Qənirə Paşayevadan təklif: `Əlillərin müavinətləri artırılsın`


19:15     08 Dekabr 2016 qenire4.jpg

Millət vəkili Qənirə Paşayeva Milli Məclisdə (MM) 1-ci qrup əlillər, fiziki imkanları məhdud uşaqlar və yaşa görə müavinətlərin artırılması təklifi ilə çıxış edib.


Femida.az -ın xəbərinə görə, MM-in bu gün keçirilən iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı çıxış edən Q. Paşayeva 1-ci qrup əlillərin üzləşdiyi problemlər, çətinliklər barədə danışıb: ”Məlum olduğu kimi, 1-ci qrup uşaqlıqdan əlillərə, eləcə də 1-ci qrup əmək stajı olmayan ümumi səbəbdən əlillərə verilən müavinətin məbləği yaşayış minimumundan çox aşağıdır və cənab Prezidentin onlara təqaüd verilməsi barədə qərarından sonra 1-ci qrup əlillərin aldığı ümumi məbləğ ölkə üzrə yaşayış minimumuna bərabər olmuşdu. Amma devalvasiya, qazın, işığın və bir sıra məhsulların qiymətinin artması fonunda əlillərin aldığı vəsait onların ehtiyaclarını qarşılaya bilmir. Üstəlik 2017-ci ildə ölkə üzrə yaşayış minimumu 140 manatdan 155 manata qaldırılır və demək 1-ci qrup əlillərin aldığı müavinət və təqaüd birlikdə yenə ölkə üzrə yaşayış minimumundan aşağı olacaq. Ona görə də yaxşı olardı ki 1-ci qrup əlillərə verilən müavinət və təqaüd birlikdə ən azı ölkə üzrə yaşayış minimumu səviyyəsindən yuxarıya qaldırılsın”.

Deputat deyib ki, 1-ci qrup əlillər ağır xəstəliklərdən əziyyət çəkən insanlardır, iş imkanları yoxdur. Bütün bunları nəzərə alaraq 1-ci qrup əlillərə verilən müavinətlərin artırılmasına ciddi ehtiyac var: “1-ci qrup əlillərin vəziyyəti doğurdan da çətindir və hökumətdən xahiş edirik ki, onların müavinətlərinin artırılması məsələsinə baxsınlar və həllinə kömək etsinlər”.

Q.Paşayeva fiziki imkanları məhdud 18 yaşına çatmayan əlil uşaqların aldığı 67 manat müavinətin də çox aşağı olması barədə danışıb və onun ölkə üzrə ən azı ehtiyac meyarı məbləğinə qaldırılmasının vacibliyini vurğulayıb: “Bu uşaqların ehtiyaclarını, sağlamlığı, təhsili, təlimi və s. istiqamətləri də nəzərə alsaq ailələrin üzərinə düşən çətinlikləri görə bilərik. Onların gündəlik ehtiyacları ilə yanaşı, dərmanlarının alınması, müalicəsi və s. kimi ehtiyacları böyükdür və 67 manat onları qarşılamaq üçün çox azdır. Ailələrin bu məsələ ilə üzləşdiyi çətinlikləri nəzərə alaraq bu müavinətlərin artırılmasına böyük ehtiyac var”.

Femida.az

Açar sözlər:

Oxunub: 1319