`64 nəfəri Tərtərdə `erməni` adı ilə tutdular` – Hadisələrin şahidi danışır


18:09     02 Dekabr 2016 Qarabag%20(1)4.jpg

Femida.az Qarabağ müharibəsinin fəal iştirakçılarından olan, 123 saylı alayın hüquq və mühafizə işləri üzrə baş müfəttişi baş leytenant, Qarabağın Həcəri kimi tanınan Səbirə Mahmudova ilə silsilə müsahibənin növbəti hissəsini təqdim edir. Səbirə xanım bu hissədə Qarabağ müharibəsi zamanı qəhrəmanlıq göstərmiş, ancaq unudulmuş qəhrəman döyüşçülərdən və baş verən siyasi proseslərdən danışıb.


Əvvəlini BURADAN oxuya bilərsiniz.

- Bu günlərdə yaşınızın üstünə daha bir yaş gəldi. Yeri gəlmişkən sizi təbrik edirəm. Yaşınız artdıqca nəyi hiss edirsiniz?







- Çox sağ olun təbrik üçün. Ad günümdə çoxsaylı təbriklər aldım. Məni təbrik edən hər kəsə təşəkkürümü bildirirəm. Yaşımın üstünə gələn yaş elə bilirəm, məni Qarabağa bir az da bağlayır. İstərdim, o yerlərdə ömrümü sona vurmaq qismətim olsun. Müharibə geciksə, əlimdə əsa ilə olsa da hərbçilərə köməyə gedəcəm.

- Müsahibəmizi qaldığımız yerdən davam edək. Həmin illərdə dövlət sərhədlərinin təhlükəsizliyi necə təmin olunurdu?

- 1988- ci ildə ermənilərin bölgələrdə fəallaşdığı dövrlərdə - hələ könüllü dəstələrin, milli ordunun yaranmadığı vaxtlarda əhalinin təhlükəsizliyi dövlət strukturları tərəfindən və sərhəd kəndlərinin sadə silahlarla silanlanmış cavanları tərəfindən həyata keçirilirdi. Əvvəl 10-12 nəfərdən ibarət olan kiçik dəstələr sonralar yerli özünü müdafiə dəstələrinə çevrildilər. 91- ci ilin sonuna qədər dövlətin daxili qoşun əsgərləri bu təhlükəsizliyi təmin edirdi. Bəzən ermənilər rus əsgərini girov götürüb silah müqabilində dəyişirdilər. O vaxt əhalidən ov tüfəngləri də yığıldığından cavanlar silah sarıdan korluq çəkirdi. Azərbaycan Daxili İşlər Nazirliyinin yerli şöbələri, yerli hərbi komissarlıqlar, yanğından mühafizə dəstələri , mülki müdafiə dəstələri və dövlət təhlükəsizlik işçiləri tərəfindən erməni basqıları dəf olunurdu. İllərlə həmin strukturlar sərhədlərimizdəki terroristlərin qarşısını alıb.

Polis bölmələri isə həmişə öndə olurdular. Xankəndindəki Xüsusi İdarə 91-ci ilin axırınadək fəaliyyət göstərib. Bəzi hallarda qəfləti pusqular quran gəlmə ermənilər əhaliyə itgi veririrdi. 1988-ci ildə ilk dəstə Xocavənddə - Xocavənd qəsəbəsində, Əmralılarda, Kurapatkinoda, Muğanlı və Qaradağlıda yaranmışdı. Həmin dövrdə də mən Ağdama silah dəfələrlə gəlib tələb edən İlyas və Eyvaz Hüseynov qardaşlarını, Muğanlının Rəhman adlı Sovet sədrini görürdüm. Ağdamdan Xıdırlı kəndinin imkanlı sakini olan Mustafayev qardaşlarından Elbrus , sonralar Xıdırlı rotasının komandiri kənd cavanlarını yığıb Xocavənd postlarında növbə çəkirdilər. Mustafayev qardaşları pulla silah-sursat alıb, oraya aparırdılar. Çünki həmin vaxt Ağdamda döyüşlər başlamamışdı. Yadımdadır, 1991-ci ilin payızından başlayaraq Bərdədə Zümürxan alayını yaratmış, Dəniz Quru Qoşunlarının rütbəli zabiti Elçin Əliyev OMON-un ilk dəstəsinin tərkibində 11 nəfərlə birlikdə Xocavənd rayonunda bəzi əməliyyatlar keçirmişdi. Milli Qəhrəman Yura Kovalyovun iştirakı ilə. Onların qayıtdığı vertalyot ermənilər tərəfindən atəşə tutulsa da, sağ çıxa bilmişdilər.Bu İbad Hüseynova haqq verməz ki, minlərlə onun kimi, ondan da artıq əziyyət çəkən oğulların başı üzərindən keçib, reklam kompaniyası aparıb, etmədiyi işləri millətə sırısın.





Həmin günlər Bərdədə xəbər yayıldı ki, Elçingilin vertalyotu vurulub. Elçin Əliyev Ağdam- Ağdərə bölgəsində alayı ilə bərabər bir çox əməliyatların iştirakçısı olub. Düzdür, əfsanəvi komandir haqqında çox yazılıb. Amma mənim ürəyimdə yara bağlayan o idi ki, iki dəfə ağır kontuziya almış bu komandir dövlətdən heç vaxt yararlanmadı. Ağır xəstə olduğu vaxtlarda ona baş çəkmişdimsə də, ölümündən sonra həyat yoldaşı mənə ağır durumda yaşadıqlarını bir cümləylə çatdırmışdı : “ Elçin ölümündən bir həftə əvvəl mən evdən işə çıxarkən məndən soruşdu ki, artıq pulun varmı? Mənə nar alasan.”… (Red- Göz yaşlarını saxlaya bilmir)

Ermənilər yüksəklikdən sürətlə gedən maşınımızı vurmağa çalışırdılar...

Bir dəfə 1992- ci ilin yayında Kasapet əməliyyatından öncə Bərdəyə onun maşını ilə qayıdırdım. Ermənilər yüksəklikdən sürətlə gedən maşını vurmağa çalışırdılar. Mərmilər maşının arxasına və önünə tökülsə də, biz salamat qaldıq. Mən arxa oturacaqda çığırırdım ki, maşını saxlatsın, düşək. Amma Elçin bəy bunun daha təhlükəli olacağını deyirdi. Sonralar mən dedim: “Bax, bizi mənim qoruyucu mələyim saxladı.” O isə gülüb deyərdi : “Qorxuram ki, vaxt gələ bizimlə birgə sənin o qoruyucu mələyini də güllələyəcəklər ki, erməniyə niyə güllə atırdınız?”
Elçinin ağır dolanışığından ona görə danışdım ki, bəzi veteran və əlillərimiz dövlətdən dönə-dönə faydalansa da, həmişə narazıdırlar.

Tək 1992-ci ilin yayında Ağdərə döyüşündə Lənkəran bölgəsinə 121 şəhid yola saldıq…

- Qarabağı tək qarabağlılarmı qoruyurdu?

Xeyr. 91- ci ilin sonlarından 92-nin əvvəllərində Qarabağda artıq neçə- neçə silahlı batalyonlar yerli əhalinin hesabına yaranmış və silah-sursatla təmin edilmişdi.

Xocalı Soyqırımından sonrasa ölkənin hər yerindən əhalinin müxtəlif təbəqələrindən dəstələr yaranıb AXC rus hərbi hissələrindən silahlandırıb bölgələrə göndərirdi. Siyasi əqidəsindən asılı olmayaraq Qarabağın köməyinə gələnlər içində etnik millətlərin nümayəndələri də çox idi. Hətta Qax-Balakən, Quba-Qusar , Talış bölgələrindən yüzlərlə cavan döyüşə gəlmişdi. Dinpərəst cavanlar da kənarda qalmayıb, döyüşlərə başlarına İslamın rəngi yaşıl lent bağlayıb əməliyyatlarda iştirak ediblər. Biz Ağdam və Tərtər bölgəsindən minlərlə şəhid yola salmışıq bütün bölgələrə. Tək 1992-ci ilin yayında Ağdərə döyüşündə Lənkəran bölgəsinə 121 şəhid yola saldıq. Əsasən Bakı cavanlarından təşkil edilmiş “Qurtuluş” batalyonu 125 şəhid vermişdi.

Onun təyyarəsi düşmənin nəzarət etdiyi ərazinin üstündə vuruldu...

- Keçən müsahibənizdə pilot Vaqif Qurbanovdan danışdınız. Sizin alayda Vaqif Qurbanovdan başqa döyüş pilotları vardımı?

- Bizim alayın tərkibində 2 ədəd SU-25 bombardmançı təyyarə, 2 ədəd döyüş helikopteri var idi. Milliyətcə rus olan digər bombardmançı pilot Konstantin Virsev olub.Biz ona Kostya deyirdik. O Əfqanıstan müharibəsini keçmiş təcrübəli pilot, polkovnik-leytenant , digər muzdlu pilotlar kimi hər döyüş uçuşuna S.Hüseynovdan 1.5-2 min dollar alırdı. Muzdlu olsa da, Kostya uçuş tapşırıqlarını vicdanla və dəqiqliklə yerinə yetirdiyinə görə döyüşçülərimizin hörmətini qazanmışdı. 1992-ci ilin iyulun sonlarında döyüş tapşırığından qayıdarkən, Konstantin Virsevin idarə etdiyi təyarə düşmənin nəzarət etdiyi ərazinin (təxminən Mənikli kəndinin) üstündə vurulmuşdu. Kostya “katapult” etmişdi, lakin sağ düşdüyü, sağ düşübsə, ermənilərin əlinə keçmədiyi, ermənilərin əlinə keçməyibsə, harada olduğu və bizə tərəf çıxmağa cəhd edirsə, hansı istiqamətdə hərəkət edəcəyi, məlum deyildi. Kostyada nə rabitə, nə xəritə var idi, silahdan isə yalnız bir darağı olan tapançası var idi. Onun düşdüyü və hərəkət edə biləcəyi düşmən nəzarətində olan ərazinin sahəsi təxminən 100 kv.km dağ-meşə zolağını əhatə edirdi. Kostyadan əvvəl ilk pilotumuz Vaqif Qurbanov vurulub, erməni ərazisinə düşəndə, onu xilas etmək mümkün olmamışdı. Doğrudu, çox sonralar bilmişdik ki, Vaqif düşmən ərazisinə paraşütla düşərkən, hələ göydə güllələnmişdi. Amma o zaman Vaqifin ölüsü ya dirisi barədə dəqiq məlumat əldə etmək mümkün olmamışdı, düşünürdük ki, Vaqif ermənilərin əlinə keçə bilərdi və buna görə döyüşçülərimiz özlərini çox qınayırdılar ki, Vaqifi xilas edə bilməmişdik. Hətta II Korpus rəhbərliyinin tapşırığı ilə hələ də rusbaşlardan tam azad olmamış Milli Təhlükəsizlik Nazirliyinə sızmışdımsa da, Vaqifdən heç bir xəbər ala bilməmişdim. Hətta Korpus rəhbərliyi də neytral zolağa girsələr də, əliboş qayıtmışdılar. Onu da qeyd edim ki, düşmənin səmada vurulmuş pilotun xilası istənilən Ordu üçün şərəf və prinsip məsələsidi. Buna görə Vaqifdən təxminən ay yarım sonra Kostya vurulanda, 2-ci ordu korpusun rəhbərliyi pilotu xilas etmək məqsədilə geniş axtarış-xilas əməliyatları keçirməyi qərara aldı. Bu, saman tayasında iynəni tapmağa bərabər idi. Bakıda qısamüddətli məzuniyətdə olan 123-cü alayın tank batalyonun komandiri Nazim Bayramov rəhbərlik tərəfindən geri çağrılıb Yevlağa vertalyotla gətirildi. Vəziyəti öyrənəndən sonra o, xüsusi əməliyat hazırlayıb, bir tank və Sumqayıt könüllülərindən ibarət 10 nəfərlik təcrübəli kəşfiyat bölməsi ilə cəbhənin ön xəttini keçib, düşmən ərazisinin 10-15 km girib, bizə tərəf hərəkət edən yüngün zədələnmiş Kostya ilə 2 km məsafədə üzbəüz gəlmişdi. Tankımız Kostyanı təkib edən iki PDM-dən birini vurub, ermənilərin diqqətini özünə cəlb edib, Kostyanın bizə tərəf çıxmasına şərait yaratmışdı. Kəşfiyat bölüyümüz onu çayın kənarında qarşılayıb, bizə tərəf ötürmüşdü. Qarabağ müharibəsində Vətən oğulları bir sıra qəhramanlıq nümunələri göstərmişdilər. Lakin pilotun (sağdırsa) düşdüyü böyük ərazidə hansı istiqamətdə çıxacağını tapmaq, dərin ağıl və dəqiq hesablama tələb edir. Müasir müharibələrdə bənzər hadisə 90-cı illərin sonlarında Yuqoslaviya müharibəsində baş vermişdi. Serblər amerikan təyarəsini vurmuş, pilot serblərin nəzarət etdiyi əraziyə düşmüşdü. Bu zaman ABŞ prezidenti B.Klinton Miloşeviçə bəyanat vermişdi, “pilotun başından bir tük əskik olsa, Belqrad bombalanacaq”. Amerikan pilotda CPRS var idi, onun hansı kvadratda olması, qərargaha məlum idi. Həmin kvadrata gəmidən xüsusi xilas etmə helikopteri və xüsusi təyinatlılar göndərilmişdi. Onlar pilotu helikopterə alıb, qayıtmışdılar. Bu hadisə barədə bədii film də çəkilib. Lakin bizim döyüşçülər düşmən ərazisində pilotla CPRS-siz üzbəüz çıxmışdılar...





Yeri gəlmişkən, Fərəc Quliyev içi boş təkəbbürü ilə, “Nazim Bayramov kimdi?” deyəndə, bilsin ki, Nazim Bayramov OMONdan başlamış və Milli Orduda davam etdirdiyi döyüş yolunda bircə döyüş uduzmamış komandir, dərin hərbi intellektə, bacarığa və şəxsi şücaətə malik dünya standartlı peşəkardı və fəxrimizdi. Sadəcə, Fərəc Quliyev kimi siyasətbazlar bu cür oğulların Vətənə fayda verməyin yollarını kəsib, MN-i o vaxtdan bu yana özündən razı “parket generalları” ilə doldurublar. Bu əməliyata görə Nazim Bayramov Milli Qəhraman adına, xilasetmə qrupun digər döyüşçüləri müxtəlif təltifatlara layiq görülmüş, lakin heç kim təltif olunmamışdı. Xilas olunandan sonra Kostya demişdi, “mənə görə belə bir risqə gedib, məni xilas edən ordu, doğma ordumdu”. O, bundan sonra uçuşlarına görə muzddan imtina etdi və azərbaycanlı pilotlar kimi maaş alırdı. Konstantin Virsev 1993-cü ilin sonlarında təlim uçuşu zamanı yeni gətirilmiş döyüş təyyarəsində - Nasosnıda (red- İndiki H.Z. Tağıyev qəsəbəsi) faciəvi sürətdə həlak olmuşdu. Onun xidməti müddətində ailəsi Azərbaycana gətirilib evlə təmin edilmişdi. Amma Kostyanın həlakından sonra ailəsi yaşadıqları Rusiyaya qayıdıb, Kostyanı dəfn etdilər. Həmin dəfndə alaydan iştirak edənlər oldu. Ermənilərə görə adını çəkmək istəmədiyim qəbristanlıqda onun döyüş formasında da heykəli qoyuldu. Bu gün də yolu Rusiyanın həmin şəhərinə düşən silahdaşları onun qəbrinə baş çəkir. Onu da deyim ki,sonralar Surət qaçaq olduğu dövrlərdə belə onun ailəsini tam təmin etmişdir.

64 nəfəri Tərtər bölgəsinə çıxanda briqadanın əmri ilə “erməni” adı ilə tutulmuşdular...

- Deyirlər ki, 123-cü alaya qarşı həmin vaxtlar təxribatlar da baş verirdi.


Keçən müsahibəmdə 123-cü alayın hücumçu batalyonlarından birinin komandiri olan Xan çağırdığımız Eyvazın başına gələnlərlə əlaqədar danışdığım epizod çox oxucumu qəhərləndirmiş, mənə həmin epizodla bağlı yazımda yenə bilgi verməyə vadar etmişdi. Tərtərin qəhrəman oğlu Vəzirin kəşfiyyatdan gətirdiyi xəbərə laqeydlik göstərən Eyvaz Baş Qərargahın planına əsasən hərəkət etmiş, xeyli itgi versə də, batalyonun bir qismini xilas edəndən sonra özü kəşfiyyata girəndə 3 döyüşçüsüylə azmışdır. Briqadanın günahı ucbatından baş tutmayan əməliyyatdan atalyonun şil-küt vəziyyətində çıxan 64 nəfəri Tərtər bölgəsinə çıxanda briqadanın əmri ilə “erməni” adı ilə tutulmuşdular. Camaat tamaşaya çıxıb həmin maşınları daşa tutmuşdu. Bu gün də bir tərtərli kimi bundan qeyzlənirəm. Həmin gün Bərdəyə ,qapıma gəlib Mingəçevir batalyonundan olduqlarını,məni alay komandirinin çağırdığını deyib israrla özləriylə aparmaq istəyən döyüşçülərin də təxribatçi olduqlarını,mənə gedərdimsə qəsd olunacağımı düşünürəm. Həbsə atılmış 64 nəfər döyüşçümüz mart ayının sonlarında Rəhimlə Surətin verdiyi düzgün məlumatdan sonra Gəncəyə əməliyyat üçün gəlmiş İsgəndər bəy tərəfindən buraxılmışdılar. Surətin atası mərhum MirDavud kişinin göstərişiylə İsgəndərin ayağı altında qurbanlar kəsilmişdi. Surət-İsgəndər qarşıdurmasını gözləyənlər yanılmışdılar. Ordunu da təxribata sürükləyirdilər...





Ardı var...

Miri Məcidli
Femida.az


Açar sözlər:

Oxunub: 82085