Rəsmi Bakıdan ABŞ Dövlət Departamentinə cavab - Lapşinlə bağlı


18:49     18 Yanvar 2017 1441560940_xin.jpg

Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etmiş, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini pozmuş, bundan sonra başqa bir pasportla yenidən Azərbaycana səfər edərək ölkənin dövlət sərhədlərini pozmuş bir şəxsin fəaliyyətinin söz azadlığının pozulması kimi təqdim edilməsi düzgün deyil.


Femida.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbinin Azərbaycan tərəfinin tələbi üzrə Belarusda Aleksandr Lapşinin saxlanılması ilə bağlı fikirlərini şərh edərkən bildirib.

H.Hacıyev qeyd edib ki, bu səfər hüquqi müstəvidə olan məsələdir və kiminsə özünü bloger kimi təqdim etməsi digər ölkələrin qanunlarını və qaydalarını pozmasına əsas vermir: “Aleksandr Lapşinin fəaliyyətində Azərbaycan qanunlarının pozulması ilə əlaqədar kifayət qədər elementlər var və qanunun aliliyi prinsipi hər kəsə eyni qaydada tətbiq olunmalıdır”.

Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğunun yaydığı məlumatda bildirilirdi ki, bir qrup şəxslə cinayət əlaqəsinə girərək Azərbaycanın işğal olunmuş ərazisinə qanunsuz səfər və dövlət əleyhinə yönələn açıq çağırışlar etdiyi, dövlət sərhədini qanunsuz keçdiyinə görə, Belarusda həbs edilən Aleksandr Lapşinin ölkəmizə ekstradisiya olunması ilə əlaqədar hazırda zəruri tədbirlər davam etdirilir.

A.Lapşinin Azərbaycana ekstradisiya edilməsi üçün sənədlər Baş Prokurorluq tərəfindən Belarus hüquq-mühafizə orqanlarına təqdim olunub. A.Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində fakta görə, Azərbaycan Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi qaldırılıb və barəsində dövlətlərarası axtarış elan edilib. Minsk məhkəməsinin qərarı ilə A.Lapşin barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Hazırda həmin şəxsin Azərbaycan tərəfə təhvil verilməsi üçün sənədləşmə işləri aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1147