Azərbaycanda çay hövzələrinin radiasiya fonu açıqlanıb


20:31     19 Yanvar 2017 caylar9.jpg

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutu tərəfindən ölkənin çay hövzələrinin radiogeokimyəvi vəziyyətinin geoekoloji qiymətləndirilməsi aparılıb.


Femida.az xəbər verir ki, Geologiya və Geofizika İnstitutunun geoloji mühitin qamma-spektrometriyası şöbəsinin müdiri Çingiz Əliyev APA-ya bildirib ki, bu proses ötən il başa çatdırılan “Azərbaycan Respublikasının çay hövzələrinin radiogeokimyəvi vəziyyətinin geoekoloji qiymətləndirilməsi (birinci mərhələ - Böyük Qafqazın şimalı-şərq yamacının ərazisi)” adlı elmi tədqiqat işi çərçivəsində həyata keçirilib.

Onun sözlərinə görə, radiometrik tədqiqatların nəticəsində təyin olunub ki, Vəlvələçay, Qudyalçay və Qusarçay çaylarında təbii radiasiya fonunu formalaşdıran əsas radionuklid K-40 olub. Ç. Əliyev qeyd edib ki, bu radionuklidin miqdarı Vəlvələçay dib çöküntülərində Qudyalçay və Qusarçay dib çöküntülərindən bir neçə dəfə çoxdur.

Şöbə müdiri əlavə edib ki, “Azərbaycan Respublikasında radon təhlükəsinin tədqiqi və azaldılması üzrə 2014-2018-ci illər üçün Tədbirlər Proqramı” çərçivəsində işlər plan üzrə davam etdirilir: “Tədbirlər Proqramı çərçivəsində ölkə ərazisində radon riskli zonaların müəyyənləşdirilməsi, radonun ionlaşdırıcı şüalanmasına məruz qalmaya nəzarətin həyata keçirilməsi və radon riskinin azaldılması, əhalinin radon təhlükəsi barədə maarifləndirilməsi üzrə xarici ölkələrin təcrübəsi öyrənilib. Bundan əlavə, aparılan radon tədqiqatlarının metodikası işlənib, ölkə ərazisində radon riskli zonaların müəyyənləşdirilməsi üzrə elmi tədqiqat işləri yerinə yetirilib, yaşayış, ictimai və iş yerlərinin havasında müxtəlif yollarla daxil olan radonun miqdarının azaldılması üzrə pilot sınaqlarının keçirilməsi və bu problemin optimal həlli metodları müəyyənləşdirilib. Əhali üçün radon riskinin azaldılması üzrə təkliflər hazırlanıb və müvafiq tədbirlərin həyata keçirilməsinə hazırlıq gedir”.

Femida.az

Açar sözlər:

Oxunub: 1214