`Həmsədrlər zahirən fəal görünür, amma...` - AÇIQLAMA


18:31     19 Yanvar 2017 bahar%20muradova.jpg

"ATƏT-in hazırki sədri, Avstriyanın xarici işlər naziri Sebastyan Kurtsun Dağlıq Qarabağ münaqişəsinin həllində fəal olacaqlarını bəyan etməsi ilə bağlı fikrinə şübhə etmirik. Amma Sebastyan Kurts bu məsələyə töhfə verə biləcəkmi?! Bu suallara indidən birmənalı şəkildə konkret cavab vermək mümkün deyil. Çünki Azərbaycan artıq neçə ildir ki, müəyyən proqnozların özünü doğrultmadığını görür".


Femida.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova deyib.

Həmsədrlərin bir qayda olaraq, münaqişənin həlli ilə bağlı çağırışlar etdiyini xatırladan B. Muradova ortada konkret nəticənin olmadığını dilə gətirib: "Məsələnin sülh yolu ilə həllinə çalışmaq lazımdır. Fəaliyyətdə olan sədrlər belə çağırışların real əmələ çevrilməsi ilə bağlı fikirlərini bölüşsəydilər, biz ona münasibət bildirə bilərdik. Amma ümumilikdə “fəal olacağıq, bu məsələni gündəlikdə saxlamağa çalışacağıq, bu məsələ həll olunmalıdır” kimi çağırışlar fəaliyyətdə olan sədrin üzərinə qoyulan öhdəlikləri yerinə yetirəcəyinə inamı formalaşdırır”.

Milli Məclisin sədr müavini qeyd edib ki, Azərbaycan hər zaman münaqişəsinin həllinin nəticəsiz qalmasından narahatlığını bildirib: “Əlbəttə ki, biz ATƏT-in Minsk qrupu həmsədrlərinin qeyri-fəal olduğunu heç zaman söyləməmişik. Onların ümumilikdə fəaliyyəti hər zaman bir fəal münasibət ortaya qoyduğunu göstərir. Ancaq biz onun nəticələri ilə bağlı narahatlığımızı ifadə etmişik ki, bu da ədalətli mövqedir. Bir qayda olaraq, ATƏT-in Minsk qrupu həmsədrləri bölgəyə çoxsaylı səfərlər edirlər, sosial şəbəkələrdə məsələyə münasibət bildirir, açıqlamalar verirlər. Bu məsələ zahirən çox fəal görünür. Amma nəticə yoxdur”.

Məlumat üçün nəzərinə çatdıraq ki, ATƏT-in yeni sədri, Avstriyanın xarici işlər naziri Sebastyan Kurts Dağlıq Qarabağ münaqişəsinin həllinə Minsk qrupu çərçivəsində dəstəyi davam etdirəcəyini vəd edib.

Femida.az

Açar sözlər:

Oxunub: 1267