Xoşqədəmə möhtac qalmaq...


20:42     14 Noyabr 2016 15050240_338269456536064_649359253_n.jpg


Bir dəfə bu haqda uzun - uzadı yazmışdım. Özümü tanıyandan həkimlərin əlinin altında olmuşam. Uşaqlığım boyu xəstəxana-xəstəxana gəzib, dərman-dərman böyümüşəm. Heç yadımdan çıxmayan bir həkimim vardı. O vaxt üçün ölkənin ən yaxşı nevropotoloqu olduğundan ailəm bütün ümidlərini ona bağlamışdı. Həkim də ki, zəhrimar tuluğu idi rəsmən. Otağa girəndən çıxana qədər xəstələrə bağırır, valideynləri acılayırdı. Bir gün saatlarla gözlədiyimiz növbədən sonra qəbula düşdük. Çəkiclə başıma-gözümə döyəndən sonra anama dönüb qaşlarını çatıb dedi: “Bu uşağı mənim yanıma niyə gətirmisən axı, apar tulla zibil qabına”. Necə ağlamışdım, necə ağlamışdım, bir bilsəniz. Sonra bir torba iynə - dərman yazıb bizi rayona yollamışdı. O dərmanları uda bilmək üçün litr-litr su içirdim hər dəfə. Keçmirdi boğazımdan. Bir gün həmin psix nevropotoloqun bir verlişdə qonaq olduğunu gördüm. Aman Allah, necə mülayim idi, necə gülümsəyirdi, uşaqlar haqqında necə ağız dolusu danışırdı, həkimliyini necə öyürdü. Onun televiziyadakı o çıxışı dediyi sözdən daha çox yandırmışdı məni. Balacaca canımla bu böyüklükdə saxtakarlığı, bu böyüklükdə ikiüzlülüyü həzm edə bilmirdim...

Xoşqədəm xanıma bir neçə həftə əvvəl bir yazı həsr etmişdim. Sən, əziz oxucu, mənə dedin ki, ona paxıllıq edirəm. Dedin ki, o hər kişinin bacara bilməyəcəyi böyük işlər görür. Dünəndən sosial şəbəkələri başına götürmüş o görüntüləri yəqin ki, sən də izlədin. İzləməyənlər üçün qısa şərh də edə bilərəm. Deməli, aparıcı xanım, qardaşını axtarmaq üçün verlişə müraciət etmiş bacını ələ salır verlişində. Öz mənafeyi, öz reytinqi üçün indiyə qədər etdiyi kim bilir neçənci saxtakarlığı edir. Dünyanın o başından əsasına söykənib gələn itgin qardaşı, görüş anının emosiyasını artırmaq, ağlaşmanın performansını yüksək səviyyəyə çatdıra bilmək üçün studiyaya xərəkdə gətirmək qərarına gəlir. Və bunun üçün əl atdığı iyrənc yolu, o dəhşətül-vəhşət dolu dialoqu sizin üçün olduğu kimi yazıram:

Xoşqədəm H: Kişini xərəkdə gətirək. Denən ki xərəkdən durma, dursa şey olacaq...

Həkim: Nəsə eləyək kişi durmasın?

Xoşqədəm H: Bağlayacaqsan?

Həkim: Kişiyə yarım kub iynə vuraq dura bilməsin. Yoxsa danışdıracaqsız?

Xoşqədəm H: Danışdıracağıq. Bağla da ayaqlarını.

Həkim: Yaxşı

Xoşqədəm H: Üstünü də örtərsiz...

Və o möhtəşəm , yüksək səviyyəli Xoşqədəm Hidayətqızı kadrları... Yaşlı kişi xərəkdə ayaqları bağlanmış, üstü örtülmüş vəziyyətdə studiyaya daxil olur. Aparıcı xanım, səsini titrədə-titrədə qardaşını axtaran bacıya üzünü tutub deyir, “İstəməzdim qardaşınızı bu vəziyyətdə görəsiniz...”

Açığı dünəndən bəri dəfələrlə izlədiyim görüntülərdə məni bu qədər sarsıdan Xoşqədəm xanımdan daha çox onunla eyni komandada çalışan, yuxarıdakı dialoqun qarşı tərəfi olan həkim xanım oldu... “Kişiyə yarım kub iynə vuraq, dura bilməsin...” Əclafcasına deyilmiş cümlədi, “Yarım kub iynə vuraq...” Yarım kub ee... Yarım kub.

Əziz Xoşqədəm xanım, mən hər daim yazılarımda, eləcə də real həyatımda qadınların tərəfində olmuşam. Onları hiss etmişəm, mən həmişə qadınları gülən görmək istəmişəm.Yazının bu hissəsini sizə jurnalist kimi yox, qadın kimi, adi bir vətəndaş kimi yazıram. Siz mənim əleyhinə yazı yazdığım ilk qadınsız . Səbəbi isə yəqin ki, hamıdan çox sizin özünüzə məlumdur. Möhtac olmaq ağır hissdi, mən bu hissi yaxşı tanıyıram. Dərdini götürüb sizə gəlmiş birinin göz yaşlarını, ağrılarını, möhtaclığını bu qədər ələ salmaq marağı hardandır sizdə, anlamıram. Məlum kadrlardakı həkimlə söhbətləşərkən, “get ayağını bağla, dura bilməsin” deyərkən, böyük bir həzlə kağızını soyub ağzınıza qoyduğunuz o konfet məni yandırır, Xoşqədəm xanım. O boyda acının, o boyda göynəltinin üstündən necə keçdi o konfet boğazınızdan? Düyünlənmədimi boğazınız? Yoxdurmu içinizdə başqa bir Xoşqədəm? Doğrudan da niyyəti və qədərmi xoş olan bir Xoşqədəm...

Açar sözlər:

Oxunub: 12596


Oxşar xəbərlər