`Reket`lərlə necə mübarizə aparaq?


15:36     08 Dekabr 2016 emeliyyat%20(1)3.jpg

Son günlər “reket” jurnalist məfhumu tez-tez işlədilir. Demək olar ki, hər gün hüquq-mühafizə orqanlarımız tərəfindən hansısa sayt, yaxud da qəzet əməkdaşlarının “reketçilik” fəaliyyəti ilə məşğul olduqları üçün həbs olunduğu xəbərlərini eşidirik.


Sonuncu dəfə dünən Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində "Cəmiyyət" qəzetinin və eyni adlı saytın baş redaktoru Asəf Novruzov saxlanılaraq istintaqa cəlb olunmuşdu. İki gün əvvəl isə “Gündəlik Bakı” qəzetinin və eyniadlı saytın baş redaktoru Habil Vəliyev xüsusi əməliyyatla saxlanılıb. Qeyd edək ki, əməliyyatlar əsasən “reket”lərin yuvası kimi tanınan “Azərbaycan” nəşriyyatında aparılır.

Bir sual insanı çox düşündürür: Görəsən, hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyatlarla bu bədnam fenomeni aradan qaldırmaq mümkün olacaqmı? Yoxsa başqa önləyici tədbirlər görülməlidir?

Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri Toğrul Məmmədov saytımıza açıqlamasında bildirdi ki, hüquq-mühafizə orqanları qəti formada “reket” jurnalistika ilə mübarizə aparmalıdır:



“Qeyd edim ki, “reket” jurnalistikası ilə bağlı qanunvericilikdə də müəyyən tələblər möcuddur. Hesab edirəm ki, jurnalistlər öz işlərinin peşəkarı olmalıdır. “Reket” jurnalistlər peşəkar jurnalistlərin fəaliyyətində bir ləkədir. Buna görə də qanuni çərçivədə “reket” jurnalistlərə qarşı mübarizə aparılmalıdır. Çünki onlar jurnalistika fəaliyyəti ilə yox, faktiki olaraq cinayət fəaliyyəti ilə məşğuldur. Kimsə öz fəaliyyətində qanuni çərçivədən kənara çıxırsa, mütləq cəzalandırılmalıdır. Ona görə də bu cür jurnalistlərə qarşı hüquq-mühafizə orqanları tərəfinfən qəti şəkildə mübarizə aparılmalıdır. Nəzərə alamq lazımdır ki, cəzanın məqsədi həm şəxsin islah edilməsi, həm də digər şəxslər tərəfindən həmin cinayətin törədilməsinin qarşısı alınır”.

“525”-ci qəzetin baş redaktoru, Mətbuat Şurasının üzvü Rəşad Məcid `Qafqazinfo`ya açıqlamasında DTX-nın əməliyyatlarını yüksək qiymətləndirdiyini bildirib:



“Mətbuat Şurasında artıq neçə ildir ki, “reket” jurnalistikaya qarşı komissiya var. “Reket” qəzətlərdən ictimaiyyətin şikayətləri bəlli idi. Elə qəzetlər var idi ki, dəfələrlə onlar barəsində ictimai qınaq formasında Mətbuat Şurasında rəy çıxarılmasına baxmayaraq, bunlar öz “fəaliyyətlərini” davam etdirirdilər. Mən ötən il Milli Təhlükəsizlik Nazirliyində baş verən hadisələrdən sonra demişdim ki, bir sıra reket qəzetlər var ki, onların yazdıqları faktlar jurnalist fəaliyyətindən daha çox, hansısa xüsusi xidmət orqanının fəaliyyətinə bənzəyir. Bu kimi halların mövcudluğu da vaxt keçəndən sonra aşkarlanacaq.

Məlum olurdu ki, bu kimi qəzetlərə bir çox hallarda MTN-in o vaxtki xəbər əməkdaşları himayədarlıq edirdi. Onların vasitəsilə məmurları, sadə insanları şantaj edərək pul qazanırdılar. İndi DTX-nın bu cür əməliyyatları aparması və faktların aşkarlanması, “Azərbaycan” nəşriyyatında bu kimi qəzetlərə qarşı xüsusi əməliyyatın keçirilməsi Mətbuat Şurasının neçə illər əvvəl dediyi fikirlərin reallaşmasıdır. Mən bu cür hadisəni yüksək qiymətləndirirəm. Elə bilirəm ki, mətbuat adına xələl gətirən bu tipli insanların gələcəkdə mediaya üz tutmasının qarşısı alınmalıdır. Əlbəttə ki, proses davam etməlidir. Bir neçə qəzet var ki, dəfələrlə Mətbuat Şurası onların haqqında qərarlar çıxardıb. Onlar da yəqin ki, Dövlət Təhlükəsizlik Xidmətinin diqqətində olacaq”.

Media Hüququ İnstitutunun rəhbəri, tanınmış media eksperti Rəşid Hacılı isə hesab edir ki, “reket” jurnalist məfhumu bütünlükdə medianı gözdən salmaq üçün ustalıqla uydurulub. Əslində isə bu fəaliyyətin jurnalsitika ilə heç bir bağlılığı yoxdur:

“Maraqlıdır ki, “reket” damğasını bu gün yalnız və yalnız jurnalist peşəsindən olanlara vururlar. Yəni siz “reket” polis, “reket” müstəntiq və ya prokuror, “reket” rəis, “reket” icra başçısı, “reket” hüquqşünas və başqa bu kimi ifadələr eşitməzsiniz. Saydığım iş sahiblərinin də bu və ya digər məlumatlardan istifadə edib qorxudaraq pul almaq imkanları var və bundan heç də başqa peşələrdəkindən az istifadə etmirlər. Bu damğanı kim uydurub, ortaya atıb bilmirəm, amma tirajlayanlar elə jurnalistlər özləridir. Kimlərəsə bu ifadənin tirajlanması çox sərf edir. Jurnalistlərin özlərindən başqa. Bu ifadələr məhz jurnalist peşəsindən olanları, bütünlükdə medianı gözdən salmaq üçün ustalıqla uydurulub. Bu gün bu ifadə altında nüfuzdansalıcı yalan və ya doğru məlumatlar, şəxsi həyat sirləri və ya təhqiredici məlumatlar yaymaq hədəsi ilə şantaj edərək pul və ya başqa formada fayda qazanmaqla məşğul olan mətbu orqanları və ya jurnalistləri nəzərdə tuturlar. Bu, jurnalistika deyil. Bayaq saydığım peşələrdə olduğu kimi, məsələn “reket” hakim, “reket” polis rəisində olduğu kimi, “reket” jurnalist dediyiniz şəxslər sadəcə cinayət törətdiyi güman olunan şəxslərdir. Onların peşəsi nə jurnalisdir, nə də vəkildir. Onlar sadəcə cinayətkar peşəsinin sahibləridir. Onlarla mübarizəni hüquq mühafizə orqanları aparmalıdır. Və bu, çox da çətin iş deyil əslində. Sadəcə maraqlısı ondan ibarətdir ki, ortalıqda xeyli faktlar olmasına baxmayaraq uzun zaman “dözürlər” onlara. Bu da tamamilə haqlı söhbətlər doğurur ki, kimlərsə məhz hüquq mühafizə orqanlarında həmin “mətbu orqanları” qoruyurlar, hətta bəsləyirlər”.



Rəşid Hacılı onu da əlavə etdi ki, jurnalist peşəsindən olan insanlar arasında həmrəylik və işbirliyi olmalıdır, əks təqdirdə bu bədnam fenomendən yaxa qurtarmaq çətin olacaq:

“Keçmiş Milli Təhlükəsizlik Nazirliyi yüksək rütbəli əməkdaşlarının bundan yararlandıqları barədə hətta mətbuatda yazılar da getmişdi. “Azərbaycan” nəşriyyatının böyük binasında mənzillənən, dövriliyi və tirajı, eləcə də reklam və başqa gəlirləri adi icarə haqqını belə verməyə yetərli olmayan onlarla “mətbu orqanlar” var. Son günlər DTX tərəfindən aparılan əməliyyatların məhz “reket” jurnalistika adlandırdığınız nəsnə ilə mübarizə olduğunu demək üçün yetərli əsaslar yoxdur. Bu gün normal medianın normal iqtisadi və reklam bazarı yoxdursa, çap və yayım imkanları demək olar ki, yoxdursa, jurnalist peşəsindən olanlar arasında bu peşədən olanları qoruya biləcək həmrəylik və işbirliyi imkanı yoxdursa, çətin ki bu bədnam fenomeni aradan qaldırmaq mümkün olsun. Münbit torpaq və oraya qanqal toxumu atan varsa, qanqal bitməyəcəyinə zəmanət yoxdur. Dünən bir general bundan istifadə edirdisə, kim zəmanət verə bilər ki, sabah başqası bu imkandan imtina edəcək”.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 2878


Oxşar xəbərlər