Hüquq müdafiəçisi: `Pakistana aparılan qızın dərisi sümüyünə yapışmışdı` - MÜSAHİBƏ


14:40     23 Yanvar 2017 esas4.jpg

“Azərbaycanda insan alverinə qarşı mübarizə ən yüksək səviyyədə aparılır”


Femida.az “Ailə dünyası” ailələrə hüquqi yardım İctimai Birliyinin sədri Gülayə Səfərova ilə müsahibəni oxuculara təqdim edir:

İstərdim, rəhbəri olduğunuz təşkilatın fəaliyyəti ilə bağlı məlumat verəsiniz...

Təşkilatımız 2005-ci ildən fəaliyyət göstərsə də, 2007-ci il dekabrın 31-də Ədliyyə Nazirliyində rəsmi qeydiyyata alınmışıq. Təşkilatımız əsas məqsəd və vəzifələrinə uyğun olaraq, ailələrin dağılmasının qarşısının alınması istiqamətində tədqiqatlar aparır. Ailədaxili münasibətlərə təsir edə bilən amilləri öyrənir, ailə hüquqları ilə bağlı sorğular keçirir və həmin sorğuları ümumiləşdirərək dövlət orqanlarına müraciət edirik. Sonra problemləri ictimailəşdiririk ki, insanlar ailədaxili münaqişələrin əsas səbəblərini öyrənsinlər. Biz nəticəyə can atmırıq. Çalışırıq ki, səbəblə mübarizə aparaq. Əsas məqsədimiz məhz budur. Bu gün ailələr niyə dağılır? Problemi aradan qaldırmaq üçün nələrdən başlamalıyıq? Hansı maarifləndirmə tədbirlərini həyata keçirməliyik ki, ailələr dağılmasın? Bu suallara cavab tapmaq üçün bölgələrdə oluruq. 2007-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən bizim layihələr maliyyələşdirilir. Ailədaxili zorakılıqlar, insa alveri ilə mübarizə sahəsində bir çox layihələr həyata keçirmişik.Güclü bir komandamız var və mən onlara güvənirəm.



Komandanız neçə nəfərdən ibarətdir?

Komandamız 18 nəfərdən ibarətdir. Lakin bunlardan əlavə, xeyli sayda könüllülərimiz də var.

Hər birinə məvacib ödənilir?

İşçilərin maaşı layihə olduğu təqdirdə layihəyə ayrılan vəsaitdən maliyyələşir. Adi vaxtlarda işimizi könüllü surətdə görürük. Hazırda layihəmiz yoxdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə Ağsu rayonunda 3 ildir ki, tenderi uduruq. Bu rayonda çətin həyat şəraiti olan uşaqlar üçün günərzi mərkəzi yaratmışıq. Həmin mərkəzin fəaliyyəti dekabrın sonuna qədər idi. İndi yeni tender elan olunmalıdır. Həmin tenderdə iştirak etmək üçün sənədlərimizi hazırlayıb təqdim edəcəyik.

Aldığınız qrantlar sizə kifayət edir?

Tam olaraq bəs eləməsə də, bəzi mühüm işləri görə bilirik. Aldığımız son qrantın hesabına 3 müxtəlif bölgədə - Zaqatala, Balakən və Qusar rayonlarında insan alverinə qarşı mübarizə ilə bağlı tədbirlər keçirdik. Həmçinin, son üç ay ərzində 15 nəfər insan alveri qurbanının hüquqi müdafiəsini təşkil etdik. Hətta fürsətdən istifadə edib həmin rayonlarda monitorinqlər də keçirdik. Bir sözlə, aldığımız qrantlardan müxtəlif layihələr icra edərək maksimum şəkildə yararlanmağa çalışırıq.

Xaricdən qrant aldığınız olub heç?

Mən heç vaxt xarici donorlardan qrant almamışam. Biz dövlətlə, polis orqanları ilə əməkdaşlıq edən bir qeyri-hökumət təşkilatıyıq. Xarici donorlara isə dövlət əleyhinə fikirlər səsləndirən QHT-lər lazımdır.



Qeyd etdiniz ki, ailədaxili münaqişələrin səbəbini araşdırmaq üçün sorğular keçirirsiniz. Sizcə, ailələr niyə dağılır?

Bizim güclü ailə institumuz olub. Bu gün çalışırıq ki, o institutu bərpa edək. Qeyri-hökumət təşkilatları dövlət orqanlarımızla birgə bu istiqamətdə müvafiq işlər görür. Birdən görürük ki, çox xırda səbəblərə görə ailələr dağılır. Təbii ki, ailədaxili münaqişələrin yaranmasında kifayət qədər ciddi səbəblər də mövcuddur. Çox təəssüf ki, bəzi ailələr planlaşdırılmadan qurulur. Təsadüfi tanışlıqlar, erkən və məcburi nikahlar sonda ailələrin dağılmasına gətirib çıxarır. Ta qədimlərdən mövcud olan qaynana-gəlin, gəlin-baldız münasibətləri, yaxud da uşağın olmaması kimi hallarda da ailələr çox vaxt dağılır. Lakin bu münasibətləri tənzimləmək mümkündür. Bunun üçün bölgələrimizi məhəllə-məhələ gəzirik. Xüsusən də yay vaxtlarında monitorinqlər zamanı rayonlarda xanımlarla söhbət edirik. Onlara sual veririk ki, kim oğul evləndirmək istəyir. Biri cavab verir ki, evləndirmək istəyir. Biz isə sual veririk ki, oğlunuz buna hazırdımı? Yəni bu cür müşahidələr aparmaqla problemdən çıxış yolu axtarırıq. Araşdırmalarımız göstərir ki, ailə quran cütlüklər arasında çox vaxt intellektual və psixoloji uyğunsuzluqlar olur. Bu da ailələrin dağılmasında əsas səbəblərdən biridir. Bəziləri göstərməyə çalışır ki, ailələrin dağılmasında iqtisadi problemlərin də rolu var. Lakin mən bununla qətiyyən razı deyiləm. İqtisadi amillər ailədaxili münaqişələrin yaranmasında sonuncu yerdə dayanan səbəblərdəndir. Gənc ailələrin dağılmaması üçün valideynlərin üzərinə böyük öhdəlik düşür. Ana öz övladını əvvəlcədən hazırlamalıdır. Ona izah etməlidir ki, o, başqa evə gəlin köçür və həmin evin qayda-qanunlarına əməl etməlidir. Yəni gəlin özünü köçdüyü evə uyğunlaşdırmalıdır. Oğlanın valideynləri də gənc ailənin qurulmasında öz dəstəyini nümayiş etdirməlidir.

Erkən nikahların sayında azalma, yoxsa artım var?

Çox şükürlər olsun ki, bu gün erkən nikahların sayı azalıb. Hətta deyərdim, yox dərəcəsindədir. Əvvəllər dini nikahlar çoxluq təşkil edirdi. Yəni rəsmi nikah olmadan ailələr qurulurdu. Lakin artıq rəsmi nikah olmadan dini nikahlara icazə verilmir. Məhz buna görə erkən nikahların sayında ciddi şəkildə azalma müşahidə olunur.

Sizcə, mental dəyərlərimiz insan hüquqlarına ziddir?

Bəzən bu məsələdə çaşqınlıq yaranır. Mental dəyərlərimiz həmişə olmalıdır. Bizim tarixən mövcud olan ailə dəyərlərimiz hüquqla tənzimlənməlidir. Avropaya inteqrasiya etməliyik, amma öz dəyərlərimizi də qoruyub saxlamalıyıq. Elə dəyərlərimiz var ki, hər şeydən üstündür.

Bəs, qadına qarşı olan mənfi münasibət, kişilərin qadınlara qarşı zorakı davranışı? Hətta belə bir deyim var: “Kişi qadını döyər də, sevər də”.

Mən bunu qəbul etmirəm. Kişi ümumiyyətlə qadını döyməməlidir. Əslində mental dəyərlərimizin kökünə varanda kişinin qadını döyməsi kimi halların olmadığını görürük.



Zorakılığa məruz qalan qadın sizə müraciət etdikdə ilkin mərhələdə nələri edirsiniz?

Əvvəlcə onun evinə gedirik, oturub qadın və kişi ilə ətraflı söhbət edirik. Məsələni ətraflı araşdırdıqdan sonra onları psixoloji söhbətə cəlb edirik. Getdiyimiz evdə dəfələrlə döyülmək təhlükəsi ilə üz-üzə qalmışıq. Biz çalışırıq ki, sülh yolu ilə problem öz həllini tapsın.

Azərbaycanda insan alverinə qarşı mübarizədə vəziyyət nə yerdədir?

Azərbaycanda insan alverinə qarşı mübarizə yüksək səviyyədə aparılır. Biz artıq bir koalisiya yaratmışıq. Rəhbərlik etdiyim təşkilat 45 qeyri-hökumət təşkilatını birləşdirən bir koalisiyanın üzvüdür. Hər birimiz bu sahədə çox böyük işlər görürük. Bizim təşkilat 8 dekabr 2016-cı il tarixində hesabat verib. Təkcə ötən il ərzində 84 nəfər insan alveri qurbanlarına və potensial qurbanlara yardım etmişik. Bunlardan 43 nəfər insan alveri qurbanı olub. Onlara hüquqi məsləhətlər vermişik, məhkəmədə hüquqları müdafiə olunub. Təkcə 15 nəfərin hüquqlarını bizim təşkilat müdafiə edib. Dövlətimizin də gördüyü işlər göz qabağındadır. İllər əvvəl insan alverinin qurbanları olanlar da bizimlə əlaqə saxlayır və onlara lazımi yardımı göstəririk. Bir sözlə, insan alveri ilə mübarizədə çox böyük addımlar atılır. Gördüyümüz işlər ABŞ-ın Dövlət Departamentinin hesabatında da öz əksini tapır.

Ümumiyyətlə statistika nələri deyir? İnsan alverinə qarşı mübarizədə əvvəlki illərlə müqayisədə irəliləyiş varmı?

Azərbaycanda 2005-ci ildə insan alveri ilə mübarizə sahəsində qanun qəbul olundu. Bu barədə Milli Fəaliyyət Planı hazırlandı. Həmin plana uyğun olaraq sığınacaq açıldı, insan alveri qurbanları üçün fond yaradıldı. Sığınacaqda uşaqlar, böyüklər və məcburi əmək qurbanları üçün, cinsi istismar qubanlar üçün xüsusi şərait yaradıldı.



Ölkədə insan alveri qurbanları üçün lazımi şəraiti olan sığınacaq varmı?

İnanın ki, Azərbaycanda insan alveri qurbanları üçün yaradılmış sığınacaq dünyanın heç bir ölkəsində yoxdur. Sığınacaqlarda insan alveri qurbanlarının reabilitasiyadan keçməsi üçün hər bir şərait yaradılmışdır. İnsan alveri qurbanları bu sığınacaqda qida ilə, geyimlə təmin olunurlar. Onlar sığınacaqda qaldıqları müddətdə psixoloji hüquqi yardım alır, vəkillə təmin olunurlar. Əvvəllər insan alveri qurbanlarını qeyri-hökumət təşkilatlarının hüquqşünasları müdafiə edirdisə, Cinayət Prosessual Məcəlləyə edilən dəyişiklikdən sonra onları Vəkillər Kollegiyasının üzvü olan vəkillər müdafiə edir. Hər bir insan alveri qurbanı vəkillə təmin olunur. Vəkillər də insan alveri ilə mübarizə sahəsində ixtisaslaşmış hüquqşünaslardır. İnsan alveri qurbanlarına dəyən maddi zərər ödənilir və qarşı tərəf cinayət məsuliyyətinə cəlb olunur. İnsan alverçilərinə qarşı cəzalar da sərtləşdirilib. İnsan alverinə qarşı mübarizəni gücləndirmək üçün 14 nazirliyi birləşdirən İşçi Qrupu yaradılıb. Səhiyyə Nazirliyinin müəssisələrində onlar pulsuz müayinə olunur. Ümumiyyətlə insan alveri qurbanlarına bütün xidmətlər pulsuz göstərilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında insan alveri qurbanları üçün yardım mərkəzi fəaliyyət göstərir. Həmin o mərkəz tərəfindən insan alveri qurbanı olmuş şəxslər müvafiq peşə sahəsinə istiqamətləndirilirlər.

Reabilitasiya dövrü insan alveri qurbanlarına nə verir?

Bəzən insan alveri qurbanlarına münasibət birmənalı olmur. “Özü gedib”, “Özü bu həyatı seçib” şəklində deyimlər də formalaşıb. Lakin bu, düzgün yanaşma deyil. Biz insan alveri qurbanları ilə söhbət edərkən anlayırıq ki, onlar ciddi psixoloji travma alıblar. Reabilitasiya dövründə onlara psixoloji yardım göstərilir. Insan alveri qurbanlarına reabilitasiya dövrünün ardından sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün güzəştli şərtlərlə kreditlər də verilir.

Bəzən elə olur ki, insan alveri qurbanları reabilitasiyadan sonra yenidən bu yola qayıdırlar. Bu kimi hallarla qarşılaşmamaq üçün nələri etmək lazımdır?

Biz çalışırıq ki, insanları ailələrinə qaytaraq. Praktikamızda olan bir hadisəni sizə danışım. 3 nəfər qız rəfiqələri tərəfindən aldadılaraq xarici ölkəyə aparılmış və nəticədə insan alveri qurbanına çevrilmişdilər. Onlar ölkəyə qayıtdıqdan sonra ikisinin ailəsi anladı ki, övladlarının günahı yoxdur. Hazırda həmin qızlardan biri evlənib, digəri isə özünə uğurlu karyera qurub. Lakin üçüncü qız bütün cəhdlərimizə baxmayaraq, düzgün yolla getmədi. Yəni biz əlimizdən gələni edirik. Çoxları düzgün yola qayıdırlar. Lakin elələri də olur ki, yüngül həyatı seçirlər.



Bu sahədə dövlət qurumlarından yetərli dəstəyi ala bilirsinizmi?

Əlbəttə ki, alırıq. Sizi inandırım, müvafiq dövlət qurumları olmasa, biz heç bir iş görə bilmərik. Polis orqanlarına müraciət etmişəm ki, təşkilatımızın fəaliyyəti ilə bağlı bizə yardım etsinlər. Dəfələrlə mənə gecə saatlarında müraciətlər daxil olur. Polis orqanları tərəfindən bizə istiqamətləndirilmiş uşaqlar, qadınlar olur və təşkilatımız onları dərhal sığınacaqla təmin olunmasına yardım edir. Yəni hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyət göstəririk.

Həbsxanaya düşən qadınlara münasibət birmənalı olmur. Onların həbsxanadan sonrakı həyatlarında cəmiyyətə reinteqrasiyası üçün nələr edilməlidir?

Bəli, belə hallar mövcuddur. Bu problemdən əziyyət çəkən qadınlar da bizə müraciət edir. Onların cəmiyyətə qayıdışı üçün əlimizdən gələni edirik. Təbii ki, bu qadınlar bəzi hallarda ailələri tərəfindən qəbul olunmur. Bu, əslində məhbus həyatı yaşayan qadınlar üçün ciddi problemdir. Qadın törətdiyi əmələ görə artıq öz cəzasın çəkibsə, onu yenidən həmin həyata qayıtmağa məcbur etməməliyik.

İnsan alverçiləri daha çox öz qohumlarını, tanıdıqları insanları tələyə salırlar. Bunun səbəbi nədir?

İnsan alverçiləri çalışırlar ki, insanların zəif nöqtəsini tapsınlar. Buna görə də onlar yaxından tanıdıqları insanları, qohumlarını bu yola cəlb edirlər.
İnsan alveri qurbanları içərisində sizi ən çox təsirləndirən hadisədən danışardınız...
Gözəl bir xanımın yaşadığı dəhşətli həyat mənim heç vaxt yadımdan çıxmayıb. Bu xanım aldadılaraq Pakistana aparılmışdı. Ata-anası olmayan bu qızın xəstəliyi var imiş. Qonşuları nənəsinə bildirib ki, onu aparıb müalicə etdirəcəklər. Lakin Pakistanda bu qızı cinsi istismara məruz qoyublar. Bu xanımın dərisi sümüyünə yapışmışdı. Damarları açıq-aşkar görünürdü. O, etiraz əlaməti olaraq qida qəbul etmirmiş. Onu döyə-döyə yedizdirirmişlər. Zorla kosmetika çəkirmişlər ki, hansısa müştərinin xoşuna gəlsin. Heç nə yemədiyi üçün halı getdikcə pisləşib. Öləcəyindən qorxaraq bu qadını özlərindən uzaqlaşdırıblar. Sonradan həmin qadın tapılaraq Azərbaycana ekstradisiya olundu. Ölkədə uzun müddət müalicə olunduqdan sonra əvvəlki həyatına qayıtdı. Hazırda tanınmış bir şirkətdə çalışır.

Həbsə düşmüş insan alverçilərinə münasibət necə olur?

İnsan alverçilərinin həbsxana həyatı ilə maraqlanmamışam, lakin onu bilirəm ki, cəmiyyətdə onlara münasibət birmənalı olmur. Elə olub ki, insan alverçiləri həbsdən çıxdıqdan sonra mənə müraciət də ediblər. Onları düzgün yola istiqamətləndirmişəm, hətta bəzilərini işlə də təmin etmişəm.

Bəzən qadın insan alverçiləri hamilə qalmaqla məsuliyyətdən yaxa qurtarmağa çalışırlar. Belə hallarla qarşılaşırsınızmı?

Əlbəttə, elələri var. Lakin burada məsuliyyətdən yaxa qurtarmaqdan söhbət gedə bilməz. Belə ki, uşağın 8 yaşı tamam olduqdan sonra onlar müəyyən olunmuş cəzanı çəkmək məcburiyyətindədirlər. Yəni cəzadan yayınmaq mümkün deyil.

Fahişəlik və insan alverinin fərqləri nələrdir?

İnsan alveri şəxsiyyətin azadlığı əleyhinə olan cinayətdir. Fahişəlik isə mənəviyyat əleyhinə olan əməldir. İnsan alveri transmilli mütəşəkkil cinayətkarlığın növüdür və mahiyyət etibarilə, müasir köləlik formasıdır. Fahişəlikdə isə köləlik mövcud deyil. İnsan alverinin törədilmə məqsədi istismardır. Lakin fahişəlikdə məqsəd gəlir əldə etməkdir. İnsan alveri ağır cinayətdir, lakin ehtiyyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə və ya digər digər ağır nəticələrə səbəb olduqda xüsusilə ağır cinayət hesab olunur. İnsan alverinin qurbanları mülki, inzibati və cinayət məsuliyyətindən azad edilirlər. Fahişəlikdə isə İnzibati Xətalar Məcəlləsinin 524-cü maddəsinə əsasən, 100 manat məbləğində cərimə edilirlər. İnsan alveri qurbanları azadlığı məhdudlaşdırılmış, iradəsi ziddinə xidmət göstərməyə məcbur edilən kişi və qadınlardır. Fahişəliyə cəlb olunanlar isə könüllü olaraq fahişəliklə məşğul olan, yaxud da əxlaqsız həyat tərzi sürən qadınlardır.

Dünyanın bir çox ölkəsində fahişəlik leqallaşdırılıb. Azərbaycanda gələcəkdə fahişəliyin leqallaşdırılması mümkündür?

Mən bunu heç vaxt istəməzdim. İnanmıram ki, nə vaxtsa ölkəmizdə fahişəlik leqallaşdırıla.

İnsan alverçiləri öz əməllərinə nə ilə haqq qazandırırlar?

Hər bir cinayət törətmiş şəxs çalışır ki, öz əməlinə haqq qazandırsın. Elə insan alverçiləri var ki, törətdiyi əməlin cinayət olmasından xəbərsizdir. Elələri də olur ki, qurbanına pul qazandırmaqla yaxşı bir iş gördüyünü düşünür. Lakin çoxu şüurlu surətdə bu əməli törədir.

Digər ölkələrdə insan alverinə qarşı mübarizə üçün tanınmış simaların iştirakı ilə videoçarxlar hazırlanır. Ölkəmizdə buna nədənsə nadir hallarda rast gəlinir...

Bizdə də tez-tez o cür videoçarxlar hazırlanır. Millət vəkillərimizin də iştirakı ilə bir çox maarifləndirici layihələrimiz olub.

Ümumiyyətlə ölkəmizdə insan alverinə qarşı mübarizədə çatışmayan nəsə var?

Hesab edirəm ki, ölkəmizdə insan alverinə qarşı mübarizə ən yüksək səviyyədə aparılır. Deyərdim ki, heç bir çatışmazlıq yoxdur. Həm dövlət, həm də qeyri-hökumət təşkilatlarımız tərəfindən bu sahə daima diqqət mərkəzindədir. Bu sahədə İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin gördüyü işlər təqdirəlayiqdir.

Ceyhun Əhmədli
Fotolar: Elvin Abdulla

Femida.az

Açar sözlər:

Oxunub: 8820