artıq minanın lap yaxınlığında idi. Silahın götürüb onun tərəfə qaçdım. Arxada olanı sağa çəkib, sol ayağımı onun yan tərəfindən dirədim. Həmin vaxt güclü partlayış baş verdi. Yıxıldım yerə. Özümü itirmədim. Sifətimi siləndə gördüm ki, gözümdən qan gəlir. Sol gözümü hiss etmirdim. Əlimi ayağıma atdım, əlim sümüyə dəydi. Gördüm ki, ayağım topuq hissədən yoxdur. Hamısını da normal qəbul etdim. Sonra fikirləşdim ki, yuxu ola bilər. Bir də yoxladım ayağımı, əlimə qan fışqırdı. Yerdə sürünməyə başladım. Sürünə-sürünə deyirdim ki, gənc ailəm yazıq oldu. Elə silah boynumda yerlə sürünürdüm. Öz tərəfimizə çatmağa bir qədər qalmış MAXE Məcidovun səsini eşitdim. O, məni sürüyüb səngərə saldı. Orada əsgər Nağızadə Rəşad məni çiyninə götürüb, maşına qədər apardı. Çox ürəkli əsgər idi. Yolda ona dedim: “Əsgər, məni aparmağa gücün çatacaqmı?”. Dedi : “ Komandir, narahat olmayın, sizi sağ-salamat çatdıracağam.” Həmin əsgər kanalı asanlıqla keçib, məni maşına çatdırdı. Orada sürücü gizir Əliyev Elçin yolu yaxşı tanımadığı deyirdi. Gözümün də biri yoxdur. Yolu çətinliklə görürdüm. Yol da çox pis idi. Çətinliklə gəlib hospitala çatdıq.







- Həmin vaxtda huşunuz hələ də özünüzdə idi?

- Bəli, 2 saat 46 dəqiqəyə qanım qurtarmamışdı. Hardasa 50 kilometr yol gəlmişdik. Xəstəxanada eşitdim ki, “gecikdirməyin, salın əməliyyata” deyirlər. Hər şey yadımdadır, huşum başımda idi. Xəstəxanada əmim başımın üstündə ağlayırdı. Dedim, ağlama, əmi, belə şeyə ağlamazlar. Dedi ki, mən sənə ürək- dirək verməkdən, sən mənə ürək-dirək verdin. İki gözüm tutulmuşdu, 4 gün görmədi. Övladım hələ doğulmamışdı, dedim ki, bir gözüm açılsın, övladımı görüm. Bir gözüm sonradan görməyə başladı. Dedim ki, vəssalam, mənə heç nə lazım deyil. Yaşayıram.

- Ailənizə xəbəri kim verdi?

- Yaralandığım zaman ağlıma gələn ilk fikir ailəm oldu. Dedim camaatın balası bədbəxt oldu. Çünki təzə evlənmişdim. Əməliyyatdan sonra telefonu alıb, yoldaşımı yığdım. Dedim ki, birdən ona qəfil xəbər verərlər. İnanmasın. Özüm ona ürək-dirək verirdim. Qorxurdum ki, övladımızı itirərik. Sonradan özləri hər şeyi gördülər.

- Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyatçıları ilə sizi nə fərqləndirir?

- Onlar xüsusi təlimlər keçirlər. Ancaq sonda hamımızın məqsədi birdir. Vətən üçün çalışırıq.Ərazidə milli ordunun kəşfiyyatçısı daha yaxşı işləyir. Çünki, ərazini yaxşı tanıyır.

- Döyüşlərdən danışarkən aprel döyüşləri haqqında danışmamaq mümkün deyil. Siz bu döyüşlər barədə nə düşünürsünüz?

- Aprel döyüşləri bizim yatmış ruhumuzu geri qaytardı. Müəyyən əraziləri ordumuz ələ keçirdi. Düzdür, burada müəyyən itkilər verdik. Buna baxmayaraq ermənilərin itkisi bizdən qat-qat çox oldu. Bu gün mənim bu döyüşlərlə bağlı insanlardan narazı qaldığım bir məqam var. Deyirlər ki, nəyə görə ordumuz itki verib? O insanlara sözüm odur ki, qələbə itkisiz olmur. O yüksəklikləri də qazanmaq üçün şəhidlərimiz canını qurban edib. Ümumilikdə həmin döyüşlər bizim orduda olan texnikanı və ruh yüksəkliyini düşmənə bir daha göstərdi. Mən bir ehtiyatda olan baş leytenant kimi aprel döyüşlərini ordumuzun qələbəsi kimi qəbul edirəm.

- Özünüzü qəhrəman hesab edirsinizmi?

- Mən vətənə borcumu yerinə yetirərkən yaralanmışam. Burada qeyri-adilik yoxdur. Vətən bizimdirsə, onu biz qorumalıyıq. Belə bir söz var “ Su torpağa qarışanda palçıq, qan torpağa qarışanda Vətən olur.” Bax, biz bu yolu seçmişik.







- Bəs, zabit əsgərini döyər?

- Xeyr. Bu sovet illərinin qaydası idi. Bu gün ordumuz təlim-tədris cəhətdən çox yüksək inkişaf edib. Mən şəxsən heç vaxt əsgərimə fiziki güc göstərməmişəm. Çünki döyüşdə zabit və əsgər bir-birinə qardaş və arxadır. Bu səbəbdən də tam əminliklə deyə bilrəm ki, bizim orduda belə hal yoxdur. Əgər, bir-iki nəfər hər hansı bir nizamnamədən kənar hərəkət edərsə, onlar da qanunla cəzasını tapır.

- Həm Səfər Əbiyevin, həm də cənab Zakir Həsənovun dövründə xidmət etmisiniz. Hansı fərqləri hiss etdiniz?

- Səfər Əbiyev nazir olanda heç vaxt səngərdə görməmişəm. Amma cənab Zakir Həsənov bütün günü səngərdə, əsgərin yanındadır. Bu da ordu üçün böyük stimul deməkdir. Bundan əlavə cənab nazirin orduda gördüyü işlər göz qarşısındadır. Zakir Həsənov orduya yeni nəfəs verən generaldır.

- Bəs qazi zabitin bu gün nəyə ehtiyacı var?

- Mənə kifayət qədər dövlətdən, xalqdan, millət vəkillərindən və digər insanlardan diqqət var. Elə bu yaxınlarda mənə “Həzi Aslanov” medalı verildi. Mənim ən böyük ehtiyacım Qarabağadır. Qalan hər şey var. Bu gün mənim ən böyük ehtiyacım mənəvi dəstəyədir. Bunu da görürəm. Xalqımı necə fikirləşirdimsə, elə də gördüm.


Həmin vaxt dedim ki, deputat nə deməkdir?...


- Millət vəkillərindən danışdınız. Kimlər sizə dəstək olub?

- Deməli yaralı olduğum vaxtlarda dedilər ki, bizə deputat gəlib. Həmin vaxt dedim ki, deputat nə deməkdir? Kimdir o? Hərbçinin başı ancaq xidmətə qarışdığı üçün kənar məsələlərə vaxtı olmur. Birdən qapı açıldı. Gördüm, içəri bir nəfər girdi. Bu Qazaxdan seçilən millət vəkili Kamran Nəbizadə idi. Birinci dəfə idi ki, deputat görürdüm. O, Firdovsi müəllimlə bir yerdə gəlmişdi. Mənə dəstəyə gəlmişdilər. Bundan əlavə Nərimanov rayonundan seçilən millət vəkli Adil Əliyevin də xüsusi diqqəti var. Hər zaman qayğı göstərirlər. Elə bilirəm, həmin şəxslər mənə qardaşdılar.






- Bəs, bu gün işiniz var?

- Bəli, hərbi hissələrin birində mülki vəzifədə işləyirəm. Buna baxmayaraq hərbçi kimi də xidmətə hazıram. Güləş komandamızın böyük məşqçisi Firdovsi Umudov mənə hər zaman dəstək olur. Belə xeyirxah insanlarla yanaşı, kömək adı ilə özünü reklam etmək istəyən insanlar da var. O tip insanları ətrafımdan uzaqlaşdırıram.

- Ailənizdə vəziyyət necədir?

- Bir oğul övladım var. Yaralı idim, övladım hələ dünyaya gəlməmişdi.Bu gün Allaha şükür olsun ki, hər şey qaydasındadır. Yoldaşım hərdən zarafatla deyir : “Mənim iki oğlum var.” O, mənə uşaq kimi qayğı göstərir. Bütün kaprizlərimə dözür. Ailəmdə də hər şey qaydasındadır.

- Yaralı zabitin cəmiyyətə sözü nədir?

- Mən ancaq minnətdarlıq etmək istəyirəm. Başda Ali Baş Komandan olmaqla cənab nazirimizə və Azərbaycan xalqına minnətdarlığımı bildirirəm. İnsanlara sözüm odur ki, Vətəni, torpağı sevin. Bu torpaq sevgiyə layiqdir. Mənə diqqət göstərən hər kəsə minnətdaram.




Miri Məcidli
Foto: Elvin Abdulla
"Qış parkı"nda yerləşən “Innab Cafe & Lounge” a təşəkkürlər.
Femida.az




Açar sözlər:

Oxunub: 60106