Gəlinini yaba ilə öldürdü - 9 yaşlı nəvəsi ifadə verdi


16:22     08 Dekabr 2016 yaba111.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Məlikməmməd Adıgözəlovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək qeyd edib ki, təqsirləndirilən şəxsin nəvəsi 9 yaşlı Murad Adıgözəlovun məhkəmədə verdiyi ifadə ilə istintaqa verdiyi ifadə arasında ziddiyyət var. Belə ki, o, istintaqda hadisənin şahidi olduğunu, məhkəmədə isə xəbəri olmadığını deyib. Prokuror vəsatət verərək, buna görə istintaqın yenilənməsini istəyib.

Məhkəmə vəsatəti təmin edib, bu epizod üzrə istintaqın yenilənməsi və M. Adıgözəlovla bağlı məsələnin məhkəmədə yenidən araşdırılması haqqında qərar verib.

Şahid qismində Xaçmaz rayon Təhsil Şöbəsinin işçisi Elman İsmayılov ifadə verərək bildirib ki, M. Adıgözəlova qarşı ibtidai istintaqda hər hansı təzyiq olmayıb və o, dindirmə zamanı orda iştirak edib: "Müstəntiq tərəfdən ona heç bir təzyiq olmayıb və Murad da ifadəsində deyib ki, hadisə onun gözünün qarşısında olub. Murad dedi ki, anası ilə məhkəmədə olub, sonra kafeyə gedib. Orda anası bir nəfərlə görüşüb. Anası evə gələndə, babası onu yaba ilə vurub öldürüb".

Sonra məhkəmə istintaqının yekunlaşması barədə qərar verilib.

Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.

Proses dekabrın 15-də davam etdiriləcək.

Qeyd edək ki, qətl hadisəsi bu ilin iyul ayında Xaçmaz rayonun Uzunoba kəndində qeydə alınıb. Kənd sakini, 1954-cü il təvəllüdlü Məlikməmməd Adıgözəlov sərxoş halda gəlini, 1984-cü il təvəllüdlü Rəmziyyə Əbdürrəhmanovanı yaba ilə çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.

Hadisəni törədən M. Adıgözəlov saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 2973