Bərdədə soyuqdan donan körpələr – Susan millət vəkili (Video)


16:46     05 Dekabr 2016 berde%20usaq.JPG


Bərdə rayonu, Heydər Əliyev prospektində Meyvə bağları deyilən ərazidə məskunlaşan 60 məcbur köçkün ailəsinin qaz problemi barədə məlumat vermişdik.


Problemlə bağlı Femida.az videoreportaj hazırladıqdan sonra Bərdə Rayon İcra Hakimiyyəti rəhbəri Vidadi İsayev səviyyəsində şikayətçilərin problemləri dinlənilib. Bu barədə Femida.az-a məlumatı sakinlər verib.

Məsələ ilə bağlı Bərdə Rayon İcra Hakimiyyətinin Sənədlərlə İş üzrə şöbəsinin müdiri İsgəndər İsmayılov saytımıza açıqlama verib. Onun sözlərinə görə, problemin həlli istiqamətində artıq işlərə başlanılıb.

“Onlar orada müvəqqəti məskunlaşıb. Bununla bağlı biz Azəriqaza müraciət etmişik. Hazırda evlərə qaz verilməsinin layihələşdirilməsi gedir.”

Bəs, 23 ildir bu ərazidə yaşayan sakinlərə niyə bu vaxta qədər qaz xətti çəkilməyib sualına şöbə müdiri belə cavab verdi:

“ Dediyim kimi onlar orada müvəqqəti məskunlaşıblar. Onlara dövlət proqramı çərçivəsində mənzil veriləcək. Bu məsələyə görə iş bir qədər uzanıb. İndi layihələndirmə gedir. Kimin normal evi varsa, qaz xətti çəkiləcək. Orada evlərin heç sənədləri yoxdur.Bu məsələlər də var.Bütün bu problemlərə baxmayaraq biz Azəriqaza müraciət etmişik.”

Məsələ ilə bağlı Bərdə rayonundan seçilən millət vəkili Zahid Orucla əlaqə saxlamaq istəsək də cavab ala bilmədik. Hər zaman Milli Məclisdə pafosla çıxış edən, səsi qulaqları titrədən millət vəkili bu dəfə cavab verməkdən yayındı. Ümid edirik ki, millət vəkili tezliklə soyuqdan qırılan 60-dan çox ailənin problemi ilə bağlı sorğumuza cavab verəcək.




Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 33280