• Ana səhifə / Manşet

Xəbər lenti

Xəbər portalları hansı məsuliyyəti daşıyır?


Tarix 11.01.17, 15:00


İnternet mediasının gündəlik həyatımızda rolunun artması cəmiyyətin informasiyaya çıxışını asanlaşdırmaqla yanaşı, bir sıra zərərli tərəfləri ilə də diqqəti cəlb edir. Xüsusən, qeyri-səhih məlumatların müxtəlif xəbər saytları vasitəsilə cəmiyyətə nüfuz etməsi ölkədə informasiya böhranının yaranmasına gətirib çıxarır.


İşin ən pis tərəfi isə qeyri-dəqiq informasiyaları yaymaqla məşğul olan xəbər portallarının sayının getdikcə artmasıdır. Demək olar, hər gün müxtəlif adlı xəbər saytlarının açıldığı xəbərlərini eşidirik.

Bəs, cəmiyyəti yalnış istiqamətə yönləndirən bu cür saytlar hansı hüquqi məsuliyyəti daşıyır?

Mətbuat Şurasının sədrinin müavini Müşfiq Ələsgərli Femida.az-a açıqlamasında bildirdi ki, mövcud qanunvericiliyə görə, xəbər portalları kütləvi informasiya vasitələri hesab olunur və onlar “Kütləvi İnformasiya Vasitələri haqqında Qanun”a əməl etməlidirlər:

“Bəzən elə təsəvvür formalaşır ki, guya saytlar heç bir yerdə qeydiyyatdan keçmir, yaxud heç bir prosedur qaydaları yoxdur, sadəcə bir domen, hostinq almaqla fəaliyyətə başlamaq olar və s. Lakin bu, yanlış təsəvvürdür. “Kütləvi İnformasiya Vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu”nun 3-cü maddəsinə görə, internet xəbər resursları da kütləvi informasiya vasitələri hesab olunurlar. Deməli, formasından asılı olmayaraq xəbər yaymaq missiyasını üzərinə götürmüş bütün saytlar sözügedən qanunun bütün müddəalarına riayət etməlidir. Xəbər portallarının hansı qaydalara riayət etmələri ilə bağlı həmin qanunda geniş məlumat verilib”.

Müşfiq Ələsgərlinin sözlərinə görə, bir çox xəbər portallarının rekvizit qoymaması hallarına rast gəlinir ki, bu da təəssüf doğuran məqamlardandır:

“Xəbər portalları ənənəvi KİV-lər kimi ilk növbədə özlərinin rekvizitlərini verməlidir. Yəni saytın yaradıcısı kimdir, ünvan, əlaqə vasitələri və s. bu kimi məlumatlar verilməlidir ki, vətəndaş lazım olduğu təqdirdə əlaqə saxlaya bilsin. Çox təəssüf ki, ölkəmizdə bu məsələ çox problemlidir. Əksər hallarda saytlar ya rekvizit qoymur, ya da ki doğru olmayan rekvizitlər qoyulur. Əslində xəbər portallarının rekvizitlər qoyması ənənəvi KİV-lərdən daha çox vacibdir. Onlayn media ilə ənənəvi mətbuat arasındakı əsas fərq ondan ibarətdir ki, onlayn mediada interaktivlik var. Buna görə də xəbər portallarında rekvizitlər digər KİV-lərə nisbətən daha düzgün, dəqiq olmalıdır ki, vətəndaş istədiyi vaxt saytla əlaqə saxlaya və fikrini bildirə bilsin. Təəssüf ki, xəbər saytlarımız bu məsələyə çox laqeyd yanaşırlar. Özlərini xəbər portalı elan etmələrinə baxmayaraq, KİV haqqında qanunun 3-cü maddəsinə əməl etmirlər. Xəbər tirajlanırsa, 2 nəfərdən artıq şəxs arasında yayılırsa, deməli, həmin portal qanunvericiliyin tələblərinə əməl etməlidir”.



Müşfiq Ələsgərli qeyd etdi ki, Mətbuat Şurası istənilən xəbər portalının yaydığı informasiya ilə bağlı şikayətlərə baxa və müvafiq rəy verə bilər:

“Xəbər portallarının Mətbuat Şurasında qeydiyyatdan keçməsi könüllülük əsasında aparılır. Özlərini ciddi media qurumu hesab edənlər Mətbuat Şurasına müraciət edib üzv ola bilərlər. Yəni Mətbuat Şurası üzv olmaqla bağlı heç bir xəbər portalını məcbur etmir. Üzvlüyün də bəzi şərtləri var. Üzvlük üçün müraciət edən KİV qurumu ilk öncə jurnalistlərin etik kodeksinə əməl etdiyini bəyan etməlidir. Lakin bir məsələni qeyd etmək lazımdır. Mətbuat Şurasına üzv olmamaq o demək deyil ki, xəbər portallarında gedən neqativ hallara görə Mətbuat Şurası rəy verə bilməz. Əgər hər hansı bir xəbər portalının yaydığı informasiyadan şikayət olarsa, Mətbuat Şurası həmin şikayətləri araşdırıb müvafiq rəyə verə bilər”.

Müşfiq Ələsgərli onu da bildirdi ki, Azərbaycanda saytlara nəzarət deyilən bir məsələ yoxdur. Onun sözlərinə görə, xəbər portallarında kiminsə mənafeyinə toxunan qanundankənar informasiya gedərsə və həmin məlumatdan şikayət daxil olarsa, Azərbaycan Mətbuat Şurası o şikayəti araşdırır.

“Yox əgər hansısa xəbər portalı xüsusi təhlükəli informasiya yayıbsa və bu barədə Mətbuat Şurasına şikayət daxil olmayıbsa, məsələni artıq hüquq-mühafizə orqanları araşdırır”, - Müşfiq Ələsgərli əlavə edib.

Müşfiq Ələsgərli sonda vurğuladı ki, əgər qanun pozuntuları tendensiya halı alarsa, ölkənin ən böyük media təşkilatı olaraq Mətbuat Şurası ümumi bəyanat verə bilər.

Ceyhun Əhmədli
Femida.az

Xəbərin oxunma sayı : 1324









Cəmiyyət
img

Anarın dünya çempionunu öldürməsinin yeni görüntüləri - VİDEO

img

Sorğu

Harada istirahət edəcəksini?

Səs ver
Nəticəyə bax
img
img