`İt də bizdən etibarlı çıxdı` – Göyçəli Eldənizlə müsahibə (VİDEO)


21:27     15 Dekabr 2016 eldeniz%202.png

Femida.az “Canlı şahid” adlı yeni layihəsinə başlayır. Layihənin məqsədi vaxtilə Qərbi Azərbaycanda, Dağlıq Qarabağ və işğal olunmuş digər rayonlarımızda yaşamış insanlarla həmsöhbət olmaq, həmin vaxt müşahidə olunan prosesləri canlı şahidlərin dilindən eşitməkdir.


Layihəmizin ilk qonağı tanınmış jurnalist Eldəniz Elgündür.

Eldəniz Elgün 1974-cü ildə Göyçə mahalının Basarkeçər rayonunun Qanlı kəndində dünyaya gəlib. 1988-ci ildə ermənilərin azərbaycanlıları öz doğma dədə-baba yurdlarından didərgin saldığı vaxtda o da Qərbi Azərbaycandan Şimali Azərbaycana üz tutmuşdur. 1981-ci ildə Basarkeçər rayonunun Qanlı kəndində orta məktəbə getmiş, 1988-ci ildən isə Sumqayıtda 23 nömrəli orta məktəbdətəhsilini davam etdirmişdir.1998-ci ildə BMT-nin xətti ilə Göyçəyə getmiş, öz evlərində bir gün gecələmişdir.

2010-cu ildə tanınmış müstəqil jurnalist Eldəniz Elgünün sədri olduğu, Azərbaycanda türkçülük ideyalarını təbliğ edən yeni qurum — “Türk Evi” fəaliyyətə başlayıb. 13 mart 2012-ci ildə Eldəniz Elgünün təsisçi və baş redaktoru olduğu pat.az saytı fəaliyyətə başlamışdır. Yeni analitik-informasiya saytı əsasən analitik yazılara, proqnozların hazırlanmasına üstünlük verir. Eldəniz Elgün 2006-cı il aprelin 7-də "Speys" Müstəqil Teleradio Şirkətinin "Xəbərlər Departamenti"nin rəhbəri vəzifəsindən istefa vermişdir. 2006-cı il aprelin 25-də isə E.Elgün şirkətin icraçı direktorunun müavini təyin olunmuşdur. Hazırda "Unikal" qəzetinin şef redaktoru, Regional Təhlükəsizlik Bürosu (RTB) İctimai Birliyinin sədridir.


İstərdik, həyatınızın Göyçəli günlərindən danışasız...

Uşaqlıq dövrüm idi. Məncə, insanın yaddaşına unudulmaz hislər məhz bu dövrdə həkk olur. İnsanın formalaşmasına, psixoloji tipin müəyyənləşməsinə regionun çox böyük təsiri olur. Bu baxımdan Göyçədə insan olaraq formalaşma mərhələsini yaşadıq. Göyçənin sakinləri çox saf və insanları təmiz idi. Sazlı-sözlü bölgə idik. Saz-söz olan yerdə də sözsüz ki, mehribançılıq və səmimiyyət olur. Göyçədən hər evdən bir dənə saz çıxardı. Amma həmin Göyçədən iki dənə molla tapıb çıxarmaq mümkün deyildi.

Yəqin ki, həmin vaxtlar Göyçədə ermənilər də yaşayırdı...

Ermənilər Göyçədə azlıq təşkil edirdi. Əksəriyyət türklərdən ibarət idi. Ümumilikdə, Göyçə mahalının 90 faizi azərbaycanlılardan təşkil olunmuşdu.

Ermənilərlə azərbaycanlılar arasında münasibət necə idi?

Bəzən yanlış fikirlər söylənir ki, Ermənistanda azərbaycanlılara qarşı basqı var idi, yaxud azərbaycanlıları erməniləşdirməyə çalışırdılar. Göyçədə yaşayan biri olaraq deyim ki, bu mahalda yaşayan ermənilər əslində azərbaycanlılaşmışdı. Danışıq dili Azərbaycan dili idi. Üstünlük azərbaycanlıların əlində idi. Ermənilər də normal bir həyat yaşamaq üçün mütləq bu dili bilməli idilər. Azərbaycanda ermənilərə qarşı qəribə bir münasibət var. Bu, bəlkə də kompleksdən irəli gəlir. Ya erməniləri sevməlisən, ya da nifrət etməlisən. Amma nə sevməyə ehtiyac yoxdur, nə də nifrət etməyə. Erməni görəndə nə onu güllələmək lazımdır, nə də gətirib stolun yuxarı başına çıxarmağa ehtiyac yoxdur. “Erməni ilə dost olmalıyam”, “düşmən olmalıyam” anlayışlarını mən qəbul etmirəm. Göyçədəki ermənilərə də münasibətimiz bu cür idi. Normal ermənilərə münasibətimiz yaxşı idi. Normal olmayanlarla fərqli.

Ermənilərin dinc azərbaycanlılara qarşı təcavüzü Göyçədə nə cür hiss olunurdu?

İlk vaxtlar Dağlıq Qarabağın Ermənistana verilməsi üçün imza toplanırdı. Lakin Göyçə sakinləri onları bölgədən qovdular. Sonra rayon mərkəzində ermənilər mitinq keçirdilər. Bu mitinqə 32 kənddə mitinq keçirməklə cavab verildi. Daha sonra Suriyadan ermənilər köçürülməyə başlandı. Tədricən dinc mitinqlər yerini silahlı toqquşmalara verdi. Azərbaycandan dəstək gəlsəydi Göyçə ermənilərə verilməzdi.

Bu hadisələr baş verəndə birlikdə yaşadığınız ermənilərin sizə münasibəti necə oldu?

Onlar neytral qalmağa çalışırdılar. Pislik etmək istəmirdilər. Bizim kəndimiz hər tərəfdən erməni silahlıları tərəfindən mühasirəyə alınmışdı. Kəlbəcərə keçməli idik. Vertolyot söz vermişdilər, lakin gəlib çıxmadı. Danel adlı erməni qonşum var idi. Onun “Kamaz” markalı maşını var idi. O bizi doldurdu həmin maşının arxasına. Qabaq hissəyə isə qoyun-quzu doldurdu. Belə görünüş yarandı ki, o, heyvan aparır. 30-40 nəfərlik azərbaycanlını həmin erməni Göyçədən çıxardı. Elə erməni də var idi ki, Yerəvandan gələn ermənilərə qoşularaq azərbaycanlılara qarşı divan tuturdular.

Yəqin ki, Göyçədə uşaqlıq dostlarınız olub. Onların içərisində ermənilər var idi?

Uşaqlıqda ermənilərlə oyunlar oynayardıq. Məsələn, haylarla türklərin davası adlı bir oyunumuz var idi. Oyunlarımızda həmişə haylar və türklər əks cəbhələrdə yer alıb. Qarik və Artek adlı erməni dostum var idi. Artekin Moskvada öldüyünü eşitdim. Qariklə də feysbukda əlaqəmiz var idi. Lakin sonradan yoxa çıxdı.

Orta məktəbi Göyçədə bitirdiniz?

Xeyr. 7-ci sinifə qədər Göyçədə təhsil aldım.

Göyçəni tərk etdikdən sonra ilk olaraq harada məskunlaşdınız?

Əvvəlcə vertolyotla Gədəbəyə gəldik. Gədəbəydən Gəncəyə, Gəncədən isə Daşkəsənə köçdük. Daşkəsəndən Bakıya, Bakıdan Sumqayıta, Sumqayıtdan sonra yenidən Bakıya köçdük.

Bu şəhərlərdə yaşayarkən Göyçənin həsrətini çəkmədinizmi?

İlk 5-6 ay yox. Çünki içimizdə həmişə Bakıya, Azərbaycana gəlmək həvəsi var idi. Buna görə də ilk əvvəl sevinirdik. Lakin təqribən 5 aydan sonra nə ilə qarşılaşdığımızı anladıq. Həmişə deyirəm ki, 14 yaşıma qədər Eldəniz olmuşam, 14 yaşımdan sonrakı başqa şəxsdir. Bu, mən deyiləm.

Göyçəni fərqli edən nələr idi?

Göyçə saza-sözə həddindən artıq bağlı mahal idi. Biz saza ifrat dərəcədə bağlanmışdıq. Hətta elə məqamlar olurdu ki, insan vəsiyyət edirdi ki, onu öləndən sonra saz ifası ilə dəfn etsinlər. Bizi əsas fərqli edən cəhət məhz bu idi.

Darıxırsınız yəqin Göyçə üçün...

Əlbəttə darıxıram...

Bildiyimiz qədərilə, bir dəfə doğma yurdunuza baş çəkmisiniz...

1998-ci ildə BMT-nin xətti ilə Yerəvana getdik. Səhv etmirəmsə, həmin vaxt Robert Koçaryan baş nazir idi. Ona ermənicə salam verdim, o da məni azərbaycanca salamladı. Ona sual verdim. O da zarafatca mənə “Bəlkə səni Azərbaycanın Ermənistanda nümayəndəsi təyin edək?” dedi. Dedim ki, Dağlıq Qarabağ işğaldan azad olunduqdan sonra böyük məmnuniyyətlə. Ona dedim ki, bir dənə xahişim var, Göyçəyə getmək istəyirəm. Görüşdən bir neçə saat sonra mühafizəçilərin müşayiəti ilə Göyçəyə yola düşdük. Kəndimiz dağılmış vəziyyətdə idi. Bu gün də Göyçədə ermənilər sıx şəkildə yaşamırlar. Erməni qonşulardan qarşıma çıxanlar olduq. Bəziləri məni qucaqladılar. Ermənilər açıq şəkildə deyirdilər ki, Göyçənin bərəkəti elə azərbaycanlılarla da getdi. Yəni onlar çox azərbaycanlılaşmışdılar. Bizim adət-ənənəni götürmüşdülər. Axır vaxtlar onlarda da saza çox ciddi maraq yaranırdı.

Göyçə mahalından turizm məqsədilə istifadə oluna bilərdi...

Göyçə gölünün ətrafı turizm üçün çox əlverişlidir. Qaçqınçılıqdan əvvəl də Azərbaycandan istirahət etmək üçün Göyçəyə xeyli sayda turist gəlirdi. Göyçə göülünün ətarfı bu gün turistik mərkəzə çevrilib.

Bu gün Aşıq Ələsgər necə öyrənilir?

Aşıq Ələsgər irsini ciddi şəkildə öyrənən mütəxəssislər var. Amma kütləvilik yoxdur. Əvvəllər kimi dindirirdinsə, Aşıq Ələsgərdən nəsə deyərdi. İndi isə kütləvi səviyyədən çıxıb, amma akademik səviyyədə güclənib.

Göyçə mahalı yuxularınıza girimi?

Əlbəttə ki. Yuxusuz şey olar?!

Nələri görürsünüz?

14 yaşıma qədərki həyatımla bağlı hər şeyi.

Göyçə ilə bağlı yaddaşınıza həkk olunmuş ən unudulmaz məqam hansılardır?
Göyçədən ayrılırdıq. Həyətimizdəki iti açıb buraxdıq ki, qaçıb getsin. Biz getdik, it qapının ağzında dayandı, heç bir yerə getmədi. O bizdən daha etibarlı oldu.

Yəqin ki, Göyçəyə qayıtmağı düşünürsüz...

Yox. Qarabağa qayıda bilmirik, Göyçəyə necə qayıdaq?! Real olmaq lazımdır.

Son vaxtlar ermənilərlə azərbaycanlıların birgəyaşayışı müzakirə olunur. Siz necə düşünürsüz? Ermənilərlə yenidən birgə yaşaya bilərik?

Sözsüz ki, birgə yaşayacağıq. Lakin bu, süni yaşayış olacaq. Ermənilərlə azərbaycanlılar tarixən düşmən olublar. Düzdür, tarixin müxtəlif dövrlərində birgə yaşamışıq. Amma bu, Rusiyanın, SSRİ-nin təsiri ilə mümkün olub. Yəni biz üçüncü bir qüvvə tərəfindən məcbur edilərək birgə yaşamışıq. Ermənilərlə azərbaycanlılar bir birilərinə çox oxşayırlar. Söhbət fizioloji görünüşdən yox, düşüncə və psixologiyadan gedir. İstəsək də, istəməsək də birgə yaşamağa məcburuq. İtlə dostluq et, amma şomağı yerə qoyma...

“Erməni psixologiyası bu gün” adlı kitab yazmısınız. İstərdim, bu kitab haqqında danışasız...

Bu kitabımda yaş həddinə uyğun olaraq erməni psixologiyasından yazmışam. Erməni qadınların psixologiyasına ayrıca toxunmuşam. Uzun illər ermənilərlə birgə yaşamışıq, amma onları tanıya bilməmişik. Tanıya bilmədiyimiz üçün də həmişə məğlub olmuşuq. Bir tərəfdən deyirik ki, erməni xalq deyil, digər tərəfdən də itirə-itirə gəlirik.

Bəs erməni kimdir?

Ermənilər də bizim kimi insanlardır. Lakin bizdən fərqli olaraq kifayət qədər yaxşı təşkilatlanmış toplumdur. Onlar melanxolik insan tipinə məxsusdurlar. Ermənilər həmişə öz nəsillərini araşdıranda çox böyük təlaş keçirirlər ki, hansısa türk tayfası ilə qohum çıxacaqlar, yaxud da köçdükləri yer ortaya çıxacaq və s. Bu komplekslər onları o qədər sıxıb ki, normal psxoloji insan tipindən uzaqlaşıblar. Ermənilərdə şizofrenik detallar üstülük təşkil edir. Son vaxtlar azərbaycanlılarda erməniləşmə prosesi gedir. Ermənilərin sifətlərində həmişə kədər hissi olub. Adətən qara rəngli paltarlar geyiniblər. Azərbaycanda insanların simasına baxsaz, görərsiz ki, əksəriyyət melanxolik insan tipinə uyğunlaşır. Simalarda kədər, hirs, əsəb açıq şəkildə hiss olunur. Azərbaycanda da insanlar özündən zəifi əzməyə çalışır. İntiharların sayı durmadan artır. Biz psixoloji portretimizi sürətlə itiririk. Onlarda fərdi yetişkinlik az olur. Bizdə fərdiyyətçilik, ermənilərdə isə kollektivçilik yaxşı inkişaf edib. Erməni mövzusunda o qədər həssas olmuşuq ki, az qala onlar kimi fikirləşirik. Keçirik mətbəxə, deyirik, dolma bizə məxsusdur. Musiqi dinləyəndə deyirik, bizim musiqidir. Belə müqayisələr aparmamalıyıq. Elə hallar olur ki, millət anlayışı sıradan çıxır. Məsələn, Sayat Novan azərbaycanca yazıb. Amma Azərbaycan şairi deyil. Heç erməni şairi də deyil. Onun yaradıcılığına baxsaq, sufilik detallarını da tapa bilərik.

Vaxtilə türkçülüklə bağlı bir neçə təşkilat yaratmısınız. Bu gün türkçülük hərəkatınnı yenidən geniş vüsət almasına ehtiyac var?

Bu gün insanlığın geniş vüsət almasına ehtiyac var. İnsanlıq dəyərlərimizi itirə-itirə gedirik. İnsani dəyərlər bərpa olunarsa, ailə institutu yenidən formalaşarsa, hansı ideologiyanı tətbiq etsək, ancaq xeyirin görəcəyik.

Erməni və Azərbaycan xalqlarını barışdırmaq üçün “xalq diplomatiyası” adlanan siyasi xəttə üstünlük verilir. Sizcə, bunun hansısa nəticəsi olacaq?

Sualınıza sualla cavab vermək istəyirəm. Əlikram Hümbətov Yerəvana getmişdi. Ona Azərbaycan xalqının reaksiyası necə oldu?

Əlbəttə ki, pis.

Azərbaycana gələn ermənilərə də Ermənistanda münasibət bu cürdür. Yəni Azərbaycana gələn erməni fəallar onların Əlikram Hümbətovudur. Həmin şəxslər Ermənistanda xəyanətkar hesab olunurlar. Ermənilərlə azərbaycanlıların ortaq dil tapmağa mövzusu yoxdur. Bu olmadığına görə istənilən müzakirənin sonu dava ilə bitir. 3 nəfərin Azərbaycana gəlməsi, 2 nəfərin Ermənistana yollanması “xalq diplomatiyası” deyil.



Video: Əhməd Xəlilov
Montaj: Bəxtiyar Məmmədov
Ceyhun Əhmədli

Femida.az

Açar sözlər:

Oxunub: 21237