Hüquqşünaslar 3 gəncin müdafiəsinə qalxdı – İcra Hakimiyyətindən açıqlama (VİDEO)


16:23     18 Yanvar 2017 usaqlar.JPG

Hər iki valideynini itirən 3 gəncin acınacaqlı taleyi ilə bağlı xəbər vermişdik. Səadət, Sadiq və Sabit adlı gənclər məhkəmənin qərarı ilə onlara ödənilməli olan 45.000 manat məbləğin Xətai Rayon İcra Hakimiyyəti tərəfindən ödənilməməsindən şikayətləniblər.


Femida.az -ın hazırladığı reportaj mətbuata yayımlandıqdan sonra hüquq müdafiəçiləri gənclərin mövcud durumu ilə bağlı toplantı keçirib. Toplantıda məsələnin hüquqi tərəfləri müzakirə olunub.






İddiaçı Abdullayev Sadiq Əlizadə oğlunun vəkili Ruhiyyə İsayeva Femida.az -a açıqlamasında bildirib ki, məhkəmə prosesi 2 ilə yaxın davam edib. Yekunda onlar məhkəmələrdən qalib ayrılıblar.






“ 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 10 iyun 2015-ci il qərarına əsasən, Bakı şəhəri Xətai Rayonu, Cavanşir küçəsi 8 ünvanında yerləşən 1 nömrəli yataqxana binasında yaşayan Abdullayev Sadiq Əlizadə oğlunun, ailə üzvləri ilə birlikdə yaşadıqları yataqxananın sökülməsi ilə bağlı qanunun müvafiq bəndinə əsasən birdəfəlik 45.000 manat məbləğin qarşı tərəfə ödənilməsi Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilib. Bu qərar 2016-cı ilin aprel ayından qanuni qüvvəyə minsə də, bu günə kimi icra olunmayıb. Mən qərarın icra edilməməsi ilə bağlı icraçı Tural Məlikovla dəfələrlə əlaqə saxlamışam. Onun sözlərinə görə, bununla bağlı müvafiq icra tədbirləri görüb. Amma bu günə kimi bir nəticə yoxdur.”

Məhkəmə qərarının icra edilməməsi hansı məsuliyyətə səbəb ola bilər? Femida.az -ın mövzu ilə bağlı suallarını hüquqşünas Nicat Gözəlov şərh edib.






“ Bu gün qeyd edilən məhkəmənin qərarının icra olunmaması xoşagələn hal deyil. İcra Haqqında Qanunun II maddəsində qeyd olunur ki, icra hərəkətləri icra məmurları tərəfindən həyata keçirilir. Mülki Prosessual Məcəllənin tələblərində müəyyən edilir ki, Azərbaycan Respublikasının adından çıxarılan qəraralar, qətnamələr, hökümlər və digər əmrlər Azərbaycan Respublikası ərazisində hər kəs tərəfindən yerinə yetirilməsi məcburidir. Bu qərarların yerinə yetirilməməsi vətəndaşların hüquq və mənafelərinə zərbə vurur. Göstərilən məsələdə vəziyyət daha da acınacaqlıdır. Xətai Rayon İcra Hakimiyyətinə qarşı icra məmuru tərəfindən qanun çərçivəsində müəyyən tədbirlər görülməli idi. Borclu dövlət orqanıdır deyə icrada yanaşmada ikili standartlar mövcud ola bilməz

Azərbaycan Respublikası Prezidentinin 303 saylı, 15 iyun 2010 –cu il tarixli “Məhkəmə qərarlarının icra işinin təkmilləşdirilməsi” ilə bağlı fərmanında qeyd olunur ki, Ədliyyə Nazirliyi çıxarılan qərarların icrasını təmin etməlidir. İcradan yayınanlara qarşı tədbirlər görülməlidir.

Həmin fərmanda qeyd olunur ki, bununla bağlı dövlət orqanları tərəfindən məhkəmə qərarlarının icra olunması vəziyyətinə dair hər 6 aydan bir İcra Orqanları tərəfindən Azərbaycan Respublikası Prezidentinə məlumat verməlidir. İndiki halda Xətai Rayon İcra Hakimiyyəti dövlət orqanı olaraq çıxış edir. İcra ikili standartları qəbul etmir.
İnzibati Xətalar Məccəlləsinin 528.3 –cü hissəsində qeyd olunur ki, icra orqanı tərəfindən tələb olunan qanuni tələblər hesabında buna ödəmə imkanı olan orqan tərəfindən həyata keçirilmədikdə həmin orqana müvafiq cəza tətbiq olunmalıdır.
Cinayət Məcəlləsinin 306.2 maddəsində qeyd olunur ki, icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsi məsuliyyətə səbəb olur . 5 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər.”

Borclunun ödəməli olduğu məbləğə imkanı çatmadıqda hansı tədbirlər görülməlidir?

“ İcra Haqqında Qanunun V fəslində hüquqi şəxsin əmlakının siyahıya alınmasını əks olunub. Əgər hüquqi şəxs borclusursa, icra məmurunun tələblərinin könüllü həyata keçirməmişdirsə, hüquqi şəxsin hesabında tələbi ödəcəyəcək miqdarda vəsait yoxdursa, icra məmuru hüquqi şəxsin əmlakını siyahıya almalı və əmlakın hərracla satışını həyata keçirməlidir. Bu gün icra məmuru hansı işləri görüb? Görünən tərəf odur ki, bu günə qədər həmin məbləğ hələ də ödənilməyib. “

Femida.az sözügedən məsələdə icra məmuru olan Tural Məlikovla da əlaqə saxlayıb. Onun sözlərinə görə, bu suala cavab vermək onun işi deyil. Suala Ədliyyə Nazirliyinin müvafiq şöbəsi cavab verməlidir.

Xətai Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra hakimiyyətindən cavab olaraq bildirdilər ki, Maliyyə Nazirliyindən onlara vəsait ayrılmır.

“ Maliyyə Nazirliyi vəsait ayrılmayıbsa, hardan ödəyək...?” Bu qısa cavabdan sonra əməkdaş çox kobud şəkildə dəstəyi asdı. Sonrakı zənglərimizə isə cavab verən olmadı.

Hazırladığımız geniş reportajı BURADAN izləyə bilərsiniz.

Femida.az məsələni diqqətdə saxlayacaq.


Müxbir: Miri Məcidli
Oğuz Altay
Operator: Əhməd Xəlilov
Montaj: Bəxtiyar Məmmədov

Femida.az



Açar sözlər:

Oxunub: 18489