Ziya Məmmədov Rusiyada nəyi müzakirə edir?


16:44     08 Dekabr 2016 ziyaz.jpg

Rusiyanın paytaxtı Moskva şəhərində BMT-nin Asiya və Sakit okean ölkələri üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) Nəqliyyat üzrə Konfransı və Nazirlər Görüşü keçirilir.


Femida.az xəbər verir ki, tədbirdə nəqliyyat naziri Ziya Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edir. Z. Məmmədov konfransda çıxış edib. Nazir bildirib ki, nəqliyyatın ölkələrimizin sosial-iqtisadi həyatında rolunu artırmaqla gələcəkdə nəqliyyatın daha rasional və təhlükəsiz olması üçün səylərimizi gücləndirməliyik: “Nəqliyyatın əlverişliliyi, təhlükəsizliyi, nəqliyyat əməliyyatlarında ən müasir informasiya-kommunikasiya texnologiyasının tətbiqi ESCATO regional proqramı əsasında aparılmalıdır”.

Nazir Z.Məmmədov Azərbaycanın Qafqaz regionunda nəqliyyat daşımalarının inkişafında fəal rol oynadığını qeyd edib: "Bu gün müzakirə edilən məsələlərlə bağlı fikir mübadiləsi aparmaq, nəqliyyat sektorunda gedən işlə tanış olmaq, gələcəkdə uğur əldə etmək üçün yeni proqram hazırlamaq imkanı əldə etmişik”.

Nazir bildirib ki, ilin sonuna qədər İran İslam Respublikası ilə sərhəddə yeni körpünün və dəmiryolu sahəsinin tikintisi başa çatacaq. Bununla da Rusiya-İran-Azərbaycan dəmiryolu şəbəkəsi qurulacaq. Eyni zamanda beynəlxalq əhəmiyyətli avtomobil yolları tikintisi üzərində işlər gedir.

Tədbirdə regional nəqliyyat sisteminin fəaliyyət istiqamətlərinin dəyərləndirilməsi (II mərhələ: 2012-2016-cı illər), sabit nəqliyyat əlaqələri üzrə regional fəaliyyət proqramının müzakirəsi və qəbul edilməsi (I mərhələ: 2017-2021-ci illər) nəzərdə tutulur.

Görüşün sonunda Nazirlər Bəyannaməsinin qəbul edilməsi gözlənilir.

Femida.az

Açar sözlər:

Oxunub: 1618